Dünya öz-özünü təmin edə bilən təbii və balanslı sistemə malikdir. Yeraltı su mənbələri, torpaqdakı elementlər, atmosferdəki oksigen və karbon qazı nisbəti, canlı növlərindəki müxtəliflik dünyanın sahib olduğu mükəmməl tarazlığın mühafizə edilməsini təmin edir. Bu tarazlıqda xarici müdaxilə baş vermədikcə heç bir pozulma olmur.
Bir ev düşünün: evin şüşələrinin böyüklüyü, divarlarındakı istilik izolyasiyası və evi isitmək üçün istifadə edilən yanacaq miqdarı evdəki insanların rahat yaşaya biləcəkləri səviyyədə olsun. Kimsə gəlib evin şüşələrini sındırıb, istilik sisteminin nizamını pozsa, bu ev ideal şəraitini mühafizə edə bilməyəcək. Hazırda dünyamızın vəziyyəti də tam olaraq bu şəkildədir. Qlobal istiləşmə, kənd təsərrüfatı sahələrindən düzgün istifadə edilməməsi, israf kimi amillər səbəbindən dünyadakı tarazlıq pozulur.
Son 100 il ərzində dünyada orta hesabla temperatur 0,7 dərəcə yüksəlib. Bunun əsas səbəbi parnik qazları adlandırılan CO, CO2, NO və NO2 qazlarıdır. Parnik qazları, xüsusilə də karbondioksid nəhəng örtük kimi Dünyanı isidir. Neft və kömür kimi fosil yanacaqlarından istifadə, işlənmiş qazlar və meşələrin azalması parnik qazlarının atmosferdə artmasına səbəb olur. Nəşr olunan bir hesabatda bu gündən etibarən atmosferə hər hansı bir parnik qazı atılmasa belə qlobal temperaturun gələcək on illər ərzində 0,5°-1°C arasında artmağa davam edəcəyi bildirilir.1 Bu isə ciddi nəticələrə yol açan nisbətdir.
Dünyadakı iqlim dəyişikliyi hava, torpaq və suyun temperaturu ilə birlikdə yağış miqdarının dəyişməsinə səbəb olur. Bu isə bir çox bölgədə şiddətli tufanlar, sellər, həddindən artıq isti və quraqlıq kimi özünü biruzə verir. Atmosfer hadisələrindəki bu radikal dəyişikliklər kənd təsərrüfatı sahələrinə təsir edir və bu da həyatı təhdid edir. Elm adamları 2050-ci ildə iqlim dəyişikliyindən asılı olaraq 2-5 milyard insanın kifayət qədər qida əldə edə bilməyəcəyini proqnozlaşdırırlar.2
İqlim dəyişikliyinin göstəricilərindən olan quraqlıq və daşqınlar kənd təsərrüfatı məhsullarının biçin olmadan itkisinə yol açır. Temperaturun yüksəlməsi kənd təsərrüfatı zərərlərini artırır və daha çox suvarma tələb edir ki, bu da yeraltı suları azaldır. Eyni zamanda münbitliyi azalan torpağın daha çox gübrəyə ehtiyacı olur və nəticədə yeraltı sular çirklənir. Bütün bu mənfi amillər məhsulların tamamilə yox olması ilə nəticələnməsə də keyfiyyət və qida dəyərinin düşməsinə səbəb olur. Bu cür məhsulları işləmək və qorumaq isə çox çətindir. Məhsulun həcmi azaldıqca qiymətlər artır, balanslı qidalanma çətinləşir.
Bir-birinə bağlı olan bütün bu proseslər çox önəmlidir. Çünki bu gün dünya əhalisinin 80%-i dolanışığını fərqli formalarda hava şəraitinə bağlı olaraq təmin edir.3 Ona görə hava şəraitindəki radikal dəyişikliklər insanların kənd təsərrüfatı ilə məşğul ola bilməməsi və bunun dünyanın 80%-nə təsir etməsi mənasına gəlir.
Alimlər təbiətdəki tarazlığın daha çox pozulmasının və bunun nəticəsində ortaya çıxa bilən aclığın qarşısını almaq üçün təcili hərəkətə keçmək məsələsində həmfikirdir. Parnik qazlarının atmosferə buraxılmasına nəzarət isə bu mövzudakı ilk addım kimi qiymətləndirilir.
Parnik qazlarının atılmasını məhdudlaşdırmaq məqsədilə bio yanacaqdan istifadə edilməsi ilə bağlı yekdil razılıq əldə edilməyib. Bio yanacaqların atmosferə atılan karbondioksid miqdarını azaltdığı irəli sürülsə də, bəzi araşdırmalar bunun əksini ortaya qoyur. Bir çox ölkə bu gün bio yanacaq üçün özünə görə bir məhsul seçir və kənd təsərrüfatı üçün istifadə etdiyi ərazilərdə bu məhsulun əkilməsinə üstünlük verir. Məsələn, ABŞ qarğıdalı, Braziliya şəkər qamışı, İndoneziya isə raps bitkisinə üstünlük verir. Lakin bu bitkini əkəcək ərazini əldə etmək üçün çox qiymətli meşə sahələrini məhv edirlər. İndoneziya təkcə 2012-ci ildə 8400 km2 meşə sahəsini itirmişdir.4 Bu isə ekoloji tarazlığı və bilavasitə qidalanma məqsədi ilə istifadə edilən kənd təsərrüfatı məhsullarının məhsuldarlığına birbaşa təsir edir.
Bütün bu mənfi amillər kənd təsərrüfatı məhsullarındakı müxtəlifliyi azaldır və qidalanma məqsədilə istifadə edilən ərazilər sürətlə kiçilir. Əgər hökumətlər səviyyəsində bunun qarşısı alınmasa, insanlar qidalanmaq üçün ehtiyac duyduqları məhsulları və torpaqları çox yaxın gələcəkdə itirəcəklər. Ərzaq məhsullarının azalması ilə qiymətlər yüksələcək və xərclərin təxminən 70%-ni ərzaq almaq üçün istifadə edən gəlir səviyyəsi aşağı olan insanlar bütün qazanclarını xərcləsələr də, özlərini doydura bilməyəcəklər.5
Bəs bu təhlükəli vəziyyətin qarşısını almaq və dünyanı aclıq bəlasından qorumaq mümkündürmü?
Bunun üçün məsələyə iki aspektdən yanaşmaq lazımdır: kənd təsərrüfatında məhsuldarlığı artıran üsulların təşviq edilməsi və insanların məlumatlandırılması. Bunun ilk addımlarından biri təbii üsullarla, kimyəvi maddələrdən istifadə etmədən kənd təsərrüfatını təşviq etməkdir. Həmçinin fermerləri bahalı fosil yanacağı və sənayeləşdirilmiş toxumlardan xilas edən aqroekoloji üsullar tətbiq etmək də məhsulların keyfiyyətini və istehsalı artıracaq. Xərclərin azaldılması ilə birlikdə fermerlər daha çox mənfəət əldə edəcək və beləliklə qidanın əldə edilməsi asanlaşacaq.
Bu gün dünya əhalisi 8 milyarda yaxındır və bu say getdikcə artır. Dünyada istehsal olunan illik 4 milyard ton qidanın 1,3 milyardlıq hissəsi israf edilir. Ona görə dünyadakı problemlərin səbəbini və həllini tək bir məsələ ilə izah etmək mümkün görünmür. Parnik qazlarının atmosferə atılmasının azaldılması ilə yanaşı israfçılığın qarşısının alınması da cəmiyyətin maarifləndirilməsi və tədbir alınmalı olan əsas mövzulardan biridir. Təkcə qlobal istiləşməni və ya başqa amilləri təqsirləndirmədən həllə yönələrək dünyanı daha əlverişli yer etmək hamımızın borcudur.
--------------------
İstinadlar:
Nicholas Stern, The Economics of Climate Change, The Stern Review, Cambridge, 2007
https://www.welthungerhilfe.de/fileadmin/user_upload/Themen/Klima/Klimakonferenz/shock-waves-worldbank-studie-climate-change-2015.pdf (18 noyabr, 2017)
Climate change as a poverty trap, https://www.welthungerhilfe.de/en/no-climate-for-agriculture.html (18 noyabr, 2017)
BBC Türkcə internet saytı, İndoneziya meşe kəsimində Braziliyanı geridə qoydu, 30 iyun 2014,
http://www.bbc.com/turkce/haberler/2014/06/140630_endonezya_brezilya_ormanlari 18 noyabr 2017)
DPT (Devlet Planlama Teşkilatı), Ulusal Gıda ve Beslenme Stratejisi Çalışma Grubu Raporu (Ulusal Gıda Beslenme ve Eylem Planı 1. Aşama Çalışma Eki ile), DPT nəşr No:2670, Ankara, 2003
Adnan Oktarın “Kashmir Reader”-da (Hindistan) yayımlanan məqaləsi:
http://arantv.az/2018/05/30/qlobal-istiləsmə-dunyanin-yasamaq-ucun-daha-əlverisli-yer-olmasina-əngəldirmi/
http://azturkfm.com/haber.php?id=70948&lang=az
http://reportyor.info/cəmiyyət/qlobal-istiləsmə-dunyanin-yasamaq-ucun-daha-əlverisli-yer-olmasina-əngəldirmi/
http://regionaz.tv/2018/06/02/qlobal-istiləsmə-dunyanin-yasamaq-ucun-daha-əlverisli-yer-olmasina-əngəldirmi/
https://millixeber.az/qlobal-istiləsmə-dunyanin-yasamaq-ucun-daha-əlverisli-yer-olmasina-əngəldirmi/
https://kashmirreader.com/2018/01/10/a-well-rounded-approach-to-climatology/