Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)
Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allah`ın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.
Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növbənöv incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.
Möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar. Həm də cənnətdə inananları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Bu köşklərin altından çaylar axır. Qızıl-gümüş, ləl-cavahiratla bəzənmiş taxtlar üstündə oturacaq və ətraflarına tamaşa edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır. Quranda belə buyurulur:
... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)
Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allah`ın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:
... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)
(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)
O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)
(Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 17-30)