Myanmada 2015-ci ilin noyabrında keçirilən seçkilərdə müxalifət və demokratiya tərəfdarı, Nobel Sülh mükafatına layiq görülmüş [i] lider Aung San Suu Kyinın qalib gəlməsindən sonra xuntanın da yer aldığı yeni parlamentin ilk iclası ötən günlərdə baş tutdu. Ölkənin tarixində ilk dəfə Myanma parlamentində müsəlman deputat yoxdur. 50 ildən çox bir vaxtdan sonra ilk demokratik parlamentin yaranması ümid verici olmaqla yanaşı, Suu Kyinin seçki dövrü ərzində rohincalardan heç bəhs etməməsi diqqətçəkicidir. Ancaq hökumət içində xuntanın hələ də varlığını davam etdirdiyini nəzərə alsaq, bunun vəziyyəti çətinləşdirməmək üçün edilən müvəqqəti bir davranış olduğunu düşünmək yerində olar.
Bununla yanaşı, xunta rəhbərliyinin hələ də parlamentdə qəbul olunan qərarları blok edə biləcək sayda olması narahatlıq vericidir. Etnik məsələlərlə məşğul olan nazirliyin xuntanın əlində olması rohincaların lehinə qərar qəbul olunmasının qarşısında böyük maneədir. Ölkədə hələ də rohincalara qarşı aparılan ayrı-seçkilik davam edir. Hazırda 140 minlik rohinca xalqı düşərgələrdə saxlanılır və 1.3 milyonunun isə humanitar yardım almasının qarşısı alınır.
Yale universitetinin 2015-ci ilin oktyabrında nəşr etdirdiyi 78 səhifəlik hesabat Myanma hökumətinin radikal buddist qruplardan istifadə edərək rohinca müsəlmanlarına qarşı soyqırım həyata keçirməyə çalışdığını ortaya qoymuşdur. [ii] Rohinca müsəlmanları etnik mənşə və dini görüşlərinə görə hər gün işgəncələrə, həbslərə və təcavüzlərə məruz qalır.
Fiziki və psixoloji işgəncələrdən əlavə cəmiyyət tərəfindən təcrid olunan rohinca müsəlmanları ictimai həyatda iştirak etmədikləri üçün iqtisadi gücləri yoxdur, əsas ehtiyaclarını təmin edə bilmir, təhsil və səhiyyə xidmətlərindən faydalana bilmirlər.
Məsələn, 14 yaşlı Məhəmməd ayağındakı sadə bir kəsiyə görə donuxmadan həyatını itirmişdir. Müalicəsi və qarşısının alınması çox sadə bir xəstəlik olmasına baxmayaraq, yaşadığı düşərgədə Məhəmməd müalicə ala bilməmişdir. 20 yaşlı Begüm həyatı risk yaratmayan hepatit-A virusundan ölmüşdür. Kiçik uşaqların və körpələrin həyatları aclıq səbəbindən təhlükədədir. 2012-ci ildən etibarən toplama düşərgələrinə məhkum edilən ailələr bank hesablarında pulları olsa belə bu pullarını əldə edə bilmir və ehtiyaclarını təmin edə bilmirlər. [iii] Düşərgələrdə yaşayan və ən əsas ehtiyaclarından məhrum olmuş şəkildə yaşayan hər yaşdan rohincalı açıq şəkildə ölümə tərk edilib.
Hərbi xunta rəhbərliyi yalnız rohincalara deyil, hər cür fərqli etnik qrupa və fərqli düşüncəyə qarşı olmuşdur. Təkcə 2011-2014-cü illər arasında onlarla insan məhkəməsiz edam edilmişdir. Dövlət rohincaları düşərgələrə göndərmək üçün torpaqlarını ələ keçirir. Bir başqa üsul kimi çox saylı vergi qoyulur və torpaqlarında yaşamaq istəyən insanların müqavimət göstərmə gücü qırılır. [iv]
Dövlətin yanında monkların rəhbərlik etdiyi radikal buddist hərəkatları müntəzəm olaraq müsəlmanlara qarşı olduqlarını ifadə edən bəyanatlar verir və xalqı müsəlmanlara qarşı boykota çağırırlar. Ancaq bu insanların sülhsevər buddizm dininin nümayəndələri olması əlbəttə ki, mümkün deyil. Bunu, həyatını rohincaların hüquqlarını qorumağa həsr edən öndə gedən buddist ziyalılar və bəzi buddist rahiblər də açıq şəkildə dilə gətirirlər. Həmin üsyançıların buddizmlə əlaqəsi olmayan müxtəlif quldur üzvləri olduğu aydındır. Həmin quldur dəstələri xalqa ev və nəqliyyat vasitələrinə yapışdıra biləcəkləri "müsəlmanlara qarşıyıq" birkaları paylayırlar. Monklar bu çirkli fəaliyyətlərini həyata keçirərkən dövlətə güvənir və etnik mənşəyi qorumaq üçün çıxarılmış qanunları bəhanə edirlər. Myanma hökuməti isə müsəlmanlara qarşı aparılan bu kampaniyalara qarşı səssiz qalır. [v]
Myanma hökuməti sanki rohincaları unutdurmağa çalışır. Rohinca adından heç bəhs edilmir və bu insanların varlıqları tamamilə rədd edilir. İnsan hüquqları təşkilatlarının və mətbuatın rohincalarla ünsiyyətinin qarşısı mümkün olduğu qədər alınır. Rohincaların varlığı rədd edildiyi kimi, səslərini eşitdirə biləcəkləri bütün imkanlar da əllərindən alınır. Son olaraq Myanmada 25 il sonra keçirilən ilk azad seçkilərdən əvvəl rohincaların müvəqqəti vətəndaşlıq sənədləri ləğv edilmiş və seçkilərdə iştirak etmələrinin qarşısı alınmışdır.
Bütün bunlarla yanaşı, nəşr olunan onlarla soyqırım hesabatına baxmayaraq, beynəlxalq sülh və humanitar yardım təşkilatlarının konkret bir təşəbbüs irəli sürmədiklərini xatırlatmaq lazımdır. Hər şey göz qabağında olmasına baxmayaraq, yardıma möhtac rohincalar üçün heç bir mübarizə aparılmır. Nə sülh mükafatlarına layiq görülən insanlar, nə də insan hüquqlarının müdafiəçisi olan Avropa dövlətləri təşəbbüs göstərir.
Xunta rejimi və radikal qruplar rohincalara yalnız müsəlman olduqları üçün bu əziyyətləri edir. Müsəlmanlara qarşı edilən bu zülmə qarşı çox zəif səslər çıxır, tam cavab verilmir. Açıq şəkildə göründüyü kimi, rohincalara qarşı edilən zülmə bütün müsəlman dövlətləri bir araya gələrək birlikdə müqavimət göstərməlidirlər.
Müsəlmanlar arasındakı həmrəylik şübhəsiz ki, Myanma hökuməti üzərində və beynəlxalq arenada böyük siyasi təzyiqə səbəb olacaq. Müsəlman dövlətlər sevgi və həmrəylik ətrafında birləşmək əvəzinə bir-biri ilə çəkişir və güclərini itirirlər. Bu çəkişmələrin nəticəsində bütün dünyada müsəlmanlara qarşı zülm və təzyiq davam edir.
Müsəlman dövlətlərin liderləri baş verən zülmə qarşı məsul olduqlarını unutmamalıdırlar. Sevgi və sülh əsas alınaraq fikri zəmində birgə iş aparılmalıdır. Həmçinin yeni qurulan hökumətin Obama ilə yaxın günlərdə görüşəcək olması bu kontekstdə əlamətdar hadisədir və çox böyük əhəmiyyət daşıyır. Həm müsəlman liderlər, həm də insan hüquqları təşkilatları, qeyri-hökumət təşkilatları, media və alimlərin Obamanın Aung San Suu Kyinın rohincalar üçün təşəbbüs irəli sürməsi barədə rəy yaratması, bu məsələdə konkret addımların atılmasını təşviq etməsi həyati əhəmiyyət daşıyır. Ancaq bu şəkildə bütün dünyanın diqqəti zülmə məruz qalan müsəlmanların üzərinə çəkilər və uzunmüddətli həll yolu gətirilə bilər.
[i] http://www.nobelprize.org/nobel_prizes/peace/laureates/1991/kyi-facts.html
[ii] http://www.mcclatchydc.com/news/nation-world/world/article41822457.html
[iii] http://www.nytimes.com/2016/01/10/opinion/sunday/myanmars-peace-prize-winner-and-crimes-against-humanity.html?_r=1
[iv] Network for Human Rights Documentation (2015) “To Recognize and Repair, Unofficial Truth Projects and the Need for Justice in Burma”
[v] United States Holocaust Memorial Musem, “They Want Us All to Go Away”
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2016/02/127699/forgotten-rohingyas