Bu gün dünyanın ən çox qan tökülən regionu dedikdə ağla ilk gələn yer Suriyadır. 5 ildir davam edən vətəndaş müharibəsində dünyanın gözü qarşısında 500 mindən çox günahsız insan şəhid oldu. 22 milyonluq ölkə göz açıb bağlayana qədər darmadağın oldu. Ölkədə hələ də döyüşməkdə olan irili-xırdalı 200-dən çox təşkilat var.
Sağ qalan suriyalılar üçün də həyat çox çətindir. Suriya vətəndaşlarının 5 milyonu ölkə içində yer dəyişdirmiş, bir o qədəri də həyatını xilas etmək üçün müxtəlif ölkələrə sığınmaq məcburiyyətində qalmışdır. Ölkədə qalanlar bir tərəfdən güllə, bomba və raketlərə hədəf olmamağa çalışır, bir tərəfdən də viran qalmış şəhərlərdə ac-susuz, yaşamaq uğrunda mübarizə aparırlar.
Bu gün suriyalı qaçqınlara ən çox yardımın Türkiyədən gəldiyi dünya ictimaiyyətinin bildiyi bir həqiqətdir. 3 milyon suriyalı Türkiyədə yaşayır və bu qaçqınların təkcə 10-da biri qaçqın düşərgələrində qalır. Ölkəmizdəki suriyalı qaçqınların böyük əksəriyyəti şəhərlərdə məskunlaşıb. Belə ki, böyük şəhərlərdə Suriya məhəllələri yaradılıb. Suriyalı uşaqların və gənclərin böyük əksəriyyəti üçün türk dili ana dili olub. 5 il ərzində mənfi mənada heç bir ictimai hadisə baş verməyib və bu bütün dünyaya nümunə olacaq inteqrasiya sürətidir. Hazırda illərdir birlikdə yaşadıqları müsəlmanlara qarşı bəzi ölkələrdə görülən qəzəb və şiddət Qərb cəmiyyətlərinin nöqsanıdır. Bir çox analist bu ictimai problemlərlə yanaşı, baş verən qırılmanın Avropa cəmiyyətlərinin parçalanmasına səbəb olacağını düşünür.
Türkiyə öz ərazisindəki suriyalılar qədər sərhədin digər tərəfində qalan məzlumlara da kömək edir. «Humanitar Yardım Dəhlizi» olaraq adlandırılan Hələb yolu sayəsində mühasirə altındakı Hələb və ətrafına 2 ildən artıqdır ki, qida, qeyim və tibbi ləvazimat yardımı edilir. Türkiyənin qeyri-hökumət təşkilatları, Türkiyə Qızıl Aypara Cəmiyyəti və AFAD (Fəlakət və Təcili Yardım İdarəsi Rəhbərliyi) regionda böyük yeməkxanalarda davamlı olaraq isti yemək və səhiyyə xidməti verir. Çadırlar vasitəsilə küçədə qalan insanlar yaşayış yeri ilə təmin olunur.
Türkiyənin Suriyada sabitliyin bərqərar olması üçün səyləri bunlarla da məhdud deyil. Türk ordusu Azad Suriya ordusunun Suriyanın şimalında keçən həftə başlatdığı əməliyyata dəstək verir. Əməliyyatın məqsədi Cerablus şəhərindən başlayaraq Fərat çayı boyunca cənuba doğru sülh dəhlizi yaratmaqdır. Region münaqişələrdən təmizləndikdən sonra bufer zona yaradılaraq yeni suriyalı qaçqınların məskunlaşacağı mərkəzlər yaratmaq məqsədi güdülür. Onu da qeyd etmək lazımdır ki, insanların həyatlarının təhlükə altında qaldığı hərbi əməliyyatlara hər zaman və hər şərtdə qarşıyıq.
Fərat Qalxanı adlandırılan əməliyyatla birlikdə azadlığına qovuşan hər nöqtəyə Türkiyə Qızıl Aypara Cəmiyyəti yardım aparır. Başda Cerablus olmaqla onlarla yaşayış yeri humanitar yardım almağa başlayıb. Cerablusun mərkəzində 5 min nəfər üçün hər gün üç dəfə yemək hazırlanır. Hələ də davam edən hərbi əməliyyat humanitar yardımla koordinasiyali olaraq davam edir. Bir çox türk siyasətçi də bayramı Cerablusta keçirəcəklərini bəyan edib. Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri dr. Kərəm Kınık sərhəd nöqtəsindən müraciət edərək "yardım dəhlizi açıldıqca daha çox insana yardım çatdıracaq infrasturkturu qurduqlarını" açıqlayıb. AFAD sədri Mehmet Halis Bilden təcili miqrant dalğasına qarşı sərhəddə 5 min insanı himayə edəcək düşərgə ləvazimatının hazır olduğunu, sərhəd arxasındakı düşərgələrdə də 40 min nəfərlik yeri hazır saxladıqlarını bildirib. Bu gün etibarilə hər gün 20 yük avtomobil humanitar yardımı Suriya daxilində paylayır.
Suriyaya gedən humanitar yardımların mənbəyi təkcə dövlət qurumları və ya yardım təşkilatları deyil. Türkiyənin dörd bir yanından tırlarla dolu yardım bölgəyə axın edir. Bələdiyyələrin, yerli qəzetlərin, hətta bir araya gələn bir neçə xeyriyyə cəmiyyətinin kampaniyaları ilə tonlarla ərzaq və geyim ehtiyac sahiblərinə çatır. Suriya sərhədindəki AFAD (Türk dövlətinin yardımların yerinə çatması üçün vəzifələndirdiyi qurum) koordinasiyası ilə bu yardımlar birləşdirilib ehtiyac məntəqələrinə çatdırılır. Türk xalqı xeyirxahlığı səfərbərlik ruhu ilə həyata keçirir. AFAD səhra xəstəxanaları quraraq səhiyyə xidməti də verməyə başlayıb. Təcili hallar üçün mobil səhiyyə qrupları lazımi tibbi ləvazimatla hazır şəkildə gözləyir.
Türkiyə uzun illərdir dostluq və qardaşlıq əlini suriyalılara uzatmış, çətin anlarında suriyalı qardaşlarının yanında olmuş, heç bir qarşılıq gözləmədən məsum insanları qorumuşdur. Bu səbəbdən bölgə xalqı hərbi əməliyyatla gəlməsinə baxmayaraq, türk əsgərini sevinclə qarşılamış, bağrına basmışdır.
Qərbdəki bəzi ölkələr isə Suriyada 5 ildir müasir dövrün ən inkişaf etmiş silahlarını istifadə edərək hərbi əməliyyatlar keçirirlər. ABŞ-ın F22-ləri, A10 Thunderboltları ölkəni havadan edilən bombardmanlarla xarabaya çevirib. Suriya sahillərində fransız, ingilis, rus, ABŞ təyyarə daşıyan gəmilər və hərbi gəmilər lövbər salıb. Tank əleyhinə raketlər, ağır artilleriya Suriya vətəndaş müharibəsinə daxil olub. Sevgidən, dostluqdan, qardaşlıqdan, humanitar məqsədlərdən məhrum olan bu əməliyyatlarla bu vaxta kimi heç bir nəticə əldə edilməyib, sülhə dair heç bir hadisə baş verməyib. Aydındır ki, mənfəət güdən, eqoist, sevgidən uzaq siyasət dünyanı daha təhlükəli bir yer halına gətirməkdən başqa bir işə yaramır.
5 min ildir ki, dünyanın mərkəzi olan Yaxın Şərqdə çözüm hərbi üsullarla əldə edilməyib və edilməyəcək də. Yaxın Şərq xalqları din və mədəniyyət birliyi ilə yanaşı minlərlə illik ümumi keçmişə malikdirlər. Məhz bu gözəlliklərdən istifadə edərək regiondakı problemlərə təcili həll yolu tapmaq mümkün ola bilər.
Bunun üçün edilməli olanlar açıqdır: suriyalı qardaşlarımıza veriləcək vətəndaşlıq hüququ onların içində olduqları cəmiyyətə inteqrasiyasını sürətləndirəcək. Həmçinin qardaşlarımızın əsas ehtiyaclarını ödəmələrini, iş həyatlarındakı çətinlikləri dəf etmələrini, səhiyyə xidmətləri və təhsil imkanlarını əldə etmələrini asanlaşdıracaq. Bununla yanaşı, Yaxın Şərqin mənəvi rəhbərlərinə, siyasətçilərinə və din adamlarına da böyük vəzifələr düşür. Kin, nifrət və düşmənçiliyi qızışdıracaq çıxışlardan etina ilə çəkinmək, sevgi, birlik, qardaşlıq və sülh mədəniyyətini aşılayan üsluba yönəlmək region üçün qurtuluşun əsas yollarından biridir.
Uşaqlarımıza, nəvələrimizə daha yaxşı bir dünya miras qoymaq hamımızın borcudur. Əks halda Allah Qatında və tarix qarşısında tökülən qanların günahı, bunu edənlərin olduğu qədər zülmə səssiz qalanların da boynuna olacaq.
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi: