Son zamanlar bütün dünya Bəşər Əsədin kimyəvi silahdan istifadə edib etmədiyini müzakirə edir. Artıq onun kimyəvi silahdan istifadə etdiyi məlumdur, ancaq əsas məsələ ondan ibarətdir ki, Suriyada 2 ildir qırğın davam edir və bu qırğınlara əksər insanlar səssiz qalır.
Hadisələrə səssiz yanaşanlar insanların niyə öldürüldüyünü araşdırmaq əvəzinə hansı silahlarla öldürüldükləri ilə maraqlanırlar. BMT-nin verdiyi məlumatlara əsasən Suriyada 100 mindən çox insanın öldürülməsinə, bir çoxunun da qaçqın düşməsinə baxmayaraq, bu ''insanlar'' bir dəfə də olsun bu hadisələrə reaksiya vermirlər.
Bombalamağı, pulemyotlarla insanlara işgəncə verərək qətl etməyi çox adi qarşılayır, amma kimyəvi silah məsələsinə gələndə ''insanlar ölür'' deyə guya heyrətlənirlər. Halbuki, vicdanlı davranış insanların nə ilə deyil, niyə öldürüldüklərini araşdırmaq və bunlara mane olmaq üçün cəhd etməkdir.
Müharibə ilə sülh yaratmaq olmaz, müharibələrlə nizam qurulmaz.
Unudulmamalıdır ki, hərbi müdaxilə, xüsusilə də dar və məhdud müdaxilə Suriyadakı müharibəni dayandırmaq üçün çıxış yolu olmayacaq. Hər şeydən əvvəl, xilas etmə əməliyyatlarının keçirilməsi zəruridir. Silahlara ayrılan pul köçkünlər üçün istifadə edilməlidir.
Gəmilər, mərmilər, reaktivlər, bombalar üçün xərclənən milyonlarla dollar xalqın Suriyadan çıxarılması və qonşu ölkələrə yerləşdirilməsi üçün istifadə edilə bilər. Bir cana belə zərər gəlməsinin qarşısını almaq üçün insanlar buradan mütləq çıxarılmalıdır.
Digər tərəfdən, Amerikanın hərbi müdaxilə etməsi böyük ehtimalla daha böyük itkilərə səbəb olacaq. Suriyada öz xalqını amansızca əzən bir rejim var və bu rejim 3 ilə yaxındır ki, öz torpaqlarını, demək olar ki, hər gün bombalayır. Bu da azmış kimi, bir də Amerikanın gedib Suriyanı bombalaması heç bir şeyi dəyişdirməyəcək, məzlumlar xilas edilə bilməyəcək. Hətta daha böyük qarışıqlıqlar yaranacaq. Bir dəyişiklik olacaq ki, o da silah atanın kimliyi dəyişəcək, amma yenə silaha tuş gələnlər məzlumlar olacaq.
Demək olar ki, hər gün yüzlərlə insanın öldüyü Suriyada əsas hədəf Əsədi cəzalandırmaq deyil, cinayətləri dayandırmaq olmalıdır. Cəzalandırmağın əvəzi yenə də günahsız insanların həlakı olacaqsa, belə bir üsula heç bir vicdanlı insan dəstək olmamalıdır. Allah Tövratda və İncildə olduğu kimi, Quranda da insan öldürülməsini haram buyurmuşdur. Dinimizdə tək bir canlının öldürülməsi bütün dünyanın öldürülməsi kimidir və tək bir canı xilas etmək də bütün dünyanı xilas etmək kimidir. Elə buna görə də bir fərdin belə zərər görməyəcəyi bir üsulla Suriyadakı zülmə son qoymaq lazımdır.
Suriyada əsas iki məsələ var: Birincisi, Baas rejiminin törətdiyi cinayətləri dayandırmaq, ikincisi isə sülh tərəftarı, müasir Suriya dövlətinin qurulmağı. Hər iki məsələ sadəcə İslam ölkələrinin müdaxiləsi ilə həyata keçə bilər.
ABŞ bu niyyətdə olduğunu vurğulasa da, bu bölgədə bir çox qrup tərəfindən bir növ işğalçı qrup olaraq qəbul ediləcək və mənfi reaksiyaya məruz qalacaq. Həmçinin, edəcəyi məhdud müdaxilə Əsəd rejimini zəiflətməyəcək, əksinə daha da qıcıqlanaraq aqressivləşməsinə səbəb olacaq. Onlarla, yüzlərlə dəstənin silahlı mübarizədə olduğu Suriyada Amerikanın bu dəstələri barışdırmağı və nizam yaratmağı mümkün deyil.
Amma İslam ölkələri birləşsə, bütün bunlar asanlıqla əldə edilə bilər. Türkiyə, Pakistan, İndoneziya, Mərakeş, Əlcəzair, Tunis, Qatar, Səudiyyə Ərəbistanı, İran kimi çoxsaylı ölkədən bir diviziya əsgər alınaraq birləşsələr və lazım olsa 70 yerdən Suriyaya girsələr, zülmə tezliklə son qoyular. ABŞ, AB (Avropa Birliyi) və xüsusilə Rusiyanın dəstəklədiyi bu güc qısa müddətdə Suriyada hadisələrin səngiməsinə səbəb olar.
İslam ölkələrinin əsgərlərindən təşkil olacaq bu birlik sülh ordusu kimi döyüşmək üçün deyil, sadə vətəndaşları qorumaq üçün Suriyaya girəcək. Tanklar güllə atmaq üçün deyil, sülh yaratmaq üçün irəliləyəcək. İnsanlar gələn əsgərlərin müsəlman olduğunu bildikləri üçün inam və sevinclə onları qarşılayacaqlar. İran da bu birliyə qoşulacağı üçün məzhəb davalarına rahatlıqla son qoyulacaq. Rusiya da dəstək olduğu üçün Suriyadakı hökumət qüvvələri asanlıqla təslim olacaq. Lazım olsa, 70 yerdən, yəni bir çox nöqtədən eyni anda giriş olacağı üçün Əsəd rejimi asanlıqla məğlub ediləcək. Hədəf qisas almaq, yox etmək deyil, axan qanı dayandırmaq olacaq.
Çaxnaşma dayandırıldıqdan sonra hər məzhəbdən, hər dindən, hər düşüncədən olan insanların bərabər hüquqlara sahib olacağı bir sistem qurulmalıdır. Bütün qruplar bu günə qədər yaşanılan sıxıntıları Allah’ın Qurani-Kərimdə ''Bağışlamaq sizin üçün daha xeyirlidir'' əmrinə tabe olaraq bağışlayıb tam demokratik Suriya dövlətinin qurulmasına dəstək olmalıdırlar. Bir məzhəbin digərindən üstün olmadığı, xristianların, musəvilərin qorunduğu, tam demokratik, müstəqil, müasir Suriya dövlətinin qurulmağı sadəcə Suriya xalqı üçün yox, bütün bölgə üçün gözəl olacaq və bu nəticəni ancaq İslam ölkələrinin birliyi ilə əldə edə biləcəklər.
Yenidən xatırlatmaq istəyirəm ki, bu problemi sülh ilə həll etmək yerinə, bombalarla həll etmək problemi daha da böyüdəcək. Köməyə ehtiyacı olan sadə suriyalılar həm Əsədin idarəçiliyi, həm də qəddar fanatiklərin istifadə etdikləri üsullardan kifayət qədər əziyyət çəkir. Bombaların, mərmilərin atılacağı istiqamətlər nə qədər yaxşı hədəfə alınsa da, yenə də insanların həyatı təhlükə altına girəcək. Qurana tam təslim olan, qan tökülmədən həll ediləcək bir yol olduğu halda, qanlı metodla həll etməyə çalışmaq necə məqbul qarşılana bilər? Ya bu qətliamlara göz yummalıyıq ki, bu çox pis seçimdir və vicdanlı insanlar olaraq bunu heç vaxt etmərik, ya da müsəlman ölkələr birləşərək Suriyaya girməlidirlər. Əgər müsəlman ölkələri bunu etsələr, bütün problem 24 saat ərzində həll olunacaq.
Gəlin, müharibə deyil, sülh tərəftarı olaraq Allah’ın göstərdiyi asan və gözəl yolu seçək. Allah'ın istədiyi əxlaqı və yolu seçsək, heç həll olmayacaqmış kimi görünən problemlərin sürətlə həll olduğunu görərik.