Quranın bu ayəsindən anladığımız kimi, hadisə nə qədər fərqli görünsə belə, müsəlmanlar mütləq ən yaxşı ehtimalı tapıb gözəl düşünməlidirlər. Əgər fikir irəli sürdükləri insan Allahdan qorxan, iman gətirən, Quran əxlaqına tabe olan, etibarlı mömindirsə (Allahın diləməsindən başqa) mütləq Quran əxlaqına uyğun hərəkət edir. Onun hərəkətləri əksini göstərirsə, bu zaman mütləq onun bir izahının olduğu düşünülməlidir. Şübhələnib mənfi fikir irəli sürmədən əvvəl, bu hərəkətin səbəbi araşdırılmalı, ya da izah etməsi üçün həmin şəxsin özündən soruşulmalıdır. Ancaq heç vaxt əsassız hökm verilməməlidir.
Bu da möminin Allah qorxusundan və sahib olduğu Quran əxlaqından irəli gəlir. Bunun əksi isə həm Quran əxlaqına uyğun deyil, həm də insana fayda verən bir davranış deyil. Əgər bu insanın qəribə və uyğunsuz davranışının məqbul açıqlaması olmasa belə, hüsnü-zənn etmək hər zaman ən ağıllı, ən düzgün, ən uyğun yanaşma tərzidir. Bu, mövcud olan problemi görməməzlikdən gəlmək və ya buna qarşı tədbir almamaq demək deyil. Əlbəttə, düzgün olmayan nəsə varsa, düzəldilməyə çalışılmalı, bu barədə ağıllı tədbirlər görülməlidir. Problem olsa belə, müsbət danışmaq, müsbət düşünmək ən gözəl nəticəni verəcəkdir. Belə ki, möminin bu davranışı Qurana uyğun olan və ən ağıllı yanaşma tərzidir.
İnsan hiss etməsə belə, hər gün belə hadisələrlə qarşılaşır. Məsələn, bir yerdə oturan iki nəfərdən birinin çox gözəl bir yeməyi tək yediyini və yanındakı insanın heç nə yemədiyini görən insan belə qənaətə gələ bilər: “Yemək yeyən insan eqoist, ancaq özünü fikirləşən və düşüncəsiz olduğu üçün yanındakı insanı görməməzlikdən gəlir. Acgöz və düşüncəsiz olduğu üçün ona təklif etmədən yeməyi özü yeyir”. Bu hadisəni görüb bu cür fikirləşən şəxs həmin insana əsəbiləşə bilər. Ya da yatan adamın yanında yüksək səslə telefonla danışan insan haqqında: “Çox düşüncəsiz adamdır”, - deyə düşünə bilər.
Maşın sürərkən yanındakılarla heç danışmayan biri haqqında yanındakıları bəyənmədiyi, onlara qarşı olduğu kimi bir fikir yarana bilər. Başqasının xahişini yerinə yetirməyən biri “mərhəmətsiz” adlandırıla bilər. Yanındakı insanın sevdiyi bir şeyi əlindən alan biri başqasına əsəbi, məntiqsiz bir insan kimi görünə bilər. Birinin sevdiyi yeməyi yeməsinə mane olan insan anlayışsız, sevgisiz və şəfqətsiz təsiri bağışlaya bilər. Bir insan nəfsinə xoş gəlməyən sözlər deyən birinin ona çox əsəbiləşdiyini və əsəbiləşdiyi üçün bu cür danışdığını düşünə bilər.
Mövzunu açıqlamaq üçün bir çox nümunə göstərə bilərik. Ancaq burada əhəmiyyətli olan budur: çox qısa müddətdə belə ağılla və hüsnü-zənlə düşünülsə, bu rəftarların, əslində, məqbul, məntiqli və ağıllı izahlarının olduğu görünər. Belə ki, onların bu rəftarlarının möminlərə olan sevgilərindən və şəfqətlərindən qaynaqlandığı görünər.
Məsələn, yemək yeyən və yanındakına təklif etmədiyi düşünülən biri, əslində, qarşısındakı insana təkidlə yemək təklif etmiş, amma o, təzə yemək yediyi üçün bu təklifi qəbul etməmişdir. Bəlkə o insanın yeməkdəki hansısa tərəvəzə qarşı allergiyası var, ona görə də yeməkdən imtina etmişdir. Bəlkə də o insan öz payını bir az tez yeyib qurtarmışdır. Bunun kimi ilk baxışda xoş görünməyən vəziyyətin bir çox məqbul izahı ola bilər.
Yatan birinin yanında telefonla yüksək səslə danışan biri də bunu düşüncəsizlikdən deyil, texniki imkansızlıqdan və ya məcburiyyətdən edə bilər. Telefon yalnız o otaqda olduğu üçün orada danışmaq məcburiyyətində ola bilər. Eyni zamanda, qarşı tərəfə səs yaxşı getmədiyi üçün yüksək səslə danışmağa məcbur ola bilər. Ya da avtomobil qəzası, yanğın, xəstəlik kimi təcili xəbər verə bilər və vaxt itirməmək üçün həmin otaqda yatan insana əhəmiyyət vermədən zəng vura bilər.
Eyni şəkildə, avtomobil sürərkən danışmayan biri bəlkə də təzəliklə qəza etmiş və yenidən risk etməmək üçün diqqətli olmağa çalışır. Ya da başı və ya mədəsi ağrıdığı üçün danışmır.
Birinin xahişini yerinə yetirməyən və ya yanındakı insanın sevdiyi bir şeyi əlindən alan insan, bəlkə də, qarşısındakı insanın fiziki, ya da mənəvi cəhətdən zərər çəkməməsi üçün bu cür davrana bilər. Bu, onun mərhəmətsiz və qəddar olduğunu deyil, qarşısındakı insanı çox sevdiyini və dəyər verdiyini göstərir.
Qarşısındakı insana sevdiyi yeməyi verməyən bir insan da o şəxsin zərər çəkməsinə mane olmağa çalışır. Bəlkə kökəlməməsi, xolestrolunun və ya şəkərinin artmaması, mədəsinin ağrımaması, qaraciyərinə zərər verməməsi üçün bu cür davrana bilər. Bu vəziyyətdə həmin şəxsin mərhəmətsiz olduğunu düşünmək düzgün olmaz. Açıq-aydın görünür ki, bu insan qarşısındakı insanı qorumaq, şəfqət və qayğı göstərmək üçün bu cür davranır.
Qarşısındakı insanın nəfsinə xoş gəlməyən sözlər söyləyən biri də o insana bunun yaxşı təsir edəcəyini bildiyi və onu Qurana uyğun üsluba təşviq etməyə çalışdığı üçün bu cür davranır. Bu, o insanın əsəbi və qarşısındakı insana qarşı şəfqətsiz olduğundan qaynaqlanmır. Hədəfi də qarşısındakı insanın şəxsinə deyil, nəfsinə qarşıdır. Belə ki, bu sözlər əvvəlcə o insanın nəfsinə xoş gəlməsə də, Allahın izni ilə, təsirlənib düşünməsinə və nəticədə daha gözəl bir əxlaqa sahib olmasına səbəb olacaqdır. Quranda möminlərin nəfslərinə təsir edən sözlər söyləmələrinin faydalı olacağı bildirilmişdir:
Buna görə də mömin müsəlman qardaşlarının hər hərəkətinin doğru, hikmətli olduğunu düşünərək, pis düşünməkdənsə hüsnü-zənn etməli və məsələni aydınlaşdırmalıdır. Nəfsindəki bu refleksə qarşı Quran əxlaqının tələb etdiyi şəkildə davrandığı zaman, Allahın izni ilə, problem kimi gördüyü bir çox mövzunun, əslində, məqbul hadisələr olduğunu görər.