Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allah'a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə surəsi, 71)
Bu ayədə Allah bütün möminlərin bir-birlərinin dostu və köməkçisi olduğunu, qadın və kişi bütün möminlərin yaxşılığı əmr etmək və pislikdən çəkindirmək vəzifəsinin olduğu bildirilir.
İman edənlərin ən əhəmiyyətli ibadətlərindən biri təbliğdir. Yəni insanları doğru yola çağırmaq, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək, onları Quran əxlaqına dəvət etməkdir. Bu ibadət, möminlərin gündəlik həyatlarının ayrılmaz parçasıdır. Möminlər, sözləri və davranışları ilə həyatlarının hər anında Allahın bildirdiyi din əxlaqını bir-birlərinə və digər insanlara izah etməklə və İslam əxlaqını təmsil etməklə öhdəlik daşıyırlar. Ayənin davamında möminlərin Allah'ın əmr etdiyi namaz, zəkat kimi ibadətləri yerinə yetirməklə yanaşı, Allah'a və elçilərə itaət etməyin əhəmiyyətinə də diqqət çəkilir.
İman sahibi insanın ən diqqətə çarpan xüsusiyyətlərindən biri ibadətlərinə qarşı çox diqqətli olmasıdır. Möminlər Allah'ın əmr etdiyi namaz, oruc, zəkat kimi ibadətlərini həyatları boyunca şövqlə davam etdirir. Məsələn, 5 vaxt namaz, möminlərə həyatları boyunca edilməsi əmr edilən, vaxtları təyin olunmuş ibadətdir. Bu ibadət möminin şüurunu və iradəsini canlı tutur, daima Allah'a yönəlməsini təmin edir və Rəbbimizin əmrləri istiqamətində həyatını davam etdirməsinə köməkçi olur.
Allah bu ayədə həmçinin möminlərə rəhmət edəcəyini vəd edir. Möminlər daima Allah'a güvənən, hər zaman Onu razı etməyi düşünən, ibadətlərini yerinə yetirən və Quran əxlaqından əsla güzəştə getməyən insanlardır. Bu səbəbdən Allah'ın sonsuz rəhməti, lütfü, qoruması və sevgisi həmişə onların üzərindədir. Bütün qüsurlardan uzaq olan Allah'ın sonsuz rəhmətinin və sevgisinin həmişə öz üzərində olduğunu bilmək, Allah'ın Cənnəti ilə mükafatlandırılmağı ümid etmək isə möminə fərəh və sevinc verir.