Ətrafında heç bir narahatlıq olmadığı halda, birdən ard-arda dəfələrlə asqırmağa başlayan, gözləri qızarıb-sulanan, təngnəfəs olan və ya dərisində qızartılar, səpki yaranan insanları görmüsünüz. Bəzən ən sadə qidalardan, arılardan, hətta çiçəklərdən də uzaq duran bu şəxslərin narahatlığının adı allergiyadır.
Allergiya orqanizmin bəzi maddələrə qarşı qabarıq cavab reaksiyası kimi təyin oluna bilər. Bu maddələr allergen adlanır. (Bax: Harun Yəhya, İnsan möcüzəsi)
Allergiya bədənə xarici maddənin girməsi və immun sisteminin hərəkətə keçməsilə başlayır. Bitki mənşəli tozcuqlar allergiyasını (pollinoz) nümunə götürək: irsi olaraq allergiyaya meyilli insan tozcuqlardan təsirləndiyi zaman immun sistemində tozcuqlarda olan zülallara, yəni allergenə qarşı immunoqlobulin E (İgE) deyilən antitel istehsal edilir. Bu antitellərin quruluşu allergenə görə dəyişir. Ev tozundan ev heyvanlarının tükünə, meyvə-tərəvəz növlərindən arıya qədər allergen maddələri çox müxtəlifdir.
Allergiya necə meydana gəlir?
Hər insanın bədənində İgE adlanan antitel istehsal edilir. Antitelin vəzifəsi orqanizmə soxulan yad cisimləri neytrallaşdırmaqdır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.
Allergik olmayan insanlarda isə immunoqlobulin G (İgG), ya da immunoqlobulin M (İgM) kimi başqa antitellər istehsal edilir. İgG və ya İgM insanlardakı allergik reaksiyalarda rol oynamır, əksinə, allergiyadan qoruyurlar.
Bütün immunoqlobulinləri isə B lenfosit adlanan xüsusi ağ qan hüceyrələri istehsal edir. B lenfositlərinin antitel düzəltməsinə T lenfositləri adlanan ağ qan hüceyrələri kömək edir. Ayrıca, B lenfositlərinə makrofaj hüceyrələri də kömək edir. Makrofajlar xarici maddələri, yəni allergenləri içlərinə alaraq zərərsizləşdir, sonra onları T lenfositlərinə verirlər. Beləliklə, T lenfositlərini aktivləşdirirlər. T lenfositləri də B lenfositlərinə İgE istehsal etdirir. Bir insan müəyyən bir allergenlə qarşılaşdıqda tək o allergenə məxsus olan bir İgE antiteli istehsal edilir.
Mast adlanan hüceyrələrin səthinə yapışıb gözləyən hər allergenə məxsus İgE molekulları pusqudakı əsgərlər kimi gözləyirlər. Antigen hüceyrələrin səthindəki İgE molekullarına bağlanınca bu hüceyrələr aktivləşir və bir sıra kimyəvi maddə ifraz edir. Bu maddələr də allergik reaksiyalara gətirib çıxarırlar. Ancaq allergik insanlarda İgE antitellərinin niyə daha çox istehsal edildiyi, hansı səbəbdən xəstəlik yaratmayan maddələrə bədənlərinin reaksiya verməsi sualına hələ də cavab tapılmır.
İnsanın nəyə qarşı allergiyasının olduğu necə müəyyən edilir?
Hər mast hüceyrəsinin içində allergiyaya gətirib çıxaran otuzdan çox maddə daşıyan 500-1500 dənəcik var. Bu maddələrin töküldüyü yer allergik reaksiyaların yerini müəyyən edir. Məsələn, mast hüceyrələri ağciyərlərdə aktivdirsə, sərbəst qalan maddələr bronxları daraldaraq təngnəfəslik, xırıltı və öskürək yaradırlar. Bu maddələrin ən məşhuru histamindir.
Histamin dəridə ortaya çıxdıqda qaşıntı, ağciyərlərdə ortaya çıxdıqda bronx daralması, bütün bədəndə ortaya çıxdıqda allergiya şoku (anofilaktik şok) yarada bilər.
Mast hüceyrələrinin istehsal etdiyi histamin təsiri yaradan digər “əsgərlər” leykotrienlər və sitokinlərdir. Bu “əsgərlər” yerini alınca “döyüş” başlayır. Ardından böyük sürətlə allergik reaksiya meydana gəlir. Məsələn, xaçgülünə allergiyası olan bir insan bu otla qarşılaşdıqdan bir neçə dəqiqə sonra asqırmağa və xırıltılı nəfəs almağa başlayır. Burnu qaşınır və axır, gözləri qızarır, yaşarır və qaşınır.
Allergiya necə müalicə edilir?
Allergiya müalicəsində ilk addım xəstəni allergiya yaradan maddələrdən uzaq tutmaqdır. Pollinoz allergiyası olanlar bitki tozcuqlarının havada artdığı saatlarda evdən çölə çıxmamalı və evdəki tozcuqları azaltmaq üçün tədbirlər görməlidirlər.
Qidalara qarşı allergiyada isə sınaq üsulu ilə müəyyən olunan qidalardan uzaq durmaq lazımdır. Hal-hazırda allergiya müalicəsində bir çox dərmandan istifadə edilir. Ən yaxşı dərmanların belə allergiyanı yatıra bilmədiyi vəziyyətlərdə həkimlər allergiya iynələrindən istifadə edərək immunitet reaksiyasını dəyişdirməyi sınayırlar. Bu müalicədə xəstəyə allergik olduğu maddələr az miqdarlarda təkrar-təkrar inyeksiya edilərək immun sistemi o maddəyə qarşı laqeydləşdirilir. Allergiya kimi narahatlıqlar bizə immun sistemimizin möcüzəvi xüsusiyyətlərini düşündürdükləri kimi, insanın nə qədər aciz bir varlıq olduğunu da göstərir. Allah bir ayədə bu şəkildə bildirir:
“Ey insanlar! Siz Allah’a möhtacsınız. Allah isə möhtac deyildir. O, şükrə layiqdir!” (Fatir surəsi, 15)
Öldürən allergiya: anofilaktik şok
Allergiyanın ən ağır və təhlükəli forması – anofilaktik şok bütün bədənə təsir edən məşhur allergik reaksiyalarla bağlı inkişaf edir. Anofilaktik şok, yəni allergik şok erkən tanınıb təcili olaraq müalicə edilmədikdə insanı şoka sala bilər və ya ölümə gətirib çıxara bilər. Tez-tez eşitdiyimiz “penisillin iynəsi vuruldu, həyatını itirdi” və ya “arı sancmasından öldü” kimi hadisələrin səbəbi anofilaktik şokdur.
İlk anofilaktik ölüm hadisəsi e.ə. 2641-ci ildə arı sancmasından dünyasını dəyişən Misir fironu Mensesdir.
Ölümcül anofilaktiklərin hər il on milyon insandan 4-20-ində görülə biləcəyi təxmin edilir. Məsələn, Türkiyədə hər il təxminən 100 nəfər anofilaktik şokdan həyatını itirir.