Ötən ay dənizin ortasında köməksiz vəziyyətdə qalmış ürək dağlayan görüntüləri ilə rohinca müsəlmanlarının faciəsi dünya mətbuatının gündəmi olmuşdu.
Bu kədərli görüntülərdən sonra dünyanın hər yerindən bir çox insanın rohinca müsəlmanlarının yaşadığı bu insanlıq faciəsi haqqında daha çox məlumatı oldu. Yaşadıqları kəndlər yandırıldı, yüzlərlə, hətta minlərlə insan evlərindən zorla çıxarıldı. Bəziləri düşərgələrə aparıldı, bəziləri də qul olmağa məcbur edildi. Yaşadıqları dəhşətli vəziyyətdən sonra yaşamağa daha yaxşı yer tapmaq üçün qırıq-salxaq qayıqlara minib qaçmaqdan başqa çarələri qalmadı.
İstər beynəlxalq mətbuatda, istərsə də sosial şəbəkələrdə bu mövzuya geniş yer verilməsi ilə artıq beynəlxalq cəmiyyət, vicdanlı hər insan bu qəddarlığın fərqindədir. Çarəsiz kişilər, qadınlar və məzlum uşaqlar öz ölkələrində həbs edilmiş, əsas ehtiyaclarından məhrum edilmiş, dənizin ortasında köməksiz vəziyyətdə qalmış və ya ətraf meşəlik sahədə xərac almaq üçün saxlanılarkən, dünya səviyyəsindəki dərketmə rohinca xalqına daha yaxşı gələcək üçün ümid olacaq.
Bu problemin fərqində olmaq, aparılan mübarizəyə, ya da səbəb olduğu kütləvi köçə təbii ki, bir qatqısı olmaz. Problemin həll edilməsi üçün edilən cəhdlər təsirli və qalıcı olmalı, müvəqqəti rahatlıq təmin etmək əvəzinə problemlərin mənbəyinə istiqamətli olmalıdır.
Bu cəhətdən baxıldıqda təklif edilən bütün həll yollarının hamısı yetərsiz qalır. Bəs bunun səbəbi nədir?
Bu zalımlığın əsas təqsirkarı Myanma hökumətidir. Avropa İttifaqı Burma nümayəndəsi Tomas Oxea Kintana «Mynama təhlükəsizlik qüvvələri tərəfindən rohincalı müsəlmanların hüquqlarının pozulması çox geniş və sistematikdir» deyə bildirir. Yaxın dövrdə verilən rəsmi açıqlama ilə Myanma hökuməti rohinca müsəlman azlığına qarşı münasibətində yumşalma niyyətinin olmadığını açıq şəkildə dilə gətirdi.
Bu, hökumətin insan hüquqlarını pozmağa davam edəcəyinin açıq mesajıdı. Bu mesaj beynəlxalq mətbuatda açıq şəkildə yer aldı.
Nəsillər boyunca Myanmada yaşamalarına baxmayaraq, Myanma hökuməti rohinca müsəlmanlarını burmalı olaraq qəbul etmir və vətəndaşlıq hüququ vermir. İnsanlıqdan kənar vəziyyətdə işləyib yaşayacaqları müəyyən sahələrdə saxlanılırlar. Beynəlxalq xeyriyyə cəmiyyətlərindən gələn humanitar yardımın belə bu insanlara çatdırılmasının qarşısı Myanmanın səlahiyyətli şəxsləri tərəfindən alınır.
Myanma tərəfindən tətbiq edilən bu siyasətə baxmayaraq, bəzi Qərb dövlətləri və ASEAN ölkələri (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) yaxın dövrə qədər hərbi diktatorluq olan Myanmanı demokratiyanın yüksələn ulduzu kimi dəstəkləmək üçün böyük cəhd göstərdilər.
Rohincalı müsəlmanlara qarşı edilən zülm ən yüksək həddə çatdığı zaman «Human Rights Watch” təşkilatı açıq-aşkar yaşanan bu əziyyətə qarşı dəlil irəli sürdü:
«Oktyabr hücumları rohinca və kaman müsəlmanlarına qarşı həyata keçirilən təşkilatlanmış hücumlar idi. Bu hücumlar yerli arakanlı siyasi partiya mənsubları, buddist keşişlər, sadə arakanlılar tərəfindən təşkil edildi və dövlətin təhlükəszilik qüvvələri tərəfindən birbaşa dəstəkləndi.
Rohincalı kişilər, qadınlar, uşaqlar öldürüldü, bəziləri kütləvi qəbiristanlıqlarda basdırıldı, yaşadıqları yerlər dağıdıldı».
Ölkədə yaşayan bütün müsəlman əhalini yox etmək üçün həyata keçirilən soyqırımı və təkrarlanan hücumları unutmaq mümkün deyil.
Bəs, necə olur ki, «demokratiya» müjdəçiləri insan hüquqlarının bütün müddəalarına zidd olan bu açıq-aşkar məhv etmə qarşısında kar və lal qala bilirlər.
Bu bəzəkli demokratiya ifadələrinin altında yatan səbəbin iqtisadi mənfəətlər olduğunu təxmin etmək elə də çətin deyil. Çin də daxil olmaqla ASEAN ölkələri və xüsusilə Amerika kimi bir çox ölkə Asiyanın ən böyük – Şimali Koreya istisna olmaqla - ən son istifadə edilməmiş bazarın təqdim etdiyi imkanlardan faydalanmaq üçün gözləyən ölkələrin başında gəlirlər.
Bu hökumətlər və şirkətlər xüsusilə istehsal sənayesi baxımından iqtisadi mənfəətlərinin arxasına düşüblər. Myanmanı ucuz işçi qüvvəsi kimi yeni oyun meydançası olaraq görürlər.
Açıq şəkildə görürük ki, Myanmanın demokratik statusunu cilalamalarındakı cəhdin arxasında yatan səbəb iqtisadi mənfəətlərdir. Eyni zamanda açıq- aşkar olan və dövlət dəstəyi ilə həyata keçirilən bu dəhşətli ayrı-seçkiliyi görməməzliyə vururlar.
İlk öncə beynəlxalq cəmiyyət Myanma hökuməti üzərində varlığını daha sərt şəkildə hiss etdirməlidir.
Myanmanın yeni inkişaf edən və əsas sənayesi üzərində iqtisadi sanksiyalarla Myanma hökuməti rohincalılara qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasətini yüngüləşdirməyə məcbur edilə bilər və zülmə son verməsi üçün inandırıla bilər.
Amerika və Avropa mövzu Rusiya kimi ölkələr olduqda axırıncı kartından istifadə edir. Ancaq Burmaya gəldikdə, eyni şəkildə hərəkət etməmələrinin səbəbi mənfəətə əsaslanan Qərb ölkələrinin və çox millətli şirkətlərin planını ortaya qoyur.
Rohinca müsəlmanlarına humanitar yardım edilməsi çox önəmlidir. Ancaq bu kimi fəaliyyətlərin müvəqqəti rahatlıq yaradacağını da unutmamaq lazımdır.
Ən önəmli hədəf problemin mənbəyini aradan qaldırmaq olmalıdır. Hədəf rohinca müsəlmanlarına bu dünyada yaşayan hər insanın layiq olduğu həyat şəraitini təqdim etmək və bunun qalıcı olmasını təmin etməkdir.
Adnan Oktarın «Malaysian Insider» & «Rohingya Blogger»da dərc olunan məqaləsi:
http://www.rohingyablogger.com/2015/06/significant-solutions-for-rohingya.html