Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah`a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, qüdrətlidir, müdrikdir. (Casiyə surəsi, 36-37)
Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.
Bunlarla yanaşı, Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözü ilə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allah`dır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaq ikən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə izn verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah`dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbi olan Allah`a həmd olsun! (Mömin surəsi, 64-65)
İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allah`ın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək.
Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allah`ın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.
Allah`ın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə: “Təslim ol”, - buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi kimi: "... Aləmlərin Rəbbinə təslim oldum"(Bəqərə surəsi, 131) - deyib yönəlməkdir. Bütün həyatını Quranda “De: “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah`a məxsusdur!”(Ənam surəsi, 162) ayəsi ilə əmr edildiyi kimi, yalnız Allah`ın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyurulur:
Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah`a. (Ənam surəsi, 45)
Doğrudan da Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah`dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)