Hər bir vicdanlı insan ətrafında olan ehtiyac içindəki insanlara kömək əlini uzatmağa çalışır. Lakin bizim görmədiyimiz yardıma möhtac olanlar da var ki, onların vəziyyəti ətrafımızda rast gəldiyimiz insanların vəziyyətindən daha acınacaqlıdır.
Hazırda Suriyanın Şərqi Quta bölgəsində səssiz qətliam davam edir. Səssiz deyirik, çünki bu qətliam bombalar və ya güllələrdən daha çox regionda humanitar yardımın tamamilə qarşısının alınması və aradan qaldırılması ilə baş verir. Bununla bağlı xəbərlərə isə çox az yer verildiyi üçün dünya ictimaiyyəti bundan xəbərsiz qalır və lazımi reaksiyanı verə bilmir. Halbuki baş verənlər insanlıq əleyhinə kütləvi cinayətin baş verdiyini göstərir.
Suriya hökümətinin 2012-ci ildə mühasirəyə aldığı regiondakı ərzaq daşınan yolların son aylarda bağlanması vəziyyəti daha da acınacaqlı hala salıb. Hökumət BMT-nin və beynəlxalq təşkilatların yardımlarını məhdudlaşdırıb. BMT-nin Dünya Ərzaq Proqramı (WFP) tərəfindən dərc edilən hesabata əsasən, Quta xalqı ərzaq əldə edə bilmədiyi üçün zibillərlə qidalanır, heyvan yemi yeyirlər. Acından huşunu itirən insanları da görmək mümkündür, xalq öz uşaqlarını yalnız günaşırı yedizdirə bilir.
DƏP-in nümayəndəsi Dina Al Kassabi Şərqi Qutadakı vəziyyətin "çarəsizlik içində" olduğunu deyir. Bölgədə mühasirə və hücumların artması çox sayda mülki vətəndaşın ölümünə və kütləvi aclıq hallarına səbəb olur. YUNİCEF bölgədəki uşaqların yanvar ayı ərzində 2,1% olan qeyri-kafi qidalanma nisbətinin sürətlə 11,9%-ə çatdığını qeyd edir (10% fövqaladə vəziyyət kimi qəbul edilir). Analar bölgədəki ağır şəraitə görə uşaqlarını əmizdirə bilmir, atalar isə qarşıdurmalar səbəbindən ərzaq təmin etmək üçün heç yerə çıxa bilmirlər. Çıxsalar belə, regiondakı ərzaq qiymətlərinin bir neçə kilometr kənarda yerləşən Dəməşqdən 85 dəfə daha çox olması ərzaq almalarını qeyri-mümkün edir. Şərqi Qutada ərzaq yardımına möhtac olan 400 min insan var və hazırda bölgəyə yalnız 100 min nəfərlik ərzad göndərilib.1
BMT ölüm təhlükəsi ilə üz-üzə qalmış 500 nəfərin təcili olaraq bölgədən çıxarılmalı olduğunu açıqlayıb. Bölgədəki qeyri-hökumət təşkilatlarının verdiyi məlumatlara görə, 1000 uşaq yemək və dərman çatışmazlığına görə ölüm təhlükəsi altındadır. BMT nümayəndəsi Yan Eqelan bu vəziyyəti "faciə" kimi qiymətləndirib. AFP-nin yaydığı Sahar Dofdaa adlı uşağın görüntüləri vəziyyətin nə qədər dəhşətli olduğunu göstərir. İki kiloqramdan daha az olan bu uşağın gözləri çuxura düşmüş, qabırğaları isə sanki sinəsindən çıxacaq. Sümüklərini saymaq mümkündür, dərisi isə əzələ toxuması əridiyi üçün qırış-qırış olub.2 Suriyalı aktivist Rayed Şreyel: "Minlərlə uşaq təhlükədədir və bu problemi həll etmək üçün heç bir beynəlxalq təşəbbüs yoxdur. Bunun nəticələri çox təhlükəli olacaq və Qutada insanlıq faciəsi baş verəcək" – deyərək regiondakı vəziyyətin nə qədər ciddi olduğunu bildirir.3
Bu qətliam 193 ölkənin üzv olduğu, illik büdcəsi isə 2,5 milyard dollar olan BMT-nin gözü önündə baş verir. Lakin bütün bunlara baxmayaq, bunun qarşısını almaq üçün heç bir tədbirin görülməməsi çox təəccüblüdür. BMT ilə birlikdə bir çox ölkənin xarici işlər nazirliyi və diplomatik nümayəndəlikləri də vəziyyətdən xəbərdardırlar. Vəzifələri bu cür dəhşətli problemləri həll etmək olan nəhəng büdcələrə malik təcrübəli insanlar və qurumlar çarəsizlik, sükut içindədirlər. Əgər Şərqi Qutadakı səssiz soyqırımın qarşısı alınmasa, tarix həm bunun səbəbkarlarını, həm də qətliama mane olmayan qurum və insanları heç bir səy göstərməməyin utancı ilə yad edəcək.
Hazırda Şərqi Qutada bütün dünyanın gözləri önündə baş verən insanlıq faciəsi Suriyada atəşkəsin təminatçısı olan üç ölkə – Türkiyə, İran və Rusiya sayəsində sona çata bilər. Şərqi Qutanın içində yerləşdiyi region bu üç ölkənin Suriyada qurulması üçün razılaşdığı təhlükəsiz zonanın sərhədləri daxilindədir.4 Ərzaq və tibbi yardımların həyati əhəmiyyət daşıdığı regiona lazımi ləvazimatların çatdırılması üçün BMT nəzarəti altında nümayəndə heyətləri yaradıla bilər. Bu heyətdə Suriya hökümətinin, eləcə də Rusiya və Türkiyə rəsmilərinin nümayəndələri də iştirak etsin. Onların humanitar yardımlara nəzarət etməsi sayəsində hökümətin Qutadakı müxaliflərə silah göndərildiyinə dair narahatlıqları da aradan qalxmış olar.
Bölgədəki vətəndaşların ehtiyacları çox olduğu üçün olduqca böyük yardım səfərbərliyi elan olunmalıdır. Bunun üçün regionda toqquşan tərəflər arasında əldə olunan bir neçə günlük atəşkəsin müddətini daha da uzadaraq vətəndaşları təxliyə etmək lazımdır. Azad edilən vətəndaşların ehtiyacları isə Türkiyənin nəzarəti altında olan bölgədə və ya bütün qaçqınlara hər zaman qapılarını açan Türkiyədə qarşılana bilər. Bölgədəki digər ölkələr də dövlət səviyyəsində yaxşı planlaşdırma apararaq din qardaşlarının təhlükəsizlikdə olmalarını təmin etmək üçün hər cür maddi və mənəvi dəstəyi təmin etməlidirlər.
Regiona əsil həll yolunu gətirən isə region ölkələrinin bir yerə gələrək ağıllı ittifaq qurmalarıdır. Türkiyə, Rusiya və İran Suriyada davam edən münaqişəni həll etmək üçün ağıllı və uzlaşdırıcı addımlar ataraq, bu ittifaq sayəsində regionda uzunmüddətli atəşkəsi təmin edə bilər. Bu baş verdikdən sonra məzlumların çəkdiyi zülmün qarşısını almaq üçün humanitar yardımları ehtiyac sahiblərinə çatdırmaq mümkün ola bilər. Vaxt itirmədən tərəfləri uzlaşdıran minimum konsensusda qərarlar qəbul edib, bunların prioritet olaraq həyata keçirməyə başlamaq, bölgədə axan qanın dayandırılması üçün tədbirlər görmək və terrorun qarşısını alan addımlar atmaq çox vacibdir. Bu mühüm və həyati addımların atılması ilk növbədə hər cür etnik və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması, regiondakı xalqların birlikdə hərəkət etməsi ilə baş verə bilər. Bu əminliyin ifadə edilməsi beynəlxalq cəmiyyət üzərində xalqın ehtiyac duyduğu təhlükəsizlik şərtlərinin yaradılmasını gücləndirə bilər. Bunun üçün müsəlman ölkələrindəki ictimaiyyətin ittifaq məsələsində tələblərini yüksək səslə dilə gətirmələri böyük əhəmiyyət daşıyır.
İstinadlar:
1. Middle Esat Eye, Child malnutrition hits 'all-time high' in East Ghouta, says UN, 30 noyabr 2017,
http://www.middleeasteye.net/news/child-malnutrition-hits-all-time-high-east-ghouta-says-un-506304877
2. News.com.au, Heartbreaking photos of malnourished children in Syria, 23 oktyabr 2017, http://www.news.com.au/lifestyle/real-life/news-life/heartbreaking-photos-of-malnourished-children-in-syria/news-story/fd3dcf739b1b34043325b2dc2473a113
3. Kareem Shaheen, Syria: shocking images of starving baby reveal impact of food crisis, The Guardian 23 oktyabr 2017, https://www.theguardian.com/world/2017/oct/23/syria-shocking-images-of-starving-baby-reveal-impact-of-food-crisis
4. Arab News, Syrian children die of hunger under regime siege, 23 oktyabr 2017, http://www.arabnews.com/node/1181786/middle-east
Adnan Oktarın “The Mercury”də (Cənubi Afrika) yayımlanan məqaləsi