Ölümə tələsən erkək arılar
ucgen

Ölümə tələsən erkək arılar

2093

Arı ailəsində bütün arıların işi var. Tək istisna erkək arılardır. Erkək arılar nə pətəyin qorunmas;nda, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa demək olar ki, heç bir orqanları olmadığından, sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

 

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş, erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdikdən sonra arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

 

Ümumiyyətlə, bu aylar qoca ana arının yeni arı ailəsi qurmaq üçün pətəkdən ayrıldığı və pətəkdə yeni ana arıların yetişdirildiyi aylardır. Məhz bu dövrdə yeni yetişmiş ana arı yumurta qoymaq üçün cütləşmə uçuşuna çıxır. Bu da işçi arıların erkək arı yetişdirmə səbəblərindən biridir.

 

 

Xüsusi xidmət göstərən işçi arılar

 

Erkək arılar heç bir iş bacarmadıqları halda, ana arı ilə cütləşənədək işçi arılar onlara qayğı göstərirlər. Pətəkdə yaşayan və sayı 400-500-ə qədər olan erkək arılardan sadəcə birini bəsləmək üçün 5-6 işçi arı dayanmadan işləməlidir. Yəni pətəkdəki 2-3 min işçi arı müəyyən müddət erkək arıları bəsləyirlər.

 

Əslində, ana arının cütləşməsi üçün maksimum 10 erkək arı kifayətdir. Buna baxmayaraq, arı ailəsində yüzlərlə erkək arı yetişir. Pətəkdə iş çox olsa da, işçi arıların bir qismi bütün vaxtlarını ancaq erkək arıların bəslənməsinə sərf edirlər. Bu çox vacib vəzifədir. Çünki ana arı cütləşmək üçün uçanda, mütləq erkək arı tapmalıdır. Arıların cırcırama kimi düşmənlərinin olmasını və erkək arıların özünümüdafiə üçün zəhər və ya iynəsinin olmamasını nəzərə alsaq, onların çox olmalarının əhəmiyyətini anlayarıq. Heç bir işə yaramayan erkək arılar bir müddət tədbir olaraq pətəkdə saxlanılır . Əlbəttə ki, bu tədbirin məqsədi var. Məqsəd pətəyin davamlı olmasını təmin etmək və ana arıların cütləşməsini riskə atmamaqdır.

 

 Amma bir sual yaranır: Arılar bu mühüm qərarı necə verirlər? Onlar bu məsələni bir araya gələrək, birlikdəmi müəyyən ediblər?

 

 Yoxsa, bu işin bu şəkildə olmasını təsadüfən kəşf edib və bunun mükəmməl bir strategiya olduğunu müəyyən edib, davam etdirmək qərarını veriblər?

 

 Əlbəttə ki, arılar bunların heç birini özbaşlarına etmirlər. Arıların qərar mexanizmləri, strategiya müəyyən edib, sonra da onu həyata keçirmək şüurları yoxdur. Onlar da bütün canlılar kimi Allaha boyun əyiblər.

 

Erkək arıların sonu

 

Ana arı ilə erkək arı yüksək yerdə rastlaşırlar. Cütləşmə zamanı erkək arının sperma kisəciyi və bütün erkəklik orqanları bədənindən ayrılır. Onlar cütləşməni yerinə yetirdikləri an tələf olurlar. Ana arı ilə cütləşə bilməyən digər erkək arılar da çox yaşamırlar. Erkək arılar ancaq yazda və yayın əvvəlində yaşayırlar. Sonra işçi arılar tərəfindən yox edilirlər. Cütləşmə dövrü başa çatdıqda istilər artır, çiçəklərdəki şirə azalmağa başlayır və işçi arıların erkək arılara münasibəti dəyişir. Cütləşmə dövründə erkək arıların qayğısına qalan işçi arılar cütləşmə dövrü bitdikdən sonra erkək arılara hücum edərək onların qanadlarını qoparmağa başlayırlar. Onlar bir şey yemək istəsələr, işçi arılar onları qüvvətli çənələri ilə antenlərindən və ya ayaqlarından tutub, pətəkdən çölə atırlar. Pətəkdən qovulan erkək arılar ac qaldıqları üçün qısa müddət ərzində ölürlər, çünki qida axtarmaq qabiliyyətindən məhrumdurlar.

 

Arılar Allahın vəhyi ilə hərəkət edirlər

 

Bir canlının öz təhlükəsizliyini düşünmədən, birlikdə yaşadığı qrup uzvlərinin təhlükəsizliyini və rahatlığını təmin  etməyə çalışmasının ancaq bir açıqlaması ola bilər: Arı pətəyində gözlənilən nizam üstün ağıl sahibi bir yaradıcı tərəfindən müəyyən olunub. Bu yaradıcı pətəkdəki arılara ayrı-ayrı vəzifələr verib. Arılara nə edəcəklərini ilham edən uca yaradıcı Allahdır.

 

Bütün canlılar kimi erkək arılar da onları yaradan Allahın əmrinə itaət edərək cütləşmə uçuşuna çıxır və ölsələr belə pətəyin varlığını qoruyurlar.

 

Allah arıların başqa canlılar kimi Onun vəhyi ilə hərəkət etdiklərini ayələrində belə açıqlayır:

 

"Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör." (Nəhl surəsi, 68-69)

 

"… (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. " (Nəhl surəsi, 68-69)


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr