Tarixçilər arasında ümumi qəbul edilmiş fikir odur ki, ABŞ-ın dünya siyasətində söz sahibi olması prezident Vilsonun 1918-ci ildə Konqresdə elan etdiyi 14 prinsiplə başlayıb. Bu tarixdən etibarən ABŞ bəzən siyasi üstünlük əldə edərək, bəzən BMT-ni önə çəkərək, bəzən də iqtisadi sanksiyalarla dünya siyasətini formalaşdırdı. Ötən əsrdə ABŞ tərəfindən həyata keçirilən bir çox gizli əməliyyat da qəzet manşetində yer aldı.
ABŞ Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibələri, Əfqanıstan və İraq işğalları, Latın Amerikasındakı silahlı müdaxilələrlə dünya siyasətini istiqamətləndirməyi planlaşdırdı. Bu müdaxilələrdə beynəlxalq cəmiyyət, müttəfiqləri bəzən də BMT ilə birlikdə hərəkət etdi. Amma bu koalisiyaların aparıcı və hərəkətverici gücü həmişə ABŞ oldu.
Gözlənilənin əksinə silahlı müdaxilələrin bir çoxu uğur qazanmadı. Müharibənin üstündən 60 il keçməsinə baxmayaraq, Şimali Koreya hələ də nəzarətsiz gücdür və Koreya yarımadası dünyanın problemli nöqtələrindən biridir. 1991-ci il Körfəz müharibəsi Səddamın şiə və kürd qətliamları ilə nəticələndi. 2003-cü il İraq işğalı isə 2 milyon insanın həyatını itirməsinə baxmayaraq, bəşəriyyət üçün faydalı bir nəticə gətirmədi. Əksinə Əfqanıstan, İraq və Suriya əməliyyatlarından sonra dünya daha təhlükəli yer oldu. Kommunizmin yayılmasını dayandırmaq bəhanəsi ilə müdaxilə edilən Vyetnam, Laos və Kambocada kommunist hakimiyyətlər heç əskik olmadı. ABŞ silah və iqtisadi gücünə və dünya siyasətini “çox yaxşı bilən” nəzəriyyəçilərinə baxmayaraq, həqiqi mənada uğur qazana bilmədi. Demokratiya, sülh və nizam gətirmək naminə etdiyi müdaxilələr Amerika düşmənçiliyini artırdı. Çox yerdə Amerika əsgərləri çiçəklərlə deyil, bombalarla qarşılandı.
ABŞ-ın hərbi müdaxilələri geridə ancaq darmadağın olmuş ölkələr qoydu. Amerika əsgərləri bu ölkələri başları aşağı şəkildə tərk etmək məcburiyyətində qaldı. Dünya miqyasında keçirilən sorğular ABŞ-ı etibarlı dost kimi görənlərin sayının getdikcə azaldığını göstərir. Üstəlik amerikalı əsgərlər də bu hərbi müdaxilələrin zərərçəkənidirlər. Bir çoxu ölkəsinə psixoloji problemlərlə qayıdır. İllərlə müalicə görmək məcburiyyətində qalır. Belə ki, ABŞ ictimaiyyətindəki hərbi müdaxilə əleyhdarlığının əsas səbəblərindən birini də psixoloji problemlər yaşayan bu əsgərlər təşkil edir.
Hazırkı mərhələdə Vaşinqtonun xarici siyasətdə ciddi dəyişiklik etməsinin zəruri olduğu görünür. Belə ki, bir çox Amerika vətəndaşı da bu siyasətlərə qarşıdır. Bu siyasətdəki əsas yanlış digər ölkələrin həqiqətlərindən uzaq, o xalqların tələblərini, inanclarını, dəyərlərini bilməyən və ya bilərək göz ardı edən bəzi düşüncə mərkəzlərinin, ya da siyasi cərəyanların siyasi xətti ilə gedilməsidir. Bu beyin mərkəzlərində çox vaxt türk, əfqan, iraqlı, ya da suriyalı "mütəxəssislər" fəliyyət göstərir. Ancaq bu insanların mənsubiyyəti həmin regionları yaxşı bildikləri demək deyil. Onsuz da bir çoxu müharibə tərəfdarlarının eşitmək istədiyi sözləri qələmə alır. Bunun nəticəsində Ağ Evdə, Konqres binasında, yaxud da Xarici İşlər Nazirliyinin dəhlizlərində dünyanı silah gücü ilə formalaşdırmaq lazım olduğuna inanan sərtlik tərəfdarı, sevgisiz və mərhəmətsiz insanların səsi daha gur eşidilir.
Halbuki sərtlik tərəfdarı olanlar və bəzi neokonlar 15 il ərzində kifayət qədər qan tökülməsinə səbəb oldular. Dik Çeyninin 70-80 milyard dolları keçməyəcəyini iddia etdiyi İraq və Əfqanıstan işğalının xərci 6 trilyon dolları keçdi. Kolin Pauellin BMT-də əlində borucuqlar göstərərək İraqda olduğunu iddia etdiyi kütləvi qırğın silahları isə heç vaxt olmadı. Bu gün həm neokonların böyük qismi, həm də həmin dövrün İngiltərə baş naziri Toni Bleyr İraq müharibəsində səhv etdiklərini qəbul edirlər. Amma həyatını itirmiş milyonlarla insanın, dağıdılan yüzlərlə şəhərin və vətəndaş müharibəsinə tərk edilən 3 ölkənin bədəlini kimin ödəcəyi hələ də məchuldur.
Bütün bunlar nəzərə alındıqda Amerikanın yeni prezidentlik dövründə (qalib olan kim olursa-olsun) müharibə və zorakılıq ehtirası geridə qoyulmalıdır. Özlərini "progressive internationalist"lər kimi qələmə verən komanda müharibə tərəfdarı startegiyalarına görə siyasət müəyyən etməməlidir. Bu heyətin bir qismi liberal və hətta sol fikirli olduqlarını müdafiə etsələr də, hərbi məsələlərdə sərtlik tərəfdarı olan bəzi neokonlarla demək olar ki, eyni fikirləri müdafiə edirlər. 15 il ərzində baş verənlərdən heç dərs almamış kimi "ABŞ-ın hər şəraitdə hərbi müdaxilələrdə olmasının zəruriliyini"ni irəli sürürlər.
Bu heyət İraq və Əfqanıstan müdaxilələrinə də yaşıl işıq yandırmışdı. Hətta İraqda kimyəvi silahların olmadığının anlaşılmasından sonra belə Paul Berman, Tomas Fridman, Kristofer Hitchens, Corc Packer, Kenneth Pollack, Yakob Weisberg və Fareed Zakaria kimi adlar geridə milyonlarla həyatını itirmiş iraqlı və yüzlərlə intihar edən Amerika əsgəri qoyan İraq işğalının haqlı əsaslara söykəndiyini iddia etdilər.
Sərtlik tərəfdarı olanların bir çoxu dünyanın Vaşinqtonda yazılan ssenarilər istiqamətdə yaşaması lazım olduğuna inanır. Bəzilərinin qələminə yuxarıdan baxan, empatiyadan əksik və yalnız özünü qərar vermə yeri kimi görən təkəbbürlü üslub hakimdir. Dünya bu sevgisiz təfəkkürlə hər keçən gün daha təhlükəli bir yer olacaq. Daha çox qan axacaq, daha çox məhv olacaq. Bütün bu fəlakətlərdən şübhəsiz, Amerika da payını alacaq. ABŞ aqressiv siyasətə əmanət edilsə, ölkəni müharibəyə sürükləyib sonradan üzr istəyən kəşfiyyat birliklərini görməyə davam edəcəyik.
Bunun qarşısını alacaq, bu gedişə dur deyə biləcək güc yenə sağlam düşüncəli ABŞ cəmiyyətidir. Bu gün vicdan sahibi olanların, sevgi, dostluq, qardaşlıq və sülh tərəfdarı olanların susmaq vaxtı deyil. Zorakılıq meyli Amerika xalqına da əzab verir. ABŞ-da cinayətkarlığın səviyyəsi dünyada orta statistik rəqəmləri ötüb keçir. Hər il törədilən 15.000 cinayət və cəmiyyətin hər təbəqəsinə yayılmış silahlanma hərisliyi bu gözəl ölkənin gözəl insanlarını da təhlükəyə atır. Amerika xalqının özünü sorğu-sual etmə vaxtı gəlib çatıb. Dünyanın ABŞ-ın vicdanla hərəkət etməsinə ehtiyacı var. Bu super gücü idarə edənlər müharibə deyil, sülh mesajlarına qulaq asmalıdırlar.
Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:
http://ahtribune.com/opinion/1150-internationalist-policies.html