Yerin Günəşlə arasındakı məsafə, fırlanma sürəti və ya relyef formaları qədər böyüklüyü də əhəmiyyət daşıyır. Planetimizi kütləsinin cəmi 8%-i qədər kütləyə sahib olan Merkuri ilə və ya 318 dəfə böyük kütləyə sahib Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduqlarını görürük. Bəs, görəsən, bu qədər müxtəlif ölçülü planetlərin arasında Yerin böyüklüyü təsadüfən müəyyən edilib? Xeyr!
Yer kürəsinin xüsusiyyətlərini araşdırdıqda planetimizin ən lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Frank Pres (Frank Press) və Raymond Siver (Raymond Siever) Yer kürəsinin bu cəhətdən "uyğunluğu" haqqında belə məlumat verirlər:
“Yer kürəsinin böyüklüyü ən lazımi ölçüdədir. Əgər daha kiçik olsa idi, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi Yerin ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsa idi, bu dəfə də cazibə qüvvəsi xeyli artacaq və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü vəziyyətə gətirəcəkdi...” (1)
Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyatın mövcudluğu üçün xüsusi nizama sahibdir. Planetimizin maqnit sahəsinə sahib olmasının səbəbi bu daxili təbəqələrdir və maqnit sahəsi həyatın davamı üçün olduqca vacibdir. F.Pres və R.Siver bu mövzunu belə açıqlayırlar:
“Yerin nüvəsi isə çox böyük həssaslıqla nizamlanmış və yüksək radioaktivlikli istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsə idi, qitələr indiki quruluşa sahib olmazdı... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi, beləliklə də, Yerin maqnit sahəsi əmələ gəlməzdi... Əgər Yerin daha çox radioaktiv yanacağı olsa idi və bu səbəbdən də daha sürətli istilik mühərrikinə sahib olsa idi, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosferin sıxlığı ifrat həddə çatardı və Yerin səthi də, demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.” (2)
Pres və Siverin bəhs etdiyi maqnit sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnit sahə, bir az əvvəl qeyd edildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvədə dəmir və nikel kimi maqnit xüsusiyyətinə sahib, ağır elementlər mövcuddur. Daxili nüvə qatı, xarici nüvə isə maye haldadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallarda bir növ maqnit təsiri yaradaraq maqnit sahə əmələ gətirir. Atmosferdən xeyli kənara yayılan bu sahə sayəsində Yer kosmosdan gələn təhlükələrdən qorunur. Günəşdən başqa, digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxanı keçə bilmirlər. Xüsusilə də, Yerdən on minlərlə kilometr kənarda maqnit halqalar meydana gətirən Van Allen qurşaqları Yeri bu öldürücü enerjidən qoruyur.
Sözügedən plazma buludlarının bəzi hallarda Xirosimaya atılan bombanın 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Həmçinin kosmik şüalar da çox şiddətli ola bilir. Lakin Yerin maqnit sahəsi bu öldürücü şüaların cəmi 0,1%-ni keçirir, qalan 0,001% də atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da insanların tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.
Yerin mərkəzində bir növ “istilik mühərriki” var. Bu, elə qüsursuz şəkildə müəyyən edilmişdir ki, həm Yeri qoruyan maqnit sahəsini əmələ gətirəcək qədər güclü, həm də Yer qabığını lavalara qərq etməyəcək qədər nizamlıdır.
Əgər Yerin maqnit qalxanı olmasa idi, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla təxrib ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Amma Pres və Siverin də ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi ən lazımi xüsusiyyətdə olduğu üçün Yer bu cür qorunur.
Başqa sözlə desək, göy üzündə Qurandakı "Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər."(Ənbiya surəsi, 32) ayəsi ilə bildirildiyi kimi, bizlər üçün qurulmuş xüsusi qoruyucu qalxan var.
1) F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4
2) F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4