Adnan Oktar: İslam dünyaya sevgi və fikirlə hakim olacaq
ucgen

Adnan Oktar: İslam dünyaya sevgi və fikirlə hakim olacaq

2444

İslam gözəllik, sevgi, qardaşlıq, sülh, nəzakət, mərhəmət, bağışlayıcılıq dinidir.Bir insanın gözəl şəkildə xəyal etdiyi nə varsa, hər şey İslamda cəmləşib. Bütün bunların yaşanması üçün dini Allah’ın bizdən istədiyi kimi yaşamalıyıq. Bu da  sadəcə Qurana tabe olmaqla mümkündür.

Allah müsəlmanlara Qurandan məsul tutulacaqlarını bildirmişdir:

"Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız." (Züxruf surəsi, 44)

Yer üzündə zülmlərin bitməsini istəyən, müsəlmanların layiq olduqları şəkildə yaşamalarını tələb edən, Peyğəmbərimizin (səv) yolu ilə gedən hər bir insan kimlərinsə fikirlərinə görə deyil, Allah’ın Quranda əmr etdiklərinə görə yaşamalıdır.

Rəsulallahın (səv) ümməti barəsində tək şikayəti Quranı tərk etmiş olmaları idi:

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək.(Furqan surəsi, 30)

Bu gün İslam aləmi şiddətlər yaşayırsa, müsəlmanlara bir çox yerdə dəyər verilmirsə, İslam dünyasında kasıblıq və yoxsulluq geniş yayılıbsa, müsəlmanlar başqalarını günahlandırmağa başlamazdan əvvəl “Görəsən, harada səhv edirik?” deyə düşünməlidirlər. Bu sualın isə Peyğəmbərimizin (səv) söylədiyi kimi yeganə cavabı var: Qurandan uzaqlaşmaq.

Gəlin birlikdə dəccaliyətin müsəlmanlara qarşı oynadığı oyununu pozaq. Birlik olub Allah’ın endirdiyi nur kimi tərtəmiz Kitabımızdan möhkəm yapışaq, Allah’ın bizdən istədiyi kimi gözəl əxlaq göstərək, çalışqan, diqqətli, bağışlayıcı, təvazökar, sevgi dolu, əzimli və qərarlı olaq. Gəlin birlikdə şiddətin deyil, sevgi ruhunu hakim qılıb İslamın dünyanı aydınlatmasına vəsilə olaq. Birlikdə müharibələri, qarşıdurmaları, anlaşılmazlıqları ortadan qaldıraq, qardaş olaq, dost olaq və Rəsulallahın (səv) bu dövrün müminlərinə müjdəsi olan hz. Mehdi üçün (əs) ən gözəl mühiti hazırlayaq.

Müsəlmanların mübarizəsi fikirlə, təbliğlə olmalıdır

Peyğəmbərimizin (səv) həyatına və Qurana baxdıqda müsəlmanların hər zaman elm və gözəl sözlə mübarizə aparmalı olduqlarını görürük. Müsəlmanlar zülmə məruz qalsalar da, insanlara doğrunu çatdırmaqla, təbliğ etməklə məsuliyyət daşıyırlar. Heç danışmadan, nədənsə bəhs etmədən, təbliğ etmədən müharibə yolunu seçmək Qurana uyğun davranış deyil. Müsəlmanlar təbliğ etməklə vəzifəlidirlər. Təbliğ edərkən isə olduqca nəzakətli, sevgi dolu, şəfqətli və səbirli üslubdan istifadə etməlidirlər. İslamda sərt, kobud, barbar üsluba yer yoxdur. Şərtlər nə olursa olsun, qarşıdakı insan kim olursa olsun, müsəlman sevgi və şəfqətlə dini təbliğ etməlidir.

Peyğəmbərimiz Məkkəli müşriklərə Əbu Cahilə, Əbu Ləhəbə, Həcc mövsümündə qurulan yarmarkalara gələn bütün qəbilələrə və ziyarətçilərə, xristian və yəhudi cəmiyyətlərinə dini təbliğ etmişdir. Qarşısındakı insanların cəmiyyətdəki mövqeyinə, İslam dininə münasibətlərinə, düşüncələrinə, həyat tərzlərinə, əxlaqlarına, geyimlərinə görə ayrıseçkilik etmədən dəfələrlə, çox müxtəlif və hikmətli üslublardan istifadə edərək onları tək olan Allah’a iman gətirməyə çağırmışdır. “Bu insanla danışmaq olmaz, o insana təbliğ edilməməlidir” deyə bir davranış nümayiş etdirmək düzgün deyildir.

Hz. İbrahim (əs) dövrünün ən azğın, qəddar, zalım insanı olan Nəmruda Allah'ın varlığından və təkliyindən bəhs etmişdi. Hz. Musa (əs) o dövrün müsəlmanları hesab olunan İsrailoğullarının oğlan uşağını öldürən, onlara ağılasığmaz işgəncələr verən Fironun yanına gedib onu Allah'ın dininə tabe olmağa çağırmışdı. Allah hz.Musaya (əs) bunu edərkən Firona “xoş söz” söyləməsini əmr etmişdi:

"Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”. Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!"(Taha surəsi, 43-46)

Allah hz. Musa (əs) və hz. Harunu (əs) o dövrün ən əxlaqsız, ən azğın, ən şiddətli, İslama qarşı ən böyük düşmənçilik hissi bəsləyən birinə təbliğ etməyə göndərmişdir. Hz. Musa (əs) və hz. Harun (əs) o dövrdə dinsizliyin və əxlaqsızlığın mərkəzi olan fironun sarayına gedərək ona təbliğ etmişdilər. Üstəlik, Allah firon kimi din düşməni olan birinə qarşı “yumşaq söz” söyləməyi əmr etmişdi.

Quranın Peyğəmbərimizə (səv) vəhy olunması tam 23 il çəkmişdir. Bu müddətin ilk 13 ilində müsəlmanlar Məkkədəki bütpərəst sistem içərisində sayca azlıq təşkil edir, çox böyük təyziqlərə məruz qalırdılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri öldürüldü, bir çoxunun evi və mal-mülkü talan edildi, daima təhqir və təhdidlərlə qarşılaşdılar. Buna baxmayaraq, müsəlmanlar şiddətə əl atmadan yaşamağa davam etdilər və bütpərəstləri hər zaman sülhə dəvət etdilər.

Nəticədə bütpərəstlərin təyziqləri dözülməz hala çatdıqda müsəlmanlar sərbəstliyin və mehribanlığın hökm sürdüyü Yəsrib şəhərinə hicrət edərək burada öz hakimiyyətlərini qurdular. Öz siyasi sistemlərini bu yolla yaratdıqdan sonra belə Məkkənin təcavüzkar bütpərəstlərinə qarşı silaha əl atmadılar.

Dində məcburiyyət yoxdur

Bir insana Allah'ın Qatından hidayət olaraq endirdiyi İslam dinindən bəhs olunarsa, o, öz istəyi ilə iman gətirər, heç bir təyziq və məcburiyyət altında qalmadan qərar verər.İnsan doğrunu və ya yanlışı seçməkdə müstəqildir.Əgər yanlışı seçərsə, axirətdə bunun qarşılığını alacaq.Yəni qarşılığı verəcək olan insanlar deyildir, Allah'dır.

Quranın bu mövzu haqqında belə buyurulub:

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir.Hər kəs tağutu inkar edib Allah’a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir."(Bəqərə surəsi, 256)

Bir insan müsəlman olması üçün dini və Allah'ı ağlı ilə qavramalı və qəlbən təsdiq etməlidir. Xidmət etdiyi zaman da nə üçün etdiyinin şüurunda olmalıdır. İslam dini qəlbən qəbul edilməli, qəlbən istənməlidir. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayəsində açıqlamışdır. Məsələn, 5 vaxt namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmaldır və ya malından infaq edən (Allah yolunda xərcləmək) bir insanın bu ibadətinin Allah Qatında keçərli olması bu sədəqəni istəyərək ve sevərək verməsindən asılıdır.

Bu səbəbdən dinin hökmlərinə riayət etmədiyi üçün bir insan cəzalandırılmamalı, ona bu hökmlərə uyması üçün gözəl sözlə təbliğ edilməlidir. İnsanlara dini yaşamaları üçün cəza və təzyiq edilsə, İslam deyil, münafiqlik yaranar. Təyziq altında möminlər deyil, münafiqlər yetişər. Münafiqliq isə Allah’ın cəhənnəmin ən dərin yerinə layiq gördüyü olduqca rüsvayedici mövqedir. Müsəlmanlar münafiqliyə deyil, səmimi imana vəsilə olmalıdırlar. Bu da ancaq sevgi dolu rəftar, ağıl və elmi dəlillərə əsaslanan izahatla mümkündür.

Peyğəmbərimiz (səv) dini təbliğ edərkən insanlar üzərində təzyiq yaratmırdı

Bir ayədə “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın” (Kəhf surəsi, 29deyə buyurulur və Rəbbimiz Peyğəmbərimizə (səv) “Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?” (Şuəra surəsi, 3) şəklində səslənmişdir. Qaf surəsində isə Allah elçisinə belə xəbərdarlıq edir

“Biz onların nə dediklərini yaxşı bilirik.Sən onları məcbur edən deyilsən.Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!”(Qaf surəsi, 45)

Bir başqa ayədə isə Peyğəmbərimizə (səv) insanları iman gətirmələri üçün məcbur etməməsi bu şəkildə bildirilmişdir:

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi.İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?”(Yunus surəsi, 99)

Əgər bir sistem insanları inanca və ibadətə məcbur edərsə, belə vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar, daha doğrusu dindar kimi görünərlər. Dində doğru olan isə tamamilə sərbəst şəkildə vicdanlı şəkildə qərar verib Allah rızası üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimizə (səv) belə buyurur:

“Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üstündə hökmdar deyilsən.“Lakin üz döndərib küfr edəni Allah ən şiddətli əzabla cəzalandırar.“Şübhəsiz ki, onların dönüşü Bizədir.” Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.”(Ğaşiyə, 21-26)

Dinə dəvət edərkən gözəl sözlü olmaq lazımdır

Ayənin əmri ilə müsəlmanlar İslamdan bəhs edərkən və imanı sevdirərkən sözün ən gözəlindən istifadə edirlər. Qarşılarındakı insanı incitməyən, müsəlmanlara qarşı qəlbində sevgi yaradan bir üslubla din əxlaqından bəhs edərlər. Çünki müsəlmanlara qarşı qəlbində sevgi yaranan bir insanın onları bu qədər gözəl əxlaqlı hala gətirən inanc sisteminə qarşı da içində bir maraq və sevgi yaranacaqdır. Beləliklə də, gözəl söz onun qəlbini İslama açan əhəmiyyətli səbəb olacaqdır.

Müsəlman iman gətirməsini istədiyi insana sadəcə təbliğ etməklə, Allah'ın varlığını, Quranın Allah'ın haqq kitabı olduğunu, hz. Məhəmmədin (səv) onun elçisi olduğunu, axirətin və hesab gününün olduğunu, İslam əxlaqının gözəlliklərini bildirməkdən məsuldur. Allah Peyğəmbərimizin (səv) yalnız təbliğatçı olduğunu Nəhl surəsində bu şəkildə bildirir:

"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır." (Nəhl surəsi, 125)

Allah gözəl sözlü olmağı sevir:

"Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allah’a məxsusdur.Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.” (Fatir, 10)

"Allah’ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar."(Ibrahim surəsi, 24-25)

Allah cana qıymağı haram qılmışdır.

İslamda haqsız yerə bir cana qəsd etmək haramdır. Rəbbimiz Quran ayələrində bunu qəti hökm olaraq bildirmişdir:

“Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” (Maidə surəsi, 32)

Allah bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır bir cinayət olduğunu xəbər vermişdir. Allah'ın bildirdiyi hədlərini qoruyan insanın nəinki minlərlə günahsız insanı qətl etmək, hətta tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən gizlənərək cəzadan xilas olacaqlarını düşünənlər öldükdən sonra axirətdə Allah'ın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Məhz bu səbəbdən öldükdən sonra Allah'a hesab verəcəklərini bilən möminlər böyük diqqətlə Allah'ın hədlərini qorumağa davam edirlər.

“Onlar Allah ilə yanaşı başqa məbuda yalvarmaz, Allah’ın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.” (Furqan surəsi, 68)

Tək bir insanın belə günahsız yerə öldürülməsi bütün insanların ölümünə bərabərdirsı, şiddətə əl atıb öldürərək, qətl edərək müəyyən bir nizam yarada biləcəklərini iddia edənlərin nə qədər böyük bir cinayət törətdikləri göz önündədir. Allah şiddəti müdafiə edən bu zalım insanların axirətdəki qarşılığını belə bildirir:

“Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır.” (Şura surəsi, 42)

Allah həddi aşanları sevmir

Müsəlmanlara lazımsız yerə fitnə törətməmələri və ya şiddətə əl atmamaları əmr olunmuşdur. Müsəlmanlara ancaq hücuma məruz qaldıqları zaman müdafiə məqsədli müharibə aparmağa icazə verilir və bu müharibədə həddi aşan rəftar göstərməkdən çəkinməklə məsuliyyət daşıyırlar:

“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”(Bəqərə surəsi, 190)

Müsəlmanlara hər cür ifrat haram qılındığı kimi Allah Quranda inananlara müsəlman olmayan insanlara qarşı da yaxşı davranmalarını əmr edir:

“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir...” (Mumtəhənə surəsi, 8-9)

Bir müsəlman müsəlman olmayan hər kəsə qarşıya yaxşılıqla davranmalı, yalnız İslama qəti düşmən olanları dost tutmamalıdır.

Yenə də Quranda müharibədə əsir alınanların bağışlanılması və sərbəst buraxılması nəsihət edilmişdir. Müharibə şəraitində əsir götürülənlər varsa, özləri ac olsa belə müsəlmanlara əvvəlcə əsirləri doyurmaları əmr edilmişdir:

“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.”(İnsan surəsi, 8)

Allah cinayət törədildiyi zaman qisas haqqı vermiş, ancaq günahkarı bağışlamağın daha xeyirli olduğunu bildirmişdir. Müsəlmanın üzərinə düşən isə Allah rızası üçün ən xeyirlisini seçməkdir. Allah cinayət törədildiyi zaman belə bağışlamağı xeyirli gördüyünə görə  müsəlmanların əsas yerinə yetirməli olduğu hökm budur. Yəni əsas olan şiddətə şiddətlə deyil, bağışlayıcı rəftar göstərməklə qarşılıq verməkdir.

Bu bir həqiqətdir ki, son bir neçə əsrdə dünyanın hər yerindəki müsəlmanlar bəzi Qərb qüvvələri və ya onların əlaltıları tərəfindən zülmə məruz qalıblar. Bu qüvvələr tərəfindən dəstəklənən təyziqlər də müsəlman cəmiyyətlərinə böyük fəlakətlər yaşatmışdır. Lakin müsəlmanlar bu vəziyyəti Qurana görə analiz etməli və ona uyğun rəftar etməlidirlər. Quranda heç vaxt zülmə qarşı zülmlə cavab verilməsinə icazə verilməmişdir. Əksinə, Allah ayələrində müsəlmanlara “pisliyə qarşı yaxşılıqla cavab vermələrini” əmr edir:

“Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.”(Fussilət surəsi, 34)

Müsəlmanların onlara tətbiq olunan zülmə reaksiya vermələri və onu törədənlərə buğz etmələri doğru olandır.Amma bu, heç vaxt şiddətli nifrətə, ədalətsizcə yaşanılan düşmənçiliyə çevrilməməlidir. Allah bu mövzuda müsəlmanları “(Vaxtilə) sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin...”(Maidə surəsi, 2) deyərək xəbərdar etmişdir.

Belə ki, “dünyadakı məzlum millətlərin təmsilçiliyi” iddiası ilə ortaya çıxaraq digər millətlərin günahsız insanlarına qarşı şiddət göstərməyin İslamla heç bir əlaqəsi yoxdur.

Bunu da qeyd etmək lazımdır ki, bəzi Qərb qüvvələrinin müsəlmanlara qarşı yuxarıda bəhs etdiyimiz zülm və təyziqləri bütünlüklə Qərb bölgəsinin deyil, 19-cu əsrdə hakim olan materialist, dindən kənar fəlsəfə və ideologiyaların günahıdır.Avropa müstəmləkəçiliyi öz əsasını xristian dinindən götürmür.Bunlar dindən kənar toplumlar tərəfindən yaradılmış və ən böyük vəhşiliklərini 19-cu əsrdə “sosial darvinizm”lə gücləndirən ideologiyalardan qaynaqlanır. Bu gün Qərb dünyasında hələ də zalım, təxribatçı, mübahisə edən ünsürlər olduğu kimi, xüsusilə, xristianlıqdan qaynaqlanan sülh, ədalət tərəfdarı, yaxşılıq etməyi sevən mədəniyyətlər də mövcuddur. Əslində, dünyadakı əsas fikir ayrılığı Qərb və İslam dünyası arasında deyil, həm Qərbdə, həm də İslam dünyasında dindarlar ilə din əleyhdarları (materialistlər, ateistlər, darvinistlər və s.) arasındadır.

Allah həlim və bağışlayıcı olanı sevər

Müsəlmanların ən əsas xüsusiyyətləri təvazökar, bağışlayıcı və sevgi dolu olmalarıdır. Bütün peyğəmbərlərin ən diqqət çəkən xüsusiyyətlərindən biri də budur. Müsəlmanlar Allah’ın razı qaldığı elçiləri özlərinə örnək götürməlidirlər. Belə ki, hər müsəlman eynilə Rəsulallah (səv) və digər peyğəmbərlər kimi həlim və bağışlayıcı olmalıdır.

“Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir.”(Bələd surəsi, 17-18)

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”(Tövbə surəsi, 128)

“Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allah’dan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allah’a təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.”(Ali-İmran surəsi, 159)

“Xoş söz demək və xətaları bağışlamaq minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.” (Bəqərə surəsi, 263)

“Əgər bir xeyiri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir.” (Nisa surəsi, 149)

“Həqiqətən, İbrahim həlim, Allah’a çox yalvaran və Ona üz tutan biri idi.” (Hud surəsi, 75)

Peyğəmbərimiz (səv) də möminlərə mərhəmətli, bağışlayıcı və həlim olmalarını buyurmuşdur:

“Mərhəmət edin, mərhəmət olunasınız.Bağışlayın, bağışlanasınız. Heyif, söz aparıb-gətirənlərə.Heyif, günahlarını bilərək yenə də davam edib bağışlanmaq istəməyənlərə.” (Ramuz Əl Hadis, 1-ci cild)

“Allah rəfiqdir (mərhəmətli və şəfqətli), mülayimliyi sevir və mülayimliyə qarşılıq olaraq verdiyini başqa heç bir şeylə verməz” (Kütübi Sitte Muhtasarı Tercüme ve Şerhi, 7-ci cild)

“Həlimlik hər işi mütləq gözəlləşdirər. O, bir şeydən götürülsə, onu çirkinləşdirər.”(Müslim; Əbu Davud)

İbn Ömər (rə) Rəsulallahın (səv) belə buyurduğunu rəvayət etmişdir: “Kobud davranana yumşaq rəftar edərək, verməyənə verərək şərəfi Allah Qatında axtarın.”(Kütübi Sitte; [1:73, Hədis No: 43])

Allah yaxşılıq etməyi əmr edir

Müsəlman Allah'ın əmrlərinə uyan, Quran əxlaqını diqqətlə yaşamağa çalışan, dünyanı gözəlləşdirən, iman gətirən, sülh və rahatlıq yaradan insandır. Məqsədi insanlara gözəllik, yaxşılıq, xeyir bəxş etməkdi. Qəsəs surəsində belə bildirilir:

“...Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir.”(Qəsəs surəsi, 77)

İslam dinini yaşayan bir insanın məqsədi Allah'ın rızasını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də çox ciddi səy göstərməli, Allah'ın razı qaldığı əxlaqı dünya həyatında ikən qazanmalıdır. Bu əxlaqın ən əsas xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, dürüstlük, bağışlayıcılıq, təvazökarlıq, incədüşüncəlilik, fədakarlıq və səbrdir. Mömin insanlara qarşı gözəl davranmalı, xeyir işlərdə yarışmalı, yaxşılıq edib fədakarlıq göstərməlidir. Allah ayələrdə belə buyurur:

“Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.” (Hicr surəsi, 85)

“Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.”(Nisa surəsi, 36)

“...Yaxşılıq etməkdə və Allah’dan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allah’dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.”(Maidə surəsi, 2)

Allah iman gətirənlərdən insanlara qarşı gözəl davranmalarını, xeyir işlər görərkən bir-birlərinə kömək etmələrini, ara vurmaqdan uzaq durmalarını istəyir. Yaxşılıq edənləri “Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər...” ayəsi ilə müjdələyir, pislik edənlərə isə “Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.”(Ənam surəsi,160) şəklində xəbərdar edir.

Peyğəmbərimizin (səv) bütün bəşəriyyətə nümunə olan bu gözəl xüsusiyyətləri Tövbə surəsində belə bildirilir: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”(Tövbə surəsi, 128)

Müsəlmanlar Kitab əhlini qorumaqdan məsuldurlar

Quranda yəhudilər və xristianlar “Kitab əhli” olaraq adlandırılırlar.Bunun səbəbi hər iki dinin mənsublarının da Allah'ın vəhy etdiyi İlahi kitablara tabe olmalarıdır. Bu İlahi kitablar zaman keçdikcə müəyyən dəyişikliklərə məruz qalıblar. Lakin içlərində hələ də haqq olan bölmələr mövcuddur. Hansı bölmələrin haqq, hansılarının dəyişdirilmiş olduğuna isə Qurana baxaraq anlayırıq.

İslamın kitab əhlinə qarşı münasibəti olduqca adil və mərhəmətlidir.

İslam dininin kitab əhlinə qarşı ədalətli münasibəti hələ İslamın ilk yarandığı illərdə mövcud idi. Bilindiyi kimi, o dövrdə müsəlmanlar Məkkədəki bütpərəstlərin təyziq və işgəncələri altında inanclarını qorumağa çalışan kiçik bir cəmiyyət idi. Bu təyziqlərin şiddəti səbəbindən bəzi müsəlmanlar Məkkəni tərk etməyə, ədalətli rəhbərliyə sığınmağa qərar verdilər. Peyğəmbərimiz hz. Məhəmməd onlara Həbəşstandakı (indiki Efiopiya) xristian kral Necaşiə sığınmalarını söylədi. Bu nəsihətə uyan müsəlmanlar Həbəşistana getdikdikdə onları sevgi və hörmətlə qarşılayan olduqca ədalətli hakimiyyətlə qarşılaşdılar. Kral Necaşi özlərinə müsəlmanların təslim edilməsini istəyən bütpərəst elçilərin istəklərini rədd etdi və ölkədə müsəlmanların sərbəst yaşaya biləcəklərini açıqladı.

Allah Quranda müsəlmanların kitab əhli ilə Allah'a iman yolunda birləşə bildiklərini “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.”(Ənkəbut surəsi, 46) ayəsi ilə bildirir.

Hər cəmiyyətdə olduğu kimi Kitab əhli içərisində də yaxşı və pis insanlar vardır. Lakin pis insanların olması bütün cəmiyyətə düşmən münasibəti bəsləmək haqqı vermir. Əksinə, eynilə Peyğəmbərimizin (səv) etdiyi kimi müsəlmanlar Kitab əhlindən olan yaxşı insanlarla ittifaq etməlidirlər. Yanlış yolda olanları isə gözəl sözlə yaxşılığa dəvət etməlidirlər.

“Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah’ın ayələrini oxuyurlar.”(Ali-İmran surəsi, 113)

“Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allah’a müti olaraq həm Allah’a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah’ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.”(Ali-İmran surəsi, 199)

Allah Quranda müsəlmanların Kitab əhlinə qarşı necə münasibət göstərməli olduqlarını açıqlamış, həmçinin onlara necə təbliğ etməli olduğumuzu da bildirmişdir. Allah'ın hökmünə görə müsəlmanlar Kitab əhlini hər şeydən əvvəl “Bir olan Allah'a iman gətirməyə”, yəni tövhid inancına dəvət etməlidir.

“De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”“ (Ali-İmran surəsi, 64)

Müsəlmanlar onlara qarşı çıxan müşriklərdən birinin belə aman istədikdə onları qorumaq və himayə etməklə məsuldurlar.

“Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allah’ın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.” (Tövbə surəsi, 6)

Söhbət Allah'ın varlığına iman gətirən, göndərilmiş peyğəmbərləri sevən, Allah'dan qorxan, xüsusilə də, içlərindən “LailahəilAllah” deyən Kitab əhlindən gedirsə, bu insanlara qarşı sevgi dolu münasibət göstərilməlidir. Necə ki, Allah da onlara qarşı ən gözəl üslubdan istifadə etməyimizi istəyir:

“İçərilərindən zülm edənlər istisna olmaqla, Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.”” (Ənkəbut surəsi, 46)

Hz. Mehdi qan tökməyəcək

Axırzamandayıq. Rəsulallahın (səv) xəbər verdiyi bütün əlamətlər son 35 il içərisində reallaşdı. Həyata keçən 600-dan çox əlamət hz. Mehdinin vəzifəsinin başında olduğunu və çox yaxın zamanda Allah'ın iznilə onu görəcəyimizi göstərir. Hz. Mehdini (əs) sevən və gözləyən onun kimi əxlaq göstərməli, bu yolla ona ən gözəl şərait hazırlamalıdır. Peyğəmbərimiz (səv) Mehdinin (əs) sülh və sevgi insanı olduğunu bildirmişdir. Belə ki, saleh möminlərin də “Mehdi tələbəsi olmağı ümid edərək” sevgi və sülh insanı olmaları önəmlidir. Hədislərdə Mehdinin (əs) bu gözəl xüsusiyyəti belə xəbər verilir:

“İnsanlar bal arılarının başçılarının ətrafında toplandığı kimi hz. Mehdinin əhatəsində toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı ədalətlə doldurar.Ədaləti elə səviyyədə olar ki, yuxuda olan insan belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya sanki əsri səadət dövrünə geri dönər” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29 və 48)

“Hz. Mehdi (əs) Peyğəmbərin (səv) yolu ilə gedəcək. Yatan insanı oyatmayacaq, qan da axıdılmayacaq.” (Kıyamet Alametleri, s. 63)

“(Hz. Mehdinin) zamanında nə bir nəfər yuxusundan oyandırılar, nə də bir nəfərin burnu qanayar.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 44)

“Ona (hz. Mehdiyə (əs)) beyət edənlər (Kəbə ətrafındakı) rükun və məqam arasında beyət edərlər. Yatanı oyandırmaz, əsla qan tökməzlər.” (El-Heytemî, El-Kavlul Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 24)

Hz. Mehdinin (əs) dövründə müharibə başa çatacaq, ordular silahları və digər əşyaları (buraxacaqlar) tərk edəcəklər:

“Müharibə də (ərbabı) ağırlıqlarını (silahları və digər əşyaları) buraxacaq.” (Süneni İbn-i Mace, 10/334)

“Hərb (ərbabı) ağırlıqlarını (silah və s.) buraxar.” (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.496)

“Düşmənlik və kini də aradan qaldıracaq. Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allah'dan başqasına ibadət edilməyəcək. Müharibə də ağırlıqlarını buraxacaq.” (Sünen-i Ibn-i Mace, 10/334)

Hz. Mehdi (əs) dövründə düşmənlik, münaqişə və müharibələr bitəcək.

“Heç kəsin arasında düşmənlik hissi qalmayacaq. Bütün düşmənliklər, mübahisələr, münaqişələr mütləq yox olub gedəcək.” (İmam Şarani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s. 496
)

Hz. Mehdi (əs) dövründə yer üzü ədalətlə dolacaq.

“Zülmlə dolu olan dünya o (hz. Mehdi (əs)) gəldikdən sonra ədalətlə dolub daşacaq.” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, s. 20)

“Hz. Mehdi məndəndir. Yer üzü zülm və işgəncə ilə dolduğu kimi onu doğruluq və ədalətlə doldurar.” (Süneni-i Ebu Davud, 5/93)

Hz. Mehdinin dövründə sülh yer üzünə hakim olacaq

(Hz. Mehdi (əs) dövründə) düşmənlik və kini aradan qaldırılacaq. Zəhərli olan hər heyvanın zəhəri çıxarılacaq. Hətta kiçik oğlan uşağı əlini ilanın ağzına soxacaq, amma ilan ona zərər verməyəcək. Canavar qoyun-keçi sürüsünün içində sürünün iti kimi olacaq. Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allah'dan başqasına ibadət edilməyəcək. Müharibə də ağırlıqlarını tərk edəcək.” (Süneni İbni Mace, Kitabül fiten tərcüməsi ve Şerhi-Kahraman nəşriyyatı, cild. 10, Mütercim: Haydar Hatipoğlu, bab 33, s. 331-3359)

Onun (hz. Mehdi(əs)) dövründə canavarla qoyun birlikdə oynayacaq, ilanlar uşaqlara zərər yetirməyəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, s. 43)

İslamın sülh, sevgi və qardaşlıq dini olduğuna dair Quran ayələri:

“Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208)

“Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.” (Yunis surəsi, 25)

“...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Maidə surəsi, 32) 

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin.” (Hücurat surəsi, 10)

“Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz.Səbir edin, çünki Allah səbir edənlərlədir.” (Ənfal surəsi, 46)

“İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq”. (Məryəm surəsi, 96)

“Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah’a iman gətirirsiniz...” (Ali-İmran surəsi, 110)

“Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” (Əraf surəsi, 199)

Adnan Oktarın News Rescue'da yayımlanan məqaləsi:

http://newsrescue.com/islam-communicated-love-ideas/#axzz3N34K7p7G


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr