Rohinca müsəlmanları: dünyanın ən yalnız xalqı
ucgen

Rohinca müsəlmanları: dünyanın ən yalnız xalqı

1116

İnsan hüquqları sahəsində cənub-şərqi Asiyanın şübhəsiz, ən pis keçmişə malik ölkəsi Myanma bir il əvvəl bütün dünyanı həyəcanlandıran və ümid verən hadisəyə şahid oldu. Yarım əsr davam edən hərbi cunta rəhbərliyindən sonra 2015-ci il noyabr ayındakı parlament seçkilərində Milli Demokratiya Birliyi Partiyası (NLD) qalib gəldi. Partiyanın lideri Nobel Sülh Mükafatının sahibi Aung San Suu Kyinin seçki vədlərindən biri, "həqiqi dəyişiklik" idi. Ancaq aradan keçən bir il açıq şəkildə göstərdi ki, Rohinca müsəlmanları üçün dəyişən heç bir şey olmadı. Onlar hələ də dəhşətli etnik təmizlikdən əziyyət çəkirlər.

 

Rakhine (Arakan) əyalətini rohincalardan təmizləmə layihəsi bütün sürəti ilə davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin oktyabr ayından etibarən davam edən əməliyyatlarında yüzlərlə günahsız rohincalı qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi, yüzlərləsi zülmdən qaçmağa çalışarkən yolda həyatını itirdi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı.

 

Mətbuat və mediada çıxan şəkillərdə Rohinca xalqının məzlumluğu və çarəsizliyi üzlərindən oxunur. Aclıq, səfalət və yoxsulluq içində pərişan halları çox sarsıdıcıdır. BMT-nin bir mütəxəssisinin ifadəsi ilə onlar "çox güman ki, dünyadakı ən yalnız xalq"dır.

 

Suu Kyinin başçılıq etdiyi yeni hökumət isə heyrətamiz şəkildə ordu ilə sanki birlik içindədir. Yeni rəhbərlik BMT və insan hüquqları təşkilatlarının hesabatlarını tamamilə rədd edir. Bununla da kifayətlənməyib beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün arakanlıların öz evlərini yandırdıqları kimi ağlasığmaz iddia ortaya atır. Hökumət rəsmilərinə görə, xəbərlər "qaralama kampaniyası", öldürülənlər isə "benqallı teroristlər"dir. Xarici jurnalistlərin, müstəqil tədqiqatçıların və yardım təşkilatlarının Arakan bölgəsinə girməsi qadağan olunub. İrqçi və radikal buddist təşkilatların Rohinca müsəlmanlarına qarşı təhqir, təhdid, təcavüz və nifrət cinayətlərinə isə lazımi müdaxilə edilmir.

 

Suu Kyi seçki ərəfəsində Rohinca mövzusunda qeyri səmimi davranışları ilə diqqət çəkirdi. Ölkənin de-fakto lideri olduqdan sonra isə mövcud vəziyyətin qorunması ilə bağlı, hətta Rohinca xalqına, yəni öz insanlarına qarşı tamamilə mənfi münasibət göstərdi. Belə ki, son dövrdəki bəzi ifadələri və düşündürücü icraatları "siyasi manevr" və ya "tarazlıqları qorumaq" kimi terminlərlə də açıqlana bilməyəcək səviyyədədir.

 

Keçmişdə, "sülh, demokratiya və insan hüquqlarının müdafiəçisi" kimi şöhrət qazanan lider hazırda rohincalılara qarşı tətbiq edilən etnik təmizləməyə dair sənəd və hesabatları qəti şəkildə qəbul etmir. Hətta Rohinca termininin işlədilməsinə belə qarşı çıxır. İttihamları da "uydurma" kimi qələmə verir. Belə bir vəziyyətdə yeni Myanma hökumətindən həll yoluna dair ciddi addımlar gözləmək də real deyil.

 

Dövlət rəsmiləri 9 oktyabrda Arakan əyalətindəki sərhəd polis məntəqələrinə edilən hücumlara görə rohinca müsəlmanlarını təqsirləndirir. Faktlar isə bu iddianı təsdiq etmir. Əvvəla, Rohinca xalqı heç vaxt zorakılıq tərəfdarı olmayan, sülhsevər, məzlum cəmiyyətdir. Belə ki, torpaqlarında Taliban, İŞİD kimi radikal terror təşkilatları bu günə qədər ayaq açmayıb. Bölgədə silahlı müqavimətə və ya üsyana dair heç bir dəlil yoxdur. Qaldı ki, öz əyalətlərində səyahət hüququna belə malik deyillər. Çox böyük təzyiq altındadırlar, səfalət içində yaşayırlar. Sərhədin digər tərəfində Banqladeşdəki toplama düşərgələrindəki qaçqınlar isə xəyal edilməyəcək qədər çətin şəraitdə yaşayırlar. Belə zavallı vəziyyətdəki insanların eyni vaxtda geniş və mütəşəkkil hücumlar törətdiyini iddia etmək təbii ki, məntiqsizdir.

 

Həmçinin son iki aydakı hadisələrə nəzər saldıqda 9 oktyabr hücumlarından Rohinca xalqının hər hansı bir qazanc əldə etmədiyi, əksinə, ən çox zərər görən tərəf olduğu da göz qabağındadır. Əksinə, qazanclı çıxanlar təzyiq, zorakılıq və qanunsuz əməllərinə bu hücumları əsas göstərən Myanma ordusu və dövləti başda olmaqla müsəlmanlara qarşı nifrət xarakterli əməllərini haqlı göstərməyə çalışan radikal buddist qruplar, daha rahat fəaliyyət göstərmək üçün qeyri-sabit bölgə istəyən narkotik vasitə qaçaqmalçılarıdır. Bütün bu həqiqətlər sözügedən hücumların arxasında rohincalıların deyil, bəzi qaranlıq əllərin olduğunu düşünməyə əsas verir.

 

Digər tərəfdən, onlar "benqallı qanunsuz miqrantlar" deyil, nəsillər boyu Arakanda yaşayan insanlardır. Vətəndaşlıq hüquqları, əsas hüquq və azadlıqları əllərindən alınan, hər cür insanlıqdan kənar rəftara məruz qalan insanlardır. Əzilən və zülm görən bu məzlum insanlar Myanma üçün heç bir təhlükə təşkil etmir. Ayrılmaq, ölkəni parçalamaq kimi bir məqsədləri yoxdur. O ölkənin "vətəndaş"larıdır və onlar sadəcə bütün digər etnik qruplarla bərabər hüquqlara malik olmaq, buddistlərlə qarşılıqlı etimad, sülh və hörmət içində birlikdə yaşamaq istəyirlər.

 

Bu vaxta qədər Rohinca problemini həll etməkdə BMT və insan hüquqları təşkilatlarının səyləri kifayət etməyib. Qərb dövlətləri isə ümumiyyətlə laqeyd münasibət göstərirlər. Yaxın dövrdə BMT-nin keçmiş baş katibi Kofi Annan başçılığındakı nümayəndə heyətinin vasitəçilik etməyə cəhd etməsi bəyənilən addım olsa da görünən odur ki, nəticə verməyəcək. Bu məzlum insanlara dəstək və yardım üçün İslam ölkələrinin üzərinə tarixi məsuliyyət düşür. Əzilən və zülm görən Rohinca müsəlmanları üçün hamı ayağa qalxıb birlikdə tək yumruq kimi hərəkət etsələr, Myanma hökumətini haqsız əməllərindən daşındıra bilərlər. Şübhəsiz, bu mübarizə beynəlxalq hüquq normaları çərçivəsində aparılmalı, ədalətli və sülhsevər üsullardan istifadə edilməlidir.

 

Ötən günlərdə başda Malayziya olmaqla, Banqladeş, İndoneziya və Tailand meydanlarında minlərlə insan toplaşdı. Rohinca xalqı üçün birləşdi. İndoneziya və Malayziya onları müvəqqəti qəbul etməyi qərara aldı. Ola bilsin ki, bu gözəl başlanğıc olar. Bütün İslam aləmi bir araya gələr və Rohinca müsəlmanlarına tək olmadıqlarını göstərər. Əks təqdirdə, İslam ölkələri bitərəf və ya laqeyd qalarsa, Arakandakı zülm daha da artar. Günahsız, məzlum müsəlmanlar qətl edilərkən səssiz qalmaq mənfurlara və zalımlara müəyyən mənada dəstək olmaq mənasına gələr. Bu xətadan bütün müsəlmanlar çəkinməlidirlər.

 

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/525557/Rohingyas-victims-of-ethnic-cleansing

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr