Keçmiş Ramazanlar, keçmiş dostluqlar
ucgen

Keçmiş Ramazanlar, keçmiş dostluqlar

2453

Bəşəriyyətin əxlaqi dəyərlərdən uzaqlaşaraq mənəvi mənada gerilədiyi dövrümüzdə heç bir şeydən zövq almayan bədbəxt insanların sayı da eyni nisbətdə artır. Dostluq və qardaşlığın prioritet olmadığı, şəfqət, mərhəmət, tolerantlıq kimi xüsusiyyətlərin unudulub arxa plana atıldığı, maddiyyatın ən mühüm güc hesab edildiyi dünya saf məhəbbətə əsaslanan keçmiş dostluqları həsrətlə axtaran insanlarla doludur. Şübhə yoxdur ki, müasir həyatın gündəlik qarışıqlığı içində dünyəvi məqsədlər arxasınca qaçan insanların ən böyük həsrəti ehtirasların, münaqişələrin, mənfəətçiliyin, səmimiyyətsizliyin olmadığı, hər yerdə sülh və qardaşlığın hakim olduğu dinc bir həyatdır.

Həqiqətən də mənəviyyatını itirmiş, degenerasiyaya məruz qalmış dünyanın gedişatından hər kəs şikayətçidir. Məhəbbətin, sevgi və qardaşlığın hər tərəfi bürüdüyü, bir-birini tanıyan və ya tanımayan hər kəsin küçələrdə ən gözəl şəkildə salamlaşdığı, qapıları kilidləməyə ehtiyac olmayan, hər yerdə güvənin, həmrəyliyin hakim olduğu əvvəlki dövrlər, əvvəlki dostluqlar, əvvəlki sevgilər, əvvəlki səmimiyyət üçün hər kəs darıxır və bir gün o rahat mühitə qovuşmağı ümidlə gözləyirlər.

Keçmiş zamanların coşğulu sevgi və qardaşlıq mühitindən bəhs edərkən şübhəsiz, ağlımıza həmin anda keçmiş Ramazanlar gəlir. Günahlardan təmizlənmə və savab qazanmaq ayı olan mübarək Ramazan ayının əvvəllər birlik və bərabərlik içində keçdiyi hər kəsə məlumdur. Varlı-kasıb, yaşlı-cavan hər kəsin böyük sevgi ilə bir-birinə bağlı olduğu və sanki tək vücud olduğu o keçmiş günləri bu gün hələ də həsrətlə yad etməyimizin səbəbi də budur.

Keçmiş Ramazanlar müsəlmanlar tərəfindən indi də olduğu kimi, böyük şövqlə gözlənilirdi. Belə ki, daha üç aylardan etibarən hər yerə sanki bir bayram sevinci yayılır, küçələr, məscidlər, minarələr işıqlandırılır. Evlər, məscidlər, küçələr təmizlənir, hər yer Ramazana hazır hala gətirilirdi. Bütün Müsəlmanlar bir-birlərini iftara dəvət edir, xəbər vermədən iftara gələn qonaqlarını belə Allah qonağı deyərək süfrəyə dəvət edir, onları da ən gözəl şəkildə qəbul edirdilər. Özünü ən qazanclı hesab edən insan, ən çox qonaq qəbul edən insan idi. Zənginlər bir ay ərzində evlərinin qapısını açıq qoyur, insanlar iftar saatlarında dəvət edilməsələr belə birbaşa qapıdan içəri girir, oruclarını açırdılar. Kim olduğu, haradan gəldikləri sorğu-sual olunmur, hər gələn içəri dəvət olunurdu. Köşk və malikanələr bir ay ərzində sanki ziyafət məkanlarına çevrilirdi. İftardan sonra hamısı gecə namazına gedir, namaz kütləvi şəkildə qılındıqdan sonra bu dəfə sahur və onun da ardından sübh namazı üçün yığışırdılar. İnsanlar arasında ayrı-seçkilik edilmir, dilindən, irqindən, zəngin və ya yoxsul olmasından  asılı olmayaraq, hər kəs bir-birilə qucaqlaşırdı. Zəngin olanlar kasıblara kömək etməkdən böyük həzz alır, bütün ehtiyaclarını təmin edirdilər. Bundan başqa, Ramazanın bərəkəti ilə bütün nemətlər müsəlman, xristian və yəhudi demədən hər kəs tərəfindən bərabər şəkildə bölüşdürülürdü.

Göründüyü kimi, keçmiş Ramazanların misilsiz ruhu İslam aləmini sevgi ilə əhatə edir, bütün qəlbləri yumşaldır, hər kəs bir-birinə şəfqət və mərhəmət hissi ilə yanaşırdı. Məzhəb, dil, din, irq ayırd etmədən bütün insanlar qardaş kimi bir-birini qucaqlayır, Allahın bəyəndiyi mənəvi ruh halı hər yeri əhatə edirdi. Müsəlmanlar var olan gözəlliklərini bu mənəvi mühitlə birlikdə daha da zirvəyə aparır, bu müqəddəs ayı imanlarını daha da artıracağı fürsətə çevirirdilər.

Ümid edirik ki, gələcək dövrlər də sevgi və dostluq təməllərinin atılacağı və insanlar arasında fədakarlıq, xeyirxahlıq, mərhəmət, tolerantlıq, anlayış və güzəştlərin hakim olacağı xoşbəxt dövr olacaq. Bütün dünya bu dövrlə birlikdə aydınlığa qovuşacaq, dünyada yoxa çıxmış sevgi, hörmət və ədalət mühiti yenidən bərpa olunacaq. Təbii ki, bu ehtişamlı dövrdə Ramazanlar da möhtəşəm olacaq. Bütün müsəlmanlar aralarındakı narazılıqları, ayrılıqları bir kənara qoyub yenidən ruh yüksəkliyi ilə bir-birilə birləşəcək, bərəkətli süfrələrdə coşğu və həyəcan içində oruclar açılacaq, gözəl əxlaq və mənəviyyatın istiliyi hər yerə hakim olacaq. Yenə də ümid edir və inanırıq ki, yaxın gələcəkdə möminlər həsrətlə qucaqlaşacaq, bütün İslam aləmi yenidən sülh və əmin-amanlıq içində yaşayacaq, qəlblər sevgi toxumları ilə çiçəklənəcək, bütün bəşəriyyət böyük sevgi və qardaşlıqla bir araya gələcək, qəlblərdəki dərin sevmə və sevilmə istəyi yenidən yaranacaq, insanlar Allahı məhəbbətlə sevəcək, Allahın üstün gözəlliyini, yaratdığı varlıqlarda təzahürlərini görmək arzusunun verdiyi şövq və həyəcan hər yeri bürüyəcək. Keçmişdə olduğu kimi, indi də belə böyük bir sevgi mühitinə qovuşmaq hamımızın duasıdır.

 

Adnan Oktarın «New Straits Times»da dərc olunan məqaləsi:

http://www.nst.com.my/node/90704


PAYLAŞIN
logo
logo
logo
logo
logo