Yağışın əmələ gəlməsi
ucgen

Yağışın əmələ gəlməsi

11715
Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşdi.
 
Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın "xammalı" külək vasitəsi ilə havaya qalxır, sonra buludlar meydana gəlir, nəhayət, sonda yağış damcıları ortaya çıxır. Quranda yağışın əmələ gəlməsi ilə əlaqədar söylənənlər isə bütövlükdə bu proseslərin mahiyyətini açıqlayır. Bir ayədə yağışın yaranması prosesi haqqında belə məlumat verilir:
 
"Buludları hərəkətə gətirən, küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allah`dır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər". ("Rum" surəsi, 30/48)
 
İndi isə bu ayədə ifadə edilən üç mərhələni araşdıraq:
 
I mərhələ. "Allah küləkləri göndərir..." Okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə doğru yol alır. Aerozol adlandırılan bu kiçik su zərrələri dənizlərdən qalxan su buxarını "su tələsi" adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud topalarını əmələ gətirir.
 
II mərhələ. "...Buludları hərəkətə gətirər, onları göy üzündə istədiyi kimi yaradar və topa-topa edər..." Duz kristallarının və yaxud da havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə, onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.
 
III mərhələ. "...Artıq buludların arasından yağış çıxdığını görürsən".
 
Duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.
 
Göründüyü kimi, yağışın əmələ gəlməsinin hər bir mərhələsi Quran ayələrində aydın şəkildə təsvir olunub. Həm də bu mərhələlər elmi mənbələrdəki mərhələlərə uyğun olaraq açıqlanıb. Dünyadakı əksər təbii hadisələrdə olduğu kimi, bu məsələdə də Allah ən doğru olanı açıqlamış, həm də bunu elmi kəşflərdən əsrlərlə əvvəl Quran vasitəsilə insanlara çatdırmışdır.
 
Başqa bir ayədə isə yağışın əmələ gəlməsi haqda bu məlumatlar verilir:
 
"Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar?! Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər".("Nur" surəsi, 30/43)
 
Buludların tiplərini öyrənən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:
 
I mərhələ. Qovulma: buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.
 
II mərhələ. Toplanma: külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.
 
III mərhələ. Yaranma: kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır. Buludun mərkəzindəki yuxarı çəkmə gücü kənarlardakı analoji gücdən daha çoxdur. Bu yuxarı çəkmələr buludun gövdəsindən başlayaraq yuxarı istiqamətə doğru böyüməsinə səbəb olur. Bununla da buludlar yuxarı tərəfə genişlənərək üst-üstə yığılır. Bu da yuxarı tərəfə doğru böyüyən buludun gövdəsinin atmosferin daha sərin yerlərinə tərəf uzanmasına səbəb olur. Bu nöqtədə atmosferin sərin qatlarındakı buludda olan su və dolu damcıları böyüməyə başlayır. Bu mərhələlərin nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu və s. yağmağa başlayır.
 
Unutmaq olmaz ki, meteoroloqlar buludun əmələ gəlməsi, strukturu və funksiyası ilə bağlı proseslərin bütün təfərrüatlarını yalnız son dövrlərdə, özü də son dövrün inkişaf etmiş elmi-texniki nailiyyətlərindən (təyyarə, süni peyklər, kompyuter və s.) istifadə etməklə öyrəniblər. Amma nəzərdən qaçırılmamalıdır ki, bütün bunlar barədə hələ 1400 il bundan əvvəl Allah`ın bu ayələrində məlumat verilmişdi.

PAYLAŞIN
logo
logo
logo
logo
logo