Myanmada, xüsusilə 2012-ci ildən etibarən Rohinca müsəlmanlarına qarşı sistemli şəkildə zülm və soyqırım siyasəti həyata keçirilir. Avqust ayının 25-də yenidən başlayan zorakılıq hadisələrini isə bu dəfə dünyadan gizlətmək mümkün olmadı. Beynəlxalq ictimaiyyətin güclü reaksiyalarına baxmayaraq, Myanma hökuməti zülm siyasəti aparan əsas qüvvələrin vətəndaş müharibələrində istifadə etdiyi məlum taktikanı istifadə edir, müsəlman “militanları" ittiham edirdi.
1982-ci ildən vətənsizləşdirmə və kimliksizləşdirmə siyasətinin, həmçinin dövlət terrorunun qurbanı olan Rohinca müsəlmanları bu il baş verən hadisələr zamanı yenə minlərlə şəhid verdi. Ölkəsində Rohinca müsəlmanlarının yaşamasını istəməyən və buna görə onları Myanma vətəndaşı qəbul etməyən ölkə rəhbərliyi 42 fərqli düşərgəyə yerləşdirdiyi müsəlmanlara uzun müddətdir ki, yaşamaq hüququ vermir. Sanki açıq hava həbsxanası olan bu düşərgələrə giriş və çıxış qadağandır. Buradakı xalq işləyə bilmir, təhsil almır, qohumlarını görə bilmir. Buraya yerləşdirilən Rohinca müsəlmanlarının bütün əmlakları dövlət tərəfindən müsadirə edilib. Hər hansı bir hadisə baş verdikdə ölkə rəhbərliyinin nəzarətindəki milislərin ilk etdikləri şey düşərgələri yandırmaq, qaçanları isə arxadan gülləboran etməkdir.
Avqust ayının 25-dən ölkələrini tərk etmək məcburiyyətində qalan Myanma müsəlmanlarının sayı hazırda 400 minə çatıb. Myanma ordusunun şəhid etdiyi, aralarında körpə, uşaq və qadınların da olduğu Rohinca müsəlmanlarının sayının 3.000 olduğunun açıqlanmasına baxmayaraq, bir polis məmuruna görə, bu rəqəm təqribən 20.000-dir. Banqladeş sərhədində gözləyən rohincalıların çoxu açıq havada yağışın altında günlərdir ac-susuz yardım gəlməsini gözləyirlər. BMT baş verənləri “etnik təmizləmə” olaraq adlandırdı və rohincalılara yardım edəcək imkanlarının olmasına baxmayaraq, Banqladeş hökumətinin düşərgələrin qurulacağı yeri açıqlamadığına görə heç bir şey edə bilmədiklərini bildirdi. Bütün bunlar baş verərkən Banqladeş hökuməti evlərini tərk etmək məcburiyyətində qalan rohincalıları geri qəbul etməsi üçün Myanmaya müraciət etdi.
Əslində, Rohinca müsəlmanları sülh və qardaşlıq vədləri ilə hakimiyyətə gələn və bu vədlərinə görə Nobel Sülh Mükafatı alan San Suu Kyidən çox şey gözləyirdi. Hazırda isə ölkədə baş verən bu böyük qətliamın tək səbəbkarı olaraq Kyi göstərilir. Kyinin "18 ay ərzində bizdən hər şeyi həll etməyimizi gözləmək bir az məntiqsizdir" şəklindəki açıqlaması bir çoxları tərəfindən təəccüblə qarşılandı. Bölgədəki qarışıqlıq qısa müddətdə həll edilməyə bilər. Amma Kyi hazırda həll yolu istəyən xalqına silahlı qüvvələr vasitəsilə cavab verən liderdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, səhiyyə sahəsində dünyada 190-cı yerdə olan, orta yaş həddi 57 olan və bütün qiymətli resurslarına baxmayaraq, dünyanın ən yoxsul ölkələrindən biri sayılan Myanma yaxın vaxta qədər diqqət mərkəzində deyildi. Bölgədəki Rohinca müsəlmanlarına qarşı 2012-ci ildə artan zülm siyasətində bölgə xalqı üçün dəyişən bir şey olmasa da, bu günün fərqi odur ki, baş verən zülm artıq gözlərdən iraq deyil. Myanma hökumətinin güclü təhlükəsizlik tədbirləri dağıdılan ərazilərə daxil olmağa mane olsa da, bu gün dünyanın bir çox ölkəsi baş verən zülmü seyr etməyi qəbul etmir. Etiraz səslərinin ən çox müsəlman ölkələrindən gəlməsi isə müsəlmanların artıq baş verən soyqırımlara səslərini güclü çıxarmada qətiyyətli olduğunu göstərən sevindirici hadisədir.
Türkiyə Banqladeş hökumətinə qarşılığını ödəmək müqabilində Rohinca müsəlmanlarını qəbul etməsini istədi, eyni zamanda prezident Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı müxtəlif müsəlman ölkələri ilə sıx əməkdaşlıq etdi. Suu Kyi ilə də telefonla əlaqə saxlayan Ərdoğan danışıqdan bir gün sonra bölgəyə ən azından humanitar yardımın gəlməsini təmin etdi.
Bəhreyn Krallığı hadisələrin gündəmə gəlməsindən dərhal sonra verdiyi yazılı açıqlamada Myanmada hökumət qoşunları tərəfindən törədilən zorakılığı pislədi və müsəlmanlara edilən zülmü aradan qaldırmaq üçün bütün imkanları səfərbər etməyə çağırdı. Regionun vəzifəli şəxslərini Rohinca müsəlmanlarını qorumağa məcbur etmək və hər cür humanitar yardımı etmək üçün lazımi oln hər şeyin ediləcəyi bəyanatda qeyd edilirdi. Açıqlamada məqsədin regionda baş verən bu faciəyə son qoymaq və Myanmaya sülh və əmin-amanlıq gətirmək olduğu bildirilirdi.
Bəhreyndə etirazlar yalnız yüksək vəzifəli şəxslərdən gəlmədi. Bəhreyn xalqı da Rohinca müsəlmanları üçün genişmiqyaslı mitinq keçirdi.
Xalqların hökumətlərlə birlikdə etiraz səslərini ucaltmaları vacibdir. Bu cür çətin vəziyyətlərdə siyasətçilərin birlikdə apardıqları danışıqlar nə qədər təsirlidirsə, xalqın böyük mitinqlərlə səsini ucaltması da bir o qədər təsirlidir. Bu məsələdə bütün müsəlman ölkələri bir araya toplaşaraq etirazlarını səsləndirəcəkləri böyük mitinqlər təşkil etməlidirlər. Müsəlmanların, xüsusilə belə vaxtlarda daha sıx əlaqələrlə birləşmələri və sarsılmaz qala kimi zülmə qarşı çıxmaları çox böyük nəticələr verəcək. Bu ittifaqın kiçik bir nümunəsi belə Myanma rəhbərliyinin Rohinca xalqının sahibsiz olmadığını dərk etməsinə səbəb olmuşdur. Unudulmamalıdır ki, ittifaqın səsi daim güclü çıxır.
Adnan Oktarın “Gulf Daily News”də yayımlanan məqaləsi:
http://www.gdnonline.com/Details/254575/Powerful-voices