“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar”. (Bəqərə surəsi, 117)
Canlıların gözlərindəki mükəmməl detallar, hər bir canlının gözünün onun ehtiyacına uyğun olması bu mürəkkəb və qüsursuz sistemin təsadüflərlə yaranmadığını, uca Allahın sonsuz ağlının əsəri olduğunu bir daha sübut edir. Canlıların sahib olduqları bu üstün yaradılış xüsusiyyətləri Rəbbimizin Bədi (Örnəksiz yaradan) isminin ən gözəl təzahürlərindən biridir.
Allah bəzi qabıqlı dəniz canlılarının qabıqlarının iç tərəfinə sıra ilə düzülmüş kiçik qəbuledici gözlər yerləşdirib. Qabıqlarını açıq tutmaqla görə bilən bu canlıların göz quruluşları çökük güzgüyə bənzəyir. Gözlərindəki yarı şəffaf tor qişası düşməndən müdafiədə onların dəqiq görməsini təmin edir. Qabığının kənarları boyu düzülmüş kiçik parlaq gözlərin hər birinin yalnız 1 mm olmasına baxmayaraq, həm hərəkətləri, həm də işıq və qaranlıq arasındakı fərqi asanlıqla seçə bilirlər.
Dəniz molyuskunun gözlərindəki kiçik torlu qişalarda hər bir qəbuledicisinə işıq toplayan əksetdiricilər mövcuddur. Bu səbəbdən işığa qarşı çox həssas olan gözləri ilə hər hansı hərəkət hiss etdikdə qabığını dərhal bağlayaraq həm gözlərini, həm də özünü qoruyur.
www.gozdekimucize.imanisiteler.com
Nautilusun pinhole (iynə dəliyi) kamera tipli optik gözləri vardır və işığa digər kamera tipli gözlərdən daha çox ehtiyac duyur. Buna görə canlı polyarizə olunmuş işıqdan (parlaq səthlərdən əks olunan parıldama) istifadə edərək rahatlıqla istiqamətini tapa bilir. Nautilus kimi çox dərinə dalan və qaranlıq sularda işığa böyük ehtiyac duyan canlı üçün, əlbəttə, səthlərdən əks olunan işığın görmə baxımından çox böyük əhəmiyyəti vardır.
Krevet kimi bəzi xərçəngkimilərdə əsas gözlərdən əlavə bədənlərində və quyruqlarında da işığa həssas qəbuledicilər vardır. Gözləri kompleks quruluşa sahib olan bu canlılar bir sahəni görmək üçün birdən çox gözdən istifadə edirlər. Bu canlıların beyni isə olduqca mükəmməl işləyərək ona gələn çox sayda görüntünü birləşdirib bir görüntü əldə edir.
Xərçənglər isə əks olunma və qırılma optik dizaynlardan istifadə edən, eyni zamanda günəş işığının istiqamətini ayırd edə bilən gözlərə sahibdirlər. Düşmənlərinin sayı çox olduğu üçün belə mükəmməl görmə sisteminə ehtiyacları vardır. Maraqlısı isə odur ki, bu göz quruluşuna prekembri partlayışı dövrünə aid fosillər arasında çox sayda mövcud olan tribolit fosillərində də rast gəlmək mümkündür. Bu, canlıların ilk yaradıldıqları andan etibarən ehtiyaclarına uyğun gözlərə sahib olduqlarını və göz büllurlarının təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərir.
Osminoqların da kamera tipli gözləri vardır. Bu gözlər, eynilə şəkil çəkərkən şəklin məsafəsinə görə fokusu nizamlayan fotoaparatlar kimi, yaxın və ya uzaq məsafəyə görə görüş dəqiqliyini nizamlaya bilirlər. Uca Allahın bəxş etdiyi bu qüsursuz gözlər vasitəsilə osminoq bütün qollarına nəzarət edə bilir, düşmənlərindən qorunmaq üçün görüntüyə fokuslana bilir.
Nəhəng mürəkkəb balığı da çox iti görüşə malikdir. Dünyadakı ən böyük gözlərə sahib olan bu canlıların insan gözündən təxminən 100 dəfə daha böyük olan gözləri onların iti görməyini təmin edir.
Böcəklərin maraqlı gözləri
Bəzi hörümçəklərin 6-8 gözü olur. Canavar hörümçəyinin (lycosidae) gözlərinin hər biri müxtəlif funksiya yerinə yetirir. Bu gözlərin bəziləri görmə funksiyasını, digərləri isə ətraf mühitdə axtarış funksiyasını yerinə yetirir. Bu gözlərdən beynə gedən siqnallar görüntü, məsafəni və şəkil haqqında məlumatlar verir və beyin bütün bu siqnalları birləşdirir. Bəzi hörümçəklər isə polyarizə olunmuş işığı da qəbul edirlər. Bəzilərinin görüş sahəsi dardır, lakin gözlərini hərəkət etdirərək axtarış edə bilirlər.
Hörümçəklərin fərqli gözlərdən gələn görüntüləri beyinlərində tək bir görüntü olaraq şərh etməsi insanlara da ilham qaynağı olmuşdu. Bəzi silah növləri, robotlar hörümçəyin bu kompleks görmə sistemindən ilhamlanaraq hazırlanmışdı.
www.kelebekmucizesi.imanisiteler.com
Arılar
Arıların gözlərində 3000-4000 arası kiçik linzalar mövcuddur. Hər bir linzanın içində birdən çox qəbuledici var. Ortadakı linza yan qəbuledicilərdən daha genişdir, buna görə arılar önlərini daha yaxşı görürlər. Bir mikron böyüklüyündəki bu kiçik qəbuledicilər xüsusi optik dizayn və bioloji çoxalma tələb edir. Çünki arı gözləri ultrabənövşəyi şüaya qarşı həssasdır və hətta işığın polyarizəsini də qəbul edir. Arılar ən yaxşı mavi rəngi seçirlər, amma insanların gördükləri digər rəngləri də qəbul edirlər. Burada təkamülçülər yenə çıxılmaz vəziyyətə düşürlər. Çünki onların xəyali təkamül nərdivanında daha üst pillələrdə yerləşən atlar və itlər ancaq boz çalarları seçə bildikləri və digər rəngləri seçə bilmədikləri halda alt pillələrdə yerləşən arıların rəngləri seçə bilməsini izah edə bilmirlər. Çünki rəngləri görmək üstün xüsusiyyətdir və bu xüsusiyyətin təkamülün üst pillələrindəki bəzi canlılarda itməsi və yenidən insanda ortaya çıxması mərhələli təkamül iddiasına ziddir. Halbuki uca Allah hər canlıya ehtiyacına uyğun xüsusiyyətlər bəxş etmişdir. Arılar da çiçəklərin yerini müəyyən etmək və qidalanmaq üçün rəngli görmə qabiliyyəti ilə yaradılıblar.
Arıların polyarizə olunmuş işığı qəbul etmələri aralarındakı xüsusi ünsiyyət sistemini təmin etmişdir. İstiqamətlərini polyarizə olunmuş işığa görə tapan arılar qida qaynağı tapdıqdan sonra yuvaya qayıdaraq digər arılara qida qaynağının uzaqlığını və istiqamətini bildirmək üçün xüsusi vizual koddan istifadə edirlər. İstiqaməti təsvir etmək üçün günəşə əsasən xüsusi bucaq altından rəqs edirlər. Bu ünsiyyət arıların mükəmməl görmə sistemindən xəbər verir.
Cırcıramaların geniş görmə bucağına malik gözləri onlara önə və arxaya uçarkən rahatlıq yaradır. Cırcıramanın hər üzündə təxminən 30 min qəbuledici var. Bu qəbuledicilər sayəsində cırcıramalar bir çox böcəkdən daha yaxşı görür. Cırcırama gözlərinin qəbuletmə intensivliyi insanlarınkı ilə eynidir. Bu canlıların gözləri insan gözündən çox kiçik olduğundan insanlar qədər dəqiq görməyə bilərlər, ancaq insan gözü ilə, demək olar ki, eyni səviyyədə qəbuletmə intensivliyinə sahib olmaları onların təkamülçülərin iddia etdiyi kimi primitiv canlılar olmadıqlarını, əksinə üstün yaradılış xüsusiyyətlərinə sahib olduqlarını bir daha sübut edir. Cırcıramalar da insanlar kimi binokulyar (iki gözlü) görmə xüsusiyyətinə sahib olduqları üçün gözlərinin arasındakı uzaqlığı əsas götürərək cisimlərə olan məsafələrini təxmin edə bilirlər.
Növlərindən asılı olaraq kəpənəklərin əlavə tipi və ya bənzər optik gözləri var. Kəpənək gözlərinin ən əhəmiyyətli xüsusiyyəti müxtəlif rəngləri seçə bilmələridir. Çünki kəpənəklər qida tapmaq, yaşamaq və çoxalmaq üçün çox sayda rəng seçə bilməlidirlər. Digər canlılarda piqment sayı iki və ya üç olduğu halda kəpənəklərin gözlərində dörd fərqli piqment mövcuddur. Bu da kəpənəklərin rəng qəbuletmə qabiliyyətlərini artırır. Həmçinin, kəpənəklər bəzi çiçəklərdən əks olunan ultrabənövşəyi şüaları da görə bilirlər. Kəpənəklər görüntüdəki xırdalıqlardan çox rəngə reaksiya verirlər. Lakin Rəbbimizin bu canlılara bəıxş etdiyi xüsusi sistem sayəsində kəpənəklər çiçəklərlə yollarını tapa bilir və birlikdə uçmaq üçün digər kəpənəkləri görə bilirlər. Bundan əlavə, insan ancaq 100 mikronluq (.01mm) incəlikləri görə bildiyi halda, bəzi kəpənəklər obyektlərdəki 30 mikronluq (.03mm) incəlikləri görə bilirlər. Başqa sözlə, yaxın məsafədə kəpənək gözü insan gözündən daha çox xırdalıqları görə bilir. İnsan gözü isə kəpənəklərlə müqayisədə uzaq məsafələrə daha yaxşı diqqət yetirir. Bu, uca Allahın bütün canlıların ehtiyaclarına uyğun gözlər yaratmasının nəticəsidir.
Allah hər bir canlını ehtiyacına uyğun gözlərlə yaratmışdır
Hər bir canlı növünün gözləri özünəməxsus xüsusiyyətlərə malikdir. Yer üzündəki milyonlarla növdə canlının sahib olduqları xüsusiyyətlərdən təkcə gözləri üzərində düşünmək belə bu bənzərsiz xüsusiyyətlərin təsadüflərlə ortaya çıxmadığını, canlının kortəbii şəkildə qüsursuz gözlər qazanmadığını, canlıların gözlərinin bir hissəsinin belə təsadüfən yaranma ehtimalının olmadığını sübut edir. Bütün heyvanlar, bitkilər, insanlar uca Allah tərəfindən qüsursuz şəkildə yaradılıblar. Ağıl və vicdanla düşünən insanlar üçün bu çox açıq həqiqətdir.
Bu həqiqəti qavramaq və bütün həyatını buna görə qurmaq hər bir insanın öz xeyrinə olan davranışdır. Çünki insanın dünyadakı vəzifəsi uca Rəbbimizin ehtişamlı yaratmasını görmək və bu yaradılış qarşısında Onun sonsuz gücünü və elmini təqdir edə bilməkdir.
“Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Ta ha surəsi, 98)