Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf surəsi, 55-56)
Allahın bütün insanların Rəbbi olduğu kimi, sizin də Rəbbiniz olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi ilk öncə Allahdan istəməli olduğunuzu unutmayın.
Dua insanı Allaha səmimi olaraq yaxınlaşdıran vacib ibadətlərdən biridir. Bütün insanlar duaya möhtacdır. Dua möminlərin həyatlarının ayrılmaz bir parçası olduğu halda, digər insanlar üçün ancaq çətinliklər vaxtı, təhlükələrlə qarşı-qarşıya qaldıqları zaman yada düşür. Təbii ki, yalnız müəyyən mənfəəti əldə etmək üçün edilən dua Allah Qatında məqbul qarşılanmaya bilər. Çünki əsas olan həm rahatlıq zamanı, həm də darda olan zaman Allahdan yardım istəməkdir. Çünki dua edən insan Allaha qarşı acızliyini, Allah istəmədən heç bir şeyə gücü çatmadığını anlayan insandır.
Dua özü ilə birlikdə Allaha təslimiyyəti də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər bir hadisədə kainatın yaradıcısı və hakimi olan Allahı vəkil edib. Bir problemi həll etməyin və ya qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi Allaha bağlı olduğunu bilmək, bütün işlərində Allahı vəkil etmək, sadəcə Ona dua etmək mömin üçün fərahlıq və güvən mənbəyidir.
Amma əlbəttə burada yanlış bir anlayışı da vurğulamaq lazımdır. Bir insanın bütün işləri üçün Allaha dua etməsi demək, heç bir şey etmədən oturub gözləməsi mənasına gəlmir. İnsan qarşılaşdığı hər şeyin Allahın nəzarətində olduğunu bilib bunun rahatlığını yaşamalı, amma eyni zamanda Allahın ona həll yolu olaraq göstərdiyi səbəbləri də ən gözəl şəkildə tətbiq etməlidir. Allaha həqiqətən səmimi dua edən bir insan Onun qoyduğu qaydalara görə əməli duasını da etməlidir. Əməli dua insanın hər hansı bir arzusuna çatmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə olan bir insanın həkimə getməsi, dərman içməsi, özünə diqqət etməsi, sağalmaq üçün gördüyü işlər əməli duadır. Bütün bunlarla yanaşı Allahın ona şəfa verməsini istəməsi sözlü duadır. Buna görə də əməli dua sözlü dua ilə birlikdə edilməli olan əsas ibadətlərdəndir.
Dua edərkən səmimi olmağı unutmayın. Çünki Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. Dua Allaha çatmağın ən asan yoludur. İnsanın içindən keçirdiyi heç bir fikir Allahdan gizli qalmır. Ancaq insanların çoxu Allahın bütün dualara, istəklərə şahid olduğunun fərqində deyil. Onlar zənn edirlər ki, dua etdikdə Allah bəzilərini eşidir, bəzilərini eşitmir və ya eşitsə də cavab vermir. Bu çox yanlış fikirdir. İnsanın içindən keçən hər fikrə, dili ilə ifadə etdiyi hər istəyə Allah şahiddir və qarşılıq verir. Quranda bu həqiqətə bu şəkildə diqqət çəkilib:
Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)
Unutmayın ki, səmimi olaraq Allahdan bir şey istəmək üçün insanın yalnız düşünməsi kifayətdir. Allaha çatmaq bu qədər asandır.
İnsan çox tələskən varlıqdır. Belə ki, bu səbəbdən Quranda Allah "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" (Ənbiya surəsi, 37) ayəsi ilə insanın bu cəhətini bildirir. İnsanın bu tələskənliyi bəzən dualarına da yansıyır. Dua etdiyi zaman dərhal duasına qarşılıq verilməsini istəyir. Halbuki sizin üçün nəyin xeyirli olduğunu bilən Allahdır. «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» ayəsi bunu insana xəbər verir. Ona görə Allahdan bir şey istəyən zaman Ondan hər şərtdə razı olmaq, səbirlə gözləmək lazımdır. Bəlkə dua edərək tələb etdiyiniz şey sizə xeyir verməyəcək. Ona görə Allah onu sizə vermir. Bəlkə də o xeyirə nail olmağınız üçün müəyyən bir kamilliyə çatmağınız, bunun üçün də müəyyən vaxtın keçməsi lazımdır. Bəlkə Allah sizə daha da xeyirli bir başqa nemət verəcək, amma səbrinizi və sədaqətinizi sınayır. Duada səbir etməyin lazım olduğunu Allah «Bəqərə» surəsində xəbər verir:
Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir. (Bəqərə surəsi, 45)
Unutmayın ki, duada səbir göstərmək mömini kamilləşdirir, güclü iradə və xarakter qazandırır. Duasının qarşılığını isə dərin mənəvi ruh əldə edərək alır ki, bu ruh istədiyi şeylərin bir çoxunu əldə etməsindən daha dəyərlidir.
Allahı lazımınca təqdir etməyən insanlar Allahın dualarına cavab verəcəyinə şübhə edirlər. Mömin dua etdiyi zaman Allahın onu eşitdiyini və hər duasına necə olursa-olsun cavab verəcəyini bilir. Çünki hadisələrin nəzarətsiz və təsadüfi şəkildə deyil, Allahın təyin etdiyi qədərə görə baş verdiyinin fərqindədir. Ona görə duasına qarşılıq görməməsi kimi bir şübhəsi yoxdur. Siz Allahın köməyindən əsla şübhəyə düşmədən, qəbul olacağına qəti iman edərək Allaha dua etməyi unutmayın və mütləq surətdə Allaha güvənin. Çünki Allah qullarının Özünə yaxın olmasını istəyir. Sizi yalnız bir su damcısından yaradan, kainatı yoxdan var edən Allah üçün sizin duanıza qarşılıq vermək çox asandır. Elə isə etməniz lazım olan tək şey inanaraq və səbirlə istəməkdir.
Duanın xüsusiyyəti Allah ilə qulu arasında xüsusi bir bağlılıq olmasıdır. İnsan bütün dərdini və istəklərini Allaha açır, Ona yalvarır, Allah isə duanı eşidir və duaya qarşılıq verir. Bu səbəbdən Quranda dua heç bir qəlibə salınmamışdır. "…ayaq üstə olanda da, uzananda da Allahı zikr edin…" (Nisa surəsi, 103) ayəsi insanın hər vəziyyətdə və hər şəraitdə hər hansı fiziki bir qəlibə girmədən Allahı anıb, Ona dua edə biləcəyini göstərir. Önəmli olan forma deyil, insanın səmimiyyətdir.
Dua üçün müəyyən bir məkan da yoxdur. Bazarda, küçədə, maşının içində, məktəbdə, iş yerində, qısası, hər yerdə dua edə biləcəyinizi unutmayın. Ancaq önəmli olan dua əsnasında zehninizi bütün boş düşüncələrdən təmizləməniz və Allahın yaxınlığını hiss etməyinizdir.
Duasız bir həyatın Allah Qatında hər hansı bir dəyəri olmayacağını da unutmayın. Belə ki, «Furqan» surəsinin 77-ci ayəsində insanlar "Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?" ifadəsiilə xəbərdar edilirlər. İnsan qulluq şüurunda olduğu müddətcə Allah Qatında bir dəyər qazana bilər. Buna görə insan Allaha yönəlməli, xətalarını Allaha etiraf etməli və sadəcə Allahdan kömək istəməlidir. Bundan başqa bir davranış forması Allaha qarşı təkəbbürlənməkdir ki, Allah Quranda bunun cəzasının sonsuz cəhənnəm olduğunu bildirir.
Allahın mərhəmətlilərin ən mərhəmətlisi olduğunu əsla unutmayın. Allah Quranda xəta edənin Özündən bağışlanma diləməsi halında, heç bir günah ayırımı etmədən insanı əfv edəcəyini bildirir (Nisa surəsi, 110). Bu səbəbdən siz də dua edərkən Allahın əsirgəyən və bağışlayan isimlərini düşünün və ümidlə Ona dua edin.
Etmiş olduğunuz xəta və bu səbəbdən çəkdiyiniz vicdan əzabı nə qədər böyük olsa da, bu Allahın bağışlamasından ümid kəsməyiniz üçün bir səbəb deyil. Buna paralel olaraq insanın xəta və günah etdiyi üçün düşdüyü ruh halı onun ümidlə dua etməsinə əngəl olmamalıdır. Çünki Quranda təkcə kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi bildirilir:
... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)
Bundan əlavə heç kimin "cənnətlik olma" kimi bir qarantiyasının olmadığını da unutmayın. Heç kim Allahın əzabından əmin ola bilməz. Bu səbəbdən insan duasında, bir yandan Allahın rəhmətini ümid edərkən, bir yandan da Onun razılığını itirməkdən qorxmalıdır. Cənnətə qovuşmaq üçün nə qədər istəkli şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Allahın böyüklüyünü hiss edən, onun əzabından qorxan və rizasını qazanmaq istəyən insan üzrəyindən gələn səmimi sözlərlə Allaha yönəlir. Eyni şəkildə özünü Allah təslim etmiş, dost və yardımcı olaraq Allaha etibar edən insan, hər bir sıxıntısını və dərdini Rəbbimizə açar. " …Mən dərd-sərimi yalnız Allaha ərz edirəm…" (Yusuf surəsi, 86) deyən hz. Yaqub kimi, bütün sıxıntılarını və tələblərini Allaha bildirər, hər kömək və xeyri Allahdan istəyər.
Təkcə dünya nemətləri istəyərək edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu da unutmayın. Möminlərin əsas məqsədi cənnətdir. Allah ancaq dünyanı istəyənə dünyanı verir, amma axirətdə bu insanlar ümid etdikləri qarşılığı görməyə bilərlər. Allah bunu ayələrində bu şəkildə xəbər verir:
… İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər. Belə şəxslərin qazandıqlarına görə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir! (Bəqərə surəsi, 200-202)
Cahiliyyə insanlarının ən bariz xüsusiyyətlərindən biri özlərinə bir sıxıntı gəldiyi zaman hər şeyi bir kənara buraxıb Allaha dua etmələri, sıxıntıları keçdiyi zaman da sanki dua edən onlar deyilmiş kimi Allahı unutmalarıdır. Yəni Allaha "son çarə" olaraq yönəlmələridir. Bu nankor davranış Quranda bu şəkildə bildirilir:
İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunus surəsi, 12)
Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. (Yunus surəsi, 22-23)
Halbuki insanın həyatında Allaha möhtac olmadığı bir an belə yoxdur... Bu səbəbdən siz Allahın bir ayəsində bildirdiyi kimi "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində" (Əraf surəsi, 205) dua etməyi əsla unutmayın və Allaha dua etməyənlərin sonunun əbədi cəhənnəm əzabı olduğunu da əsla yaddan çıxarmayın. Bu həqiqət bir ayədə bu şəkildə xəbər verilir:
Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir surəsi, 60)