BMT-nin sülhü qurumaq missiyası yenidən təsirli hala gətirilməlidir
ucgen

BMT-nin sülhü qurumaq missiyası yenidən təsirli hala gətirilməlidir

2018

Bir neçə ay əvvəl Tramp hakimiyyətinin BMT-yə tənqidləri və quruma edilən maliyyə yardımını azaldacaqlarını açıqlaması diqqətləri yenidən bu təşkilata və təşkilatın fəaliyyətinə çəkdi.
 
BMT-nin ən böyük tənqidçilərindən olan Tramp ABŞ-ın təşkilatın büdcəsindəki payının ədalətsiz olduğunu bildirmiş və "insanların bir araya gələrək danışıb yaxşı vaxt keçirdikləri klub" adlandıraraq qurumun qeyri funksionallığına diqqət çəkmişdi. Məlum olduğu kimi, ABŞ BMT büdcəsinə ən çox vəsait ayıran ölkədir. Təşkilatın iki illik əsas büdcəsinin 22%-ni və 7,3 milyardlıq sülh qoruma büdcəsinin 28,5%-ni qarşılayır.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT sülhməramlılarına etdikləri maddi yardımın yarım milyard dollardan çox azaltdıqlarını və bunun davamının da gələcəyini bildirdi. Heyli büdcədəki bu azaldılmanın münaqişə zonasındakı insanların müdafiəsinə ayrılacağını ifadə edərək çox mühüm bir mövzuya da işarə etdi.
 
Bəs, belə bir qərar qəbul edilməsinin BMT-nin fəaliyyətsiz və təsirsiz olduğu ilə əlaqələndirilməsinin səbəbi nə idi?
 
BMT-nin Nizamnaməsinə görə, təşkilatın ən əsas funksiyası beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Nizamnaməyə əsasən dünyanın hər hansı bir regionunda sülh və təhlükəsizliyi təhdid edən vəziyyət yarandıqda BMT dərhal müdaxilə edib sülhü təmin etmək üçün  tədbirlər görməlidir.
 
Sülh tədbirlərin kifayət olmadığı hallarda nizamnamə ilə birbaşa tənzimlənməsə də, ən çox müraciət edilən üsullardan biri hərbi müdaxilədir. Bu məqsədlə baş rolda BMT sülhməramlı qüvvələri çıxış edir.

Əvvəllər BMT-nin bir çox ölkələrarası böhranın aradan qaldırılmasında təsirli olduğu tarixi həqiqətdir. 1950-ci ildə Şimali Koreyanın Cənubi Koreyanı işğal etməsi, 1990-cı ildə İraqın Küveyti işğalı və buna bənzər bir çox hadisə zamanı BMT dərhal müdaxilə edərək böhran və münaqişələrin dayandırılmasında müvəffəq olmuşdur.
 
Lakin heç bir müdaxilə etmədiyi böhran və müharibələrin sayı da kifayət qədərdir. Əlcəzair (1954-1962), Süveyş (1956), Macarıstan (1956), Vyetnam (1946-1975), Çin-Vyetnam Müharibəsi (1979), Əfqanıstan (1979-1988), Panama (1989), İraq (2003), Gürcüstan (2008), Suriya (2012-hal-hazıradək) Yəmən (2015- hal-hazıradək) müharibələri bunlardandır.
 
BMT-nin gücsüzlüyünün və çarəsizliyinin ən əsas səbəbi kimi BMT Təhlükəsizlik Şurası və onun 5 daimi üzvünün veto hüququ göstərilir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan ibarət 5 daimi üzvü, habelə hər iki ildən bir dəyişən 10 daimi olmayan üzvü var.

5 daimi üzvdən hər hansı birinin veto etdiyi qərar Şuradan heç vaxt keçmir. Digər simvolik 10 üzvün isə veto səlahiyyəti yoxdur və daimi üzvlərin vetosuna riayət etməkdən başqa seçimləri yoxdur. Bunlardan fərqli olaraq BMT Baş Assambleyasının isə 193 üzvü var. Amma 193 üzvdən ibarət Baş Assambleyanın BMT-nin büdcəsini təsdiq etmək kimi bir neçə inzibati qərardan başqa faktiki və hüquqi mənada heç bir aktiv, sanksiya gücünə malik qərar vermə səlahiyyəti yoxdur.
 
Beləliklə, sözün əsl mənasında BMT sistemini idarə edən əsas qüvvə BMT Təhlükəsizlik Şurasıdır. Çünki embarqo, beynəlxalq müdaxilə və sülhməramlıları təsis etmə kimi əməliyyatların hamısında yekun söz BMT Təhlükəsizlik Şurasınındır.

Yuxarıda qeyd etdiyimiz müharibələrdə BMT-nin heç bir ciddi fəallıq nümayiş etdirməməsinin ən əsas səbəbi daimi üzvlərin veto və ya veto təhdidi göstərilir. Əlbəttə, veto hüququ yerində, ədalətli və qərəzsiz istifadə edildikdə müsbət mənada çox böyük gücdür. Ancaq praktikada bu səlahiyyətin bəzən ölkələrin öz milli maraqları üçün istifadə etdiyi və nəticədə BMT-nin sülhü qoruma və müharibələri dayandırmaq kimi ən əsas funksiyasının işləmədiyi  açıqdır.
 
BMT ilə bağlı başqa bir tənqid də Təhlükəsizlik Şurasının daimi üzvləri arasında 1,7 milyard müsəlmanı təmsil edən heç bir ölkənin olmamasıdır. İqtisadi, siyasi, hərbi baxımdan qlobal səviyyədə oyunçu ola bilən heç bir müsəlman ölkəsi Şurada təmsil olunmur.

Halbuki dünya miqyaslı böhran, müharibə, qarşıdurma, səfalət, zülm, yoxsulluq kimi fəlakətlər əsasən müsəlmanları hədəf alır. 1946-2010-cu il tarixləri arasında 1782 qərar qəbul edilmişdir. Bu qərarların 47%-i müsəlman və Yaxın Şərq ölkələri ilə bağlıdır. İslam Konfransı Təşkilatı 2005-ci ildə Şurada müsəlmanlara daimi yer verilməsinin zəruriliyini bəyan etmiş, lakin heç bir nəticə əldə olunmamışdır.
 
Sülhməramlıların yol verdikləri cinsi istismar cinayətlərinin son illər nəzərə çarpacaq dərəcədə artması da BMT-nin qanayan yaralarındandır. 2015-ci il ərzində BMT sülhməramlılarına qarşı yönəldilən 69 cinsi istismar ittihamı var. 2016-cı ilin yalnız ilk üç ayında sülhməramlıların törətdiyi iddia edilən cinayətlərin sayı 25-ə çatıb. Bu cinayətlərdən hüquqi olaraq kimin məsuliyyət daşıdığı da qeyri-müəyyəndir.

Əlbəttə ki, bütün bunlar BMT-nin etibarına xələl gətirən amillərdir. Görünən odur ki, BMT-nin Baş Katibi Antoniu Quterreşin də vurğuladığı kimi, "BMT sülhməramlı qüvvələrində islahatlar şərtdir". 

İlk öncə zülm və haqsızlığa məruz qalan məzlum insanlara qarşı sülh və təhlükəsizlik gətirmək missiyasını sui-istifadə etmək insanlıq əleyhinə cinayət sayılmalı, bunu edənlər isə sərt şəkildə cəzalandırılmalıdırlar.

Təkcə sülhməramlılar barədə yox, ümumiyyətlə       BMT-nin illərdir dünyanın ən böyük böhranları qarşısında passiv və təsirsiz qalmasına səbəb olan əngəlləri aradan qaldıran geniş miqyaslı islahatlar lazımdır. Bu mövzuda texniki və hüquqi aktları tənzimləmək məqsədilə üzv ölkələrin nümayəndələrindən ibarət komissiyanın birgə çalışması və əksəriyyətin razı olduğu qərarı qəbul etmək çox mühümdür. Təşkilatı təxirəsalınmaz hadisələr qarşısında hərəkətsiz edən "daimi üzvlük", "veto hüququ" kimi əsas məsələlər ən kiçik tıxanıqlığa, acizliyə və çözümsüzlüyə yol açmayacaq tərzdə yenidən formalaşdırılmalıdır.

Aparılan bu islahatlar və alınacaq köklü tədbirlərlə BMT-nin sülhü mühafizə etmək missiyası ən sürətli və səmərəli şəkildə yenidən fəaliyyət göstərməlidir. Çünki bütün ölkələrin aktiv, ədalətli, güclü, etibarlı BMT-yə ehtiyacı var.

Adnan Oktarın “New Straits Times”da yayımlanan məqaləsi:
https://www.nst.com.my/opinion/columnists/2017/10/290173/reform-un-peacekeeping-op

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo