I Dünya Müharibəsindən sonra bütün dünyanı əhatə edən yeni müharibənin qarşısını almaq üçün Millətlər Cəmiyyəti quruldu və hər ölkədən bir nümayəndə təmsil olundu. Cəmiyyətin nizamnaməsinin 22-ci maddəsi “müharibədən sonra müstəqillik əldə edən və özünü idarə etmək iqtidarında olmayan xalqların yaşadıqları ölkələrə özlərini idarə edə biləcək səviyyəyə gələnə qədər Cəmiyyət adından mandator təyin olunması” qaydasını leqallaşdırdı. Bu, xoşniyyətli yardım kimi təqdim edilsə də, “gücsüz” ölkələrin istismarı üçün verilmiş ilk qanuni qərar idi.
Millətlər Cəmiyyətinin səriştəsizliyini görmək üçün çox deyil, 19 il keçməsi kifayət idi. II Dünya Müharibəsi kimi böyük müharibənin olması nəinki Cəmiyyəti dağıtdı, yürüdülən siyasətin də yanlış olduğunu göstərdi. 53 milyon insanın həyatını itirdiyi II Dünya Müharibəsindən sonra daha əsaslı birlik qurmaq lazım idi. Birləşmiş Millətlər Cəmiyyəti məhz bu zərurətdən yaranmışdı.
Millətlərin sülh üçün bir dam altında toplaşması daima təqdir edəcəyimiz və dəstəkləyəcəyimiz təşəbbüsdür. İttifaq qarışıqlığın yaranmasının qarşısını almaqla yanaşı, eyni zamanda dövlətləri müəyyən qanunlar çərçivəsinə salır və bu qanunlara tabe edir.
Lakin böyük məqsəd naminə qurulmuş BMT kimi bir qurum öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmək üçün formalaşdırdığı bürokratiyaya məhkum olmamalıdır. Aşıla bilməyən sərhədlər, qəbul edilə bilməyən qərarlar, həll edilə bilməyən müharibələr BMT-nin bu gün öhdəsinə götürdüyü vəzifələri həyata keçirməsinə əngəl olur. Bu birliyin qurulması, bəlkə də, III Dünya müharibəsinin qarşısını almışdır, lakin hazırda dünya regional müharibə burulğanının içərisindədir. BMT sülhməramlı qüvvələri isə ayrı-ayrı bölgələr üzərində və qismən qazanılmış uğurlardan başqa bu mövzuda heç nə edə bilmir.
BMT-nin beynəlxalq münaqişələrə müdaxiləsi adətən silahlı toqquşmaların başlamasından sonra olur və lazımi sülh şəraiti təmin edilə bilmir. Yaxın Şərq münaqişələri eyni tempdə davam edir. BMT çərçivəsində həll edilməyə çalışılan məsələlər daim bürokratik əngəllərlə qarşılaşır. BMT Təhlükəsizlik Şurası 9 il sonra ilk dəfə bu il sentyabr ayında “Myanma ordusunu qınama” məsələsində ortaq qərar qəbul edə bildi. Bu qınama isə nə Arakan müsəlmanlarına həll yolu gətirdi, nə də mövcud qətliamları dayandırdı. Dünya sülhü üçün birləşmiş belə bir önəmli qurum üçün bu, çox acınacaqlı haldır.
Bu il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında iştirak edən 193 üzv ölkənin liderləri BMT-nin 1945-ci ildə qurulduğunu və artıq dövrümüzün tələblərini ödəmədiyini bildirərək islahatların həyata keçirilməsini tələb etdilər. İslahat mövzusunu ən çox dilə gətirən ABŞ prezidenti Donald Tramp 2000-ci ildən etibarən BMT-nin büdcəsində 140%, işçi qüvvəsində isə iki dəfə artım olmasına baxmayaraq, son illərdə BMT-nin bürokratiya və yanlış idarəçiliyə görə öz potensialına tam olaraq çata bilmədiyini qeyd etdi.
BMT-nin Baş Katibi Antoniu Quterreş isə: “Gecələr yuxumu qaçırdan tək şey bürokratiyadır”, – deyərək BMT-nin düşdüyü bu çıxılmaz vəziyyətlə bağlı fikrini bildirdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə BMT-də islahatlara olan tələbi bu sözlərlə dilə gətirdi: “Biz Təhlükəsizlik Şurasının eyni hüquq və səlahiyyətlərə malik olan 20 ölkədən ibarət olmasını təklif edirik. Artıq II Dünya Müharibəsindən sonrakı dünya yoxdur. Bütün dünya ölkələrinin vəzifələndirildiyi bir BMT Təhlükəsizlik Şurasının bəşəriyyətin vicdanı olacağına ümid edirik”.
Braziliya dövlət başçısı Mişel Temer də “Bu gün BMT-yə hər zamankindən daha çox ehtiyacımız var. Lakin hələ də islahatlar gərəkdir”, – deyərək BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini tələb etdi.
Təhlükəsizlik Şurasındakı 5 üzvün veto hüququ dünyadakı müharibə məsələlərində qərarların qəbul edilməsinin qarşısını alır, həmçinin BMT-nin qurulma şərtləri, yəni öz bürokratiyası özünü yeniləməsinə icazə vermir. Müharibələrin qaçılmaz nəticəsi olan qaçqınlar isə BMT-nin köklü şəkildə həll edə bilmədiyi böyük problemlərdən sadəcə biridir. Bəzi dövlət başçıları Türkiyə, Livan kimi qapılarını qaçqınlara açan dövlətləri təbrik etməklə kifayətlənir, lakin BMT-nin bu mövzuda qərar qəbul etməməsi ilə bağlı heç nə edə bilmirlər. BMT hazırda milyonlarla dollar investisiya qoyulan, amma öz qaydalarının içində dolaşıb qalan bir düyünə çevrilib.
İllərdir gündəmə gələn və BMT-nin sülhməramlı qüvvələri haqqında çıxan bəzi utancverici ittihamlar humanitar müdaxilələrə olan inamla bağlı əsaslı şübhələr meydana gətirmişdir. Bu ilin sentyabr ayında İsveçin təklifi ilə Nyu-Yorkda baş tutan iclasda 75 ölkə BMT daxilində fəaliyyət göstərən əsgər və mülki şəxslərin qadın və uşaqlara qarşı cinsi istismarının qarşısını almaq üçün saziş imzaladı. İsveçin xarici işlər naziri Marqot Vallström saziş imzalandıqdan sonra “Bir cinsi təcavüz hadisəsi bütün BMT-ni qaralamaq üçün kifayətdir”, – deyə bildirdi.
Müharibələrin əksik olmadığı bu dövrdə, bəlkə də, ən aciz vəziyyət millətlərin öz qaydaları içində “divara sıxışmalarıdır”. Dünya üçün ümid olan BMT-nin belə bir bürokratiya içində qalması, bu quruma üzv olan böyük millətlərin daima islahatdan bəhs edib bu mövzuda heç bir addım atmamaları böyük problemdir. Dövlətlərin tarixi gedişatına görə konstitusiyalara düzəliş və əlavələr edildiyi kimi, BMT nizamnaməsi də eyni tənzimlənməyə möhtacdır. Bu, mümkün və zəruridir. Veto hüququnun aradan qalxması, problemli bölgələr üçün region ölkələrinin qərarına üstünlük verilməsi və soyqırm şübhəsi sübut edildikdə buna qarşı operativ və effektiv tədbirlər görülməsi BMT nizamnaməsində dəyişdirilməli olan əsas məsələlərdir. Bununla yanaşı, BMT-nin adını ləkələyəcək heç bir hadisənin baş verməməsi üçün təcili tədbir görülməsi şərtdir. Bunun üçün BMT-nin sülhməramlı qüvvələrinin xüsusi təlim alması və bu mövzuda çəkindirici cəzalarla qarşılaşacaqlarını bilmələri önəmlidir.
Dünya BMT kimi qlobal sülhü təmin edəcək ittifaqa möhtacdır. Hazırda belə bir qurum varkən onun təsir gücünü artırmaq bizim əlimizdədir.
Adnan Oktarın “The Jakarta Post”da yayımlanan məqaləsi:
http://www.thejakartapost.com/news/2017/10/04/loosening-un-s-neck-tie-and-its-impasse.html