Yer üzündə yaşayan təqribən 7 milyard insanın hər birinin həyat tərzi, mədəni səviyyəsi, düşüncə tərzi, xarakteri bir-birindən fərqlənir. Yaşayan milyardlarla insanın az hissəsi mühüm həqiqətin fərqinə vararaq həyatına davam edir. Bu həqiqət bir-bir hər kəsin Allah`ın hüzurunda sorğu-sual olunacağıdır…
İnsanın gün ərzində özünə tez-tez nəzarət etməsi, əməlləri haqqında düşünməsi nə üçün vacibdir?
Milliyyətindən, təhsilindən, maddi vəziyyətindən, vəzifəsindən asılı olmayaraq, hər insan vaxtı çatdıqda Allah`ın hüzuruna çıxacaq və dünyadakı həyatına görə sorğu-sual olunacaq. Allah Quran ayələri ilə insanlara məhşər günü haqqında məlumat vermiş və onlara hər kəsin əməllərinin həssas tərəzilərlə ölçüləcəyini bildirmişdir:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.(Ənbiya surəsi, 47)
Allah`ın bir çox ayədə bildirdiyi kimi, insanların haqq-hesab verəcəyi gün mütləq gələcək. Allah`ın yolundan azanlara isə məhşər gününü unutduqlarına görə şiddətli əzab toxunacağı Quranda xəbər verilmişdir. Bu səbəbdən, insanın uca Allah`ın hüzurunda sorğu-sual olunmazdan əvvəl dünyada ikən özünü haqq-hesaba çəkməsi ölüm anında peşmançılıqdan xilas olmasına kömək edə bilər.
Möminlər pis haqq-hesabdan qorxduqlarına görə tez-tez özlərini haqq-hesaba çəkərlər
Bəşəriyyət tarixinə baxdıqda bir çox insanın bir gün sorğu-sual olunacağını unudaraq bu mühüm həqiqətdən xəbərsiz qəflətdə yaşadıqlarını görürük. Ancaq az sayda insan, yəni möminlər uca Allah`ın gücünü və qüdrətini təqdir edir, bir gün mütləq məhşər günü ilə qarşılaşacaqlarını bilərək və pis haqq-hesabdan qorxaraq yaşayırlar. Möminlərin bu qorxusu Quranda “…Rəbbindən və pis haqq-hesabdan qorxurlar”(Rəd surəsi, 21) şəklində bildirilir.
İman gətirənlərin Allah`dan qorxması və axirətdə haqq-hesaba çəkiləcəklərini düşünməsi onları hər an gözəl əxlaqlı olmağa təşviq edir. Eyni zamanda, Allah`ın rizasını qazanmaq üçün ciddi çalışmağa və daima nəfslərini haqq-hesaba çəkməyə vadar edir.
Möminlər Allah`a qarşı səmimiyyətlərinə görə özlərini sorğu-sual edərlər
İman gətirən insan Allah`ın əmr etdiyi ibadətləri yerinə yetirə bilər. Əlindən gələni edər, gün ərzində bir çox işdə ciddi cəhd göstərib bütün gücünü sərf edə bilər. Ancaq uca Allah`a qarşı səmimiyyətində çatışmazlıq olması, Allah`a qarşı soyuq, uzaq, məsafəli olması (Allah`ı tənzih edirik) onu məhşər günündə məhv edə bilər. Çünki bu böyük çatışmazlıq insanın həm dünyada, həm də axirətdə heç gözləmədiyi vəziyyətlə qarşılaşmasına səbəb olan təhlükədir. Bir möminin dua etmək üçün Allah`a üz tutduğu, Allah`a yalvardığı, tövbə edib bağışlanma dilədiyi, Allah`dan nemət istədiyi, kimsənin bilmədiyi sirlərini, gizli hisslərini, istəklərini, sıxıntılarını Allah`a bildirdiyi anlar ən səmimi olduğu anlardır. Bir insan belə anlarda da içində soyuqluq, məsafə, səthilik, sünilik saxlayırsa, bununla bağlı özünü ciddi haqq-hesaba çəkməlidir. Çünki uca Allah Quranda çox çalışdıqları halda, əməlləri puç olanların vəziyyətini xatırladaraq insanları məhşər günü belə bir təhlükəyə qarşı xəbərdar etmişdir:
(O gün) bir çox üzlər zəlil görkəm alacaq; zəhmət çəkib boş yerə yorulacaq;(Ğaşiyə surəsi, 2-3)
İman gətirənlər isə deyəcəklər: “Sizinlə bərabər olacaqlarına dair Allah`ın adı ilə möhkəm and içənlər bunlardırmı?” Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldular.(Maidə surəsi, 53)
Mömin gün ərzində etdikləri ilə bağlı özünü daima haqq-hesaba çəkər
Gün ərzində etdiyimiz hər şeyə – düşüncələrimizə, söhbətlərimizə, üslubumuza, rəftarımıza, hadisələrə münasibətimizə, qısası, bütün əməllərimizə görə sorğu-sual olunacağıq. Allah`ın hüzuruna çıxarıldıqda dünya həyatında keçirdiyimiz hər anımızdan məsul olacağıq.
İmam Rəbbani bu mövzu ilə bağlı belə xatırlatma etmişdir:
“Allah sirlərinin qüdsiyyətini (müqəddəsliyini) artırsın; məşayihdən (şeyxlərdən) bir camaat özlərini haqq-hesaba çəkmək yolunu üstün tutmuşlar. Əməl dəftərlərini hər gecə yatmazdan əvvəl mütaliə edərlər. Hətta gündəlik sözlərini, hərəkətlərini, duruşlarını, davranışlarını belə gözdən keçirərlər. Təfsilatı ilə onların həqiqətini anlamağa çalışarlar. Qüsurları varsa, onları düzəltməyə çalışarlar. Seyyiatlarından (pis əməllərindən) belə tövbə, bağışlanma, iltica (sığınma), təzərrü (qüsurlarını bilib təkəbbürdən əl çəkib təvazökarlıqla yalvararaq) Əziz, Qaffar Allah`a yalvarıb xilas olmaq istəyərlər. Faydalı əməlləri üçün uca Allah`a həmd və şükür edərlər. Etdikləri yaxşı əməlləri belə uca Haqqın ehsan etdiyi müvəffəqiyyətlə əlaqələndirərlər”. (“Mektubat-ı Rabbani”, 310-cu məktub)
Odur ki, İmam Rəbbaninin də tövsiyə etdiyi kimi, mömin peşman olacağı hərəkətləri etməmək üçün Allah dərgahındakı əsl haqq-hesabdan əvvəl daima öz nəfsini haqq-hesaba çəkər. Ancaq bu şəkildə Allah`ın hüzurunda peşman olmayacağı əxlaqa yiyələnər, məhşər günündə asanlıqla haqq-hesab verə bilər.
Mömin Quranı tam həyata keçirib-keçirmədiyi ilə bağlı özünü haqq-hesaba çəkməlidir
Allah`a iman gətirən bir insan, əvvəla, onu yaradan Rəbbimizə qarşı vəzifələrinin nə olduğunu öyrənməlidir. Bunu öyrənmək üçün mənbə Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Allah seçib-bəyəndiyi dininin hökmlərini, hədlərini Quranda bütün insanlara bildirmişdir. İnsanlar ancaq Allah`ın əmr etdiyi hökmləri tam yerinə yetirdikdə xilas ola bilərlər. Axirətdə bu hədləri şövqlə qoruyan, bütün həyatı boyu onu yaradan Allah`ın rizasını qazanmağa çalışan bir möminlə Allah`ın hədlərini qulaqardına vurub nəfsinin istəklərinə görə yaşayan insanın sonu eyni olmaz.
Allah Quranda necə quldan razı qalacağını təfsilatı ilə açıq-aydın bildirmişdir. Ona görə, bir mömin ən böyük məsuliyyətinin Quranın hökmlərini həyatının hər anında yerinə yetirmək olduğunu bilir. Bu səbəbdən, ayələri bir-bir düşünüb bu ayələri həyatına tətbiq etməkdə qüsuru və ya tənbəlliyi varsa, özünü haqq-hesaba çəkməli, Quran əxlaqına tabe olmaqda ciddi cəhd göstərməlidir. Allah məhşər günü insanları Qurana tabe olub-olmadıqlarına görə haqq-hesaba çəkəcəyini bildirmişdir:
Buna görə də sən özünə vəhy olunandan yapış. Həqiqətən, sən düz yoldasan! Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün zikrdir. Siz (necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız! Zuxruf surəsi, 43-44)
Allah insanın özünü haqq-hesaba çəkməsi üçün vicdanı yaratmışdır
İnsan yaşından və olduğu mühitdən asılı olmayaraq etdiyi hərəkətin, dediyi sözün, ağlından keçirdiyi fikrin doğru və ya yanlış olduğunu vicdanı ilə asanlıqla anlayır.
Vicdanını dinləyən hər insan xətalı cəhətlərini, etməli və etməməli hərəkətləri, hətta daha gözəl əxlaqa necə yiyələnməyi də görə bilər.
Əgər insan daima əxlaq və hərəkətlərini nəzərdən keçirib özünü sorğu-sual edərsə və vicdanının göstərdiyi yanlışlarını dərhal düzəltməyə çalışarsa, dünya və axirətdə Allah`ın razı qaldığı insan ola bilər. Ancaq özünü daima üstün görərək səhvlərini görməzsə, Allah qorusun, Allah dərgahında hesabını verə bilməyəcəyi ağır yük altına girə bilər. Sonra geri dönüşü mümkün olmayan böyük peşmançılıq çəkməkdənsə, insan daima vicdanını yoxlamalı və daha gözəl, daha mükəmməl əxlaqa yiyələnmək üçün çalışmalıdır. Öz nəfsini daima haqq-hesaba çəkən, səhvlərinə görə bağışlanma diləyən və hər işində uca Allah`a üz tutan mömin axirətdə asan haqq-hesaba çəkilməyi və cənnət əhlindən olmağı ümid edə bilər. Allah bir ayədə belə buyurur:
Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar. (İsra surəsi, 19)
Mömin iman gətirdiyi anda həyatının hər anını Allah`ın rizasını qazanmaq üçün keçirməyə qərar vermişdir. Həmin andan etibarən maddi-mənəvi hər yöndən imani şövqlə ciddi cəhd edər. Ancaq möminin mühüm bir xüsusiyyəti də imanını əsla kafi hesab etməməsidir. Çünki insanın həyatının son anına qədər hər an imanını daha da dərinləşdirmə imkanı var. Bu səbəbdən, hər gün, hər saat, hər an bir daha niyyət etməli, imanını təzələməli, hər saniyə Allah`ın razı qaldığı əməllər etməyə qərar verməlidir. Bu barədə özünü tez-tez haqq-hesaba çəkməlidir.