250 il Rohinca müsəlmanlarına edilən zülm 2012-ci ildən etibarən daha da azğınlaşmağa başladı. Həmin ilin iyun ayında Arakanda minə yaxın müsəlman amansızcasına şəhid edildi. 125 min insan evlərindən, kəndlərindən sürgün edilərək dağlarda, meşələrdə yaşamağa məcbur edildi. Son iki ildir ki, Myanma rəhbəliyi arakanlı müsəlmanları sanki tamamilə məhv etmək üçün soyqırıma başlayıb.
2016-cı ilin oktyabr ayında başlayan hərbi zorakılıq və təzyiqlər nəticəsində yüz minə yaxın Rohinca müsəlmanı yurdlarından didərgin düşdü. 75 mindən çoxu Banqladeşin Koks Bazar bölgəsində dünyanın ən pis düşərgəsi kimi tanınan Kutupalonq düşərgəsi və ətrafında məskunlaşmaq məcburiyyətində qaldı.
Son olaraq Arakan bölgəsindəki qarşıdurmalar 10 polisin ARSA (Arakan Rohinca Qurtuluş Ordusu) döyüşçüləri tərəfindən öldürülməsi ilə yenidən başladı. Polislərin ölümündən Rohinca müsəlmanlarını məsul tutan Myanma hərbi qüvvələri həmin regionda məzlum arakanlılara terror əsdirdi.
Minlərlə müsəlmanın şəhid edildiyi, diri-diri yandırıldığı, on minlərlə insanın işgəncələrə məruz qaldığı hücumlardan qaçanlar isə hər zamankı kimi sərhəddə Banqladeş polisi tərəfindən geri qaytarılır. Təqribən 60 min müsəlman sərhədi keçə bilmədikləri üçün hələ də dağlıq bölgələrdə ölüm-dirim mübarizəsi aparır.
BMT-nin İnsan Haqları üzrə xüsusi məruzəçisi Yangi Li (Yanghee Lee) 25 avqustdan etibarən ordu və müxtəlif qruplaşmaların təcavüzü altındakı Arakanda vəziyyətin keçən illə müqayisədə daha acınacaqlı olduğunu bildirir. Banqladeşin məhdud maddi imkanlarına baxmayaraq, 270 min Rohinca müsəlmanını qaçqın düşərgələrinə qəbul etdiyini görmək sevindirici haldır.
Myanma hökuməti və başda bütün bu hadisələrin pərdə arxasındakı rəhbər Aunq San Suu Kyi isə "etnik təmizləmənin olmadığı və hesabatların şişirdilmiş olduğu"na dair gülünc bəyanatlar verərək həqiqətləri ört-basdır etməyə çalışır. Bu əsassız açıqlamalara istinad edərək bölgəyə humanitar yardımın gətirilməsinə icazə verilmir. Beləliklə, sağ qalan Rohinca müsəlmanlarının ac, susuz, evsiz, gücsüz, xəstə, şikəst və yaralıların da qida, sığınacaq, dərman kimi vasitələrdən məhrum edilib məhv edilmələri planlaşdırılır.
Eyni şəkildə Banqladeş də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Rohincaya yardım aparmasını kəskin şəkildə qadağan edir. Xüsusilə Koks Bazar bölgəsindəki Nayapara və Kutupalonq qaçqın düşərgələrində qeyri-insani şəraitdə saxlanılan Rohinca müsəlmanlarına humanitar yardım aparılmasına icazə vermir.
Son dövrdə ön plana çıxan və arakanlı müsəlmanların başlarına gələn fəlakətlərdə hərəkətverici rol oynayan müəmmalı bir amil də ARSA milisləridir. Məlum olduğu kimi, Rohinca müsəlmanlarının yaşadığı son faciə ARSA-nın avqustun 25-də Myanma təhlükəsizlik məntəqələrinə hücum edərək 10 polisi öldürməsi nəticəsində ortaya çıxmışdı. Eyni şəkildə 2016-cı ilin oktyabr ayında arakanlıları hədəf alan hücum, qətliam və sürgünlər də yenə ARSA-nın başlatdığı hücumlara Myanma təhlükəsizlik qüvvələrinin ən qanlı şəkildə cavab verməsi nəticəsində baş vermişdi.
Yəni Əfqanıstan, İraq, Suriya, Yəmən və Liviyadakı dağıntı, soyqırım və qətliamlarda Əl-Qaidə, Taliban və İŞİD-in hansı rolu varsa, ARSA eyni rolu Arakanda oynayır.
Məlum olduğu kimi, Benqal körfəzinin Arakan sahillərindəki zəngin neft və qaz yataqları uğrunda beynəlxalq rəqabət gedir. Ən böyük iki rəqib isə İngiltərə və Çindir. Körfəzdən çıxarılan enerji ehtiyatlarının Çinə nəql edilməsi üçün yeganə nəqliyyat yolu da Arakan torpaqları üzərindən keçir.
Bölgədəki Çin hakimiyyətinə son vermək üçün İngiltərənin uzun müddətdir dəstəklədiyi lider isə Myanmada Arakanlı müsəlmanlara qarşı zorakılığın əsas səbəbkarı kimi göstərilən Aunq San Suu Kyidir.
Pekinin hakimiyyətinə son verəcək qadın olaraq tanıdılan Aunq San Suu Kyi Arakan üzərindən keçən Myanma-Çin enerji kəmərlərinə sədd çəkmək üçün dəstəklənir.
Bunun üçün də Arakan bölgəsinin insansızlaşdırılaraq tam hakimiyyət, nəzarət və təhlükəsizlik zolağı yaradılmasının zəruri olduğu iddia edilir... Göründüyü kimi, bu hiyləgər strategiyanın tam həyata keçirilməsinin önündəki tək əngəl bölgənin sakinləri olan arakanlı müsəlmanlar hesab edilir. Məzlum insanlara qarşı son dövrdə şiddəti qat-qat artırılan soyqırım siyasətinin arxasındakı həqiqət məhz budur.
BMT tərəfindən rəsmi olaraq dünyanın ən çox zülm görən xalqı elan edilən Rohinca müsəlmanlarının üzləşdiyi təzyiq, əziyyət, işgəncə və haqsızlıqların tayı-bərabəri yoxdur. Beynəlxalq cəmiyyətin insanlıq naminə, müsəlman cəmiyyətlərin isə inancları naminə bütün gücləri ilə qarşı çıxmalı və müdaxilə etməli olduqları bu zülm təəssüf ki, bütün dünyanın gözü önündə davam edir.
Bu günə qədər Rohinca müsəlmanlarının məruz qaldıqları işgəncə və qətllərə səssiz qalmaq və göz yummaqla kifayətlənən, zalımları məzəmmət etməkdən başqa bir şey görməyən cəmiyyət çoxsaylı müsəlmanların ortaq gücü ilə bu fəlakəti əlbəttə ki, həll edə bilər. Müsəlman ölkələrinin birlikdə verdikləri reaksiya və tətbiq etdikləri sanksiyalar o bölgədəki müsəlmanların sahibsiz olmadığını göstərə bilər. Ətraflarındakı insanlardan pislikdən başqa bir şey görməmiş, hər kəsə qorxu və dəhşət içində baxan bu insanlara sahib çıxıb onların əziyyətlərinə son vermək, onları qorxu və iztirablardan sonra əmin-amanlıq, xoşbəxtlik və təhlükəsizliyə qovuşdurmaq məhz müsəlmanların vəzifəsidir. Beynəlxalq cəmiyyət səssiz qalmış ola bilər, amma müsəlmanlar səssiz qalmamalıdır.
Adnan Oktarın “BERNAMA”da (Malayziya) yayımlanan məqaləsi:
http://www.bernama.com/bernama/v8/fe/newsfeatures.php?id=1390573