Türkiyə təxminən 35 ildir ki, ölkənin şərqini bölmək üçün cəhd edən terror təşkilatı PKK ilə mübarizə aparır. Bu mübarizədə ən azı 40 min insan terror nəticəsində həyatını itirmiş, on minlərlə əsgər, dövlət işçisi və günahsız insan şəhid olmuşdur.
Bu günlərdə isə separatçı terror təşkilatının lideri Abdullah Öcalanla cənubi afrikalı lider Nelson Mandellanın oxşar cəhətləri və hədəfləri varmış kimi məcburi məntiqlər irəli sürülür.
Halbuki Cənubi Afrikada baş verənlərlə Türkiyədə baş verənlər arasında böyük fərq var.
Cənubi Afrika 350 il boyunca müstəmləkəçi dövlətlər tərəfindən işğal edilmiş və bu müddət ərzində yerli xalqa insan kimi heç bir dəyər verilməmişdir. Ölkənin işğalçı və müstəmləkəçi rəhbərləri tətbiq etdikləri irqçi siyasətlərlə zənciləri insan yerinə qoymamış, daima təzyiq altında saxlamışdır. 20-ci əsrdə bu təzyiqlər daha da artmış, zəncilərə seçmək, seçilmək, mülkiyyətə sahib olmaq, təhsil, səhiyyə və sosial dövlət xidmətlərindən istifadə etmək qadağan edilmişdir.
Bizim minlərlə illik tariximizdə isə fərqli onlarla etnik qrup birlikdə qardaşlıq münasibətləri içində birlikdə yaşamışdır. İnanclarımıza görə, üstünlük irq və ya rəngdə deyil, yalnız təqvadadır. Bu səbəbdən Anadoluda yüz illər boyunca kürd, türkmən, ərəb, çərkəz, boşnak, roman, alban, sünni, ələvi, xristian, musəvi dostluq, qardaşlıq və sülh içində bir yerdə yaşamışdır. 1492-ci ildə Avropadan sürgün edilən yəhudilərin güvəndikləri Osmanlı dövlətinə sığınması kimi, eyni dövrlərdə kürdlər də Osmanlıya bağlanaraq yüz illər boyunca bərabər hüquqlu vətəndaş olaraq yaşamışlar. Türkiyə Respublikası da 600 il hökmranlıq edən Osmanlı İmperiyasının davamıdır. Türkiyə də əvvəllər olduğu kimi, ortaq inanca əsaslanan qəlb birliyidir. Yüz illər boyuca qardaş kimi yaşayan, ortaq yuvalar quran, çətinlikləri və gözəllikləri paylaşan fərqli etnik qrupların bir yerdə «bir millət, bir vətən, bir dövlət və bir bayraq» ortaq hədəfi içində formalaşdırdığı bir bütündür.
Öcalan və PKK NATO, Avropa İttifaqı, ABŞ başda olmaqla önəmli bir çox ölkə və beynəlxalq təşkilat tərəfindən terrorist kimi qəbul edilərkən Mandellanın məhkumluğu dünyanın əksəriyyəti tərəfindən qəbul edilməmişdir. Əksinə BMT Cənubi Afrika Respublikasının bu qərarını qəbul etməyərək bu ölkəyə embarqo tətbiq etmişdir. Mandella 1980-ci ildə Reyqan dövründə təkcə ABŞ tərəfindən terror təşkilatları siyahısına salınsa da 2008-ci ildə Corc Buş dövründə bu siyahıdan çıxarılmışdır.
1970-ci illərdə BMT tərəfindən Cənubi Afrikanın antidemokratik aparteid siyasətinə son verməsi məqsədilə qoyulan embarqoya 1986-cı ildə ABŞ da qoşulmuşdur. Bunun nəticəsində ölkə rəhbərliyi daha çox müqavimət göstərə bilməmiş və 1990-cı ildə Mandella azad edilmişdir.
Cənubi Afrika 350 il boyunca istismar edilmişdir
Cənubi Afrika 1652-ci ildə Hollandiya koloniyası oldu. Sonradan 1795-ci ildə Fransanın koloniyası elan edildi. Daha sonra isə 1814-cü ildə Cənubi Afrika koloniyası ingilislərin əlinə keçdi. Xüsusilə ölkədə 1886-cı ildə aşkar edilən qızıl və almaz yataqları müstəmləkəçi zehniyyətin xalqın üzərindəki təzyiqi ən yüksək həddə çatdırdı. Burada sürətlə çoxalan «ağ şəhərlər» zaman keçdikcə bu torpaqların yerli xalqı olan zəncilərə qapadıldı. Xalqa qarşı təzyiq və irqçi siyasi ideologiya formalaşdırıldı. Ölkə 1931-ci ildə kağız üzərində müstəqillik elan etsə də azad olanlar ölkə xalqı deyildi. Müstəqlilliklər işğalçı ağların despot idarəçiliyini daha da gücləndirməsi üçün idi. Zəncilərin bütün demokratik və insan hüquqları, evlilik, siyasətə atılma, səs vermək, mülkiyyət sahibi olmaq, hətta küçələrdə gəzmək hüquqları belə əllərindən alınmışdı. Cənubi afrikalılar 1994-cü ildə bütün bu hüquqları əldə etdilər.
Cənubi afrikalıların təkcə nəfəs almaq hüquqları vardı
1913-cü ildə qüvvəyə minən «Land Act» qanunu ilə zəncilər üzərindəki təzyiq daha da artdı. Həmin qanun işğalçıların yerli zənci xalq üzərində harada yaşayıb-yaşamayacağı, hansı işlərdə işləyib-işləməyəcəyi, hara gedib-getməyəcəyi səlahiyyəti verirdi.
Ölkəni diktatura rejimi ilə idarə edən Milli Partiyanın 1948-ci ildə seçkilərdə qalib gəlməsi ilə ölkədə «aparteid» yəni, ayrı-seçkilik siyasəti daha da artdı.
1949-cu ildə ölkədə zəncilərlə bəyaz irqə mənsub olanların evlənməsi qadağan edildi. Səhiyyə, təhsil kimi xidmətlər ancaq ağlar üçün idi. 1953-cü ildə qəbul edilən Bantu Təhsil Qanunu ilə zəncilərin təhsil almaq hüququ da əllərindən alındı.
Gündəlik həyatda icitmai yerlərin, avtobusların və parkların zəncilərlə ağların ayrı istifadə etməsi ilə irqçilik bu dövrdə daha da bariz oldu.
İrqçi rejimin ən qəddar metodlarından biri isə 1960-1994 illər arasında zənci irqə mənsub «3,5 milyon» insanın yaşadığı evdən çıxarılması idi. Ölkənin əsl sahibi olan bu insanlar iqtisadi və sosial infrastrukturun olmadığı bölgələrə məcburi olaraq sürgün etdirildi.
Türk-kürd qardaşlığının 1000 illik keçmişi var
Kürdlər və türklər 11-ci əsrdə Malazgirt döyüşündə eyni məqsəd naminə birlikdə döyüşərək İslam və Səlcuqlu bayrağı altında qaynaşmağa başlamışdır. 12-ci əsrdə isə Səlahəddin Əyyubi rəhbərliyində xaçlı yürüyüşlərinə qarşı birlikdə mübarizə aparmışlar. Daha sonra 16-cı əsrin əvvəllərində Yavuz Sultan Səlim dövründə İdris-i Bitlisi rəhbərliyindəki kürd qəbilələri Osmanlı padşahı və Xəlifəyə beyət etmişdir. Kürd qəbilələrinin Yavuz Sultan Səlimə göndərdikləri bir məktubda yer alan “Cân-ı gönüldən İslamın Sultanına beyət etdik” ifadəsi bu birləşmə istəyini ən gözəl şəkildə ifadə edir.
Həm Osmanlı İmperiyası, həm də Türkiyə Respublikası dövründə prezident, baş nazir, nazir, bürokrat, prokuror, hakim, icra başçısı, paşa, bələdiyyə sədri olaraq ölkə idarəçiliyində iştirak etmişlər.
Ölkəmizdə son 100 illik dövrdə dərin dövlət şəbəkələrinin başda kürdlər olmaqla xalqa böyük təzyiqi olmuşdur. Ancaq bu sevgisiz siyasətlər təkcə kürd qardaşlarımıza deyil, ələvilər, ermənilər, dindarlar kimi cəmiyyətin bir çox hissəsinə bu və ya digər formada təsir etdi. Dindarlar böyük təzyiq gördü, həbs edildi, sürgün edildi və bir çox işgəncəyə məruz qaldı. İbadət etmələrinin, dinlərinə uyğun geyinmələrinin qarşısı alındı. Oxumaq hüquqları əllərindən alındı. Milyonlarla ələvinin varlığı nəzərə alınmadı, ibadətlərinin qarşısı alındı. Millətçi gənclər və solçular bir-birinə qırdırıldı. Bəziləri qanunsuz işlərdə istifadə edildilər və sahibsiz qoyuldular. Müsəlman olmayanlar təzyiqə məruz qaldılar, sıxışdırıldılar. Ermənilər, rumlar, assuriyalılar və müsəvilərə qarşı böyük nifrət yarandı. Ölkəmizdən köçməyə məcbur edildilər. Anadolu insanı alçaldıldı, önəmsiz görüldü. Sinaqoqlar, məscidlər, cəmevləri, camaat evləri, Quran kursları, dindarların yataqxanaları müntəzəm hücuma məruz qaldı.
2002-ci ildən sonra isə Türkiyə önəmli dəyişikliklərə şahid oldu. Dərin dövlət şəbəkələri və inqilabçılar mühakimə edilməyə başlandı. Dövlətin içinə sızmış şəbəkələr böyük ölçüdə təmizləndi və nifrəti aşılayan siyasətlərdə müsbət dəyişiklik oldu. Cəmiyyətin hər fərdinə bərabərlik, rifah, hüzur gətirəcək şəkildə hüquq və azadlıqları geri qaytarılmağa başlandı. Tam mənada müstəqil və demokratik bir şərait hələ ki, formalaşmasa da bu sahədə gözəl addımlar atılır. Ölkəmizdə ibadət azadlığı, söz azadlığı, anlayış, sülh və qardaşlıq yavaş-yavaş hakim olmağa başlayır.
Bu sahədə daha görüləcək çox iş var. Ancaq “Köhnə Türkiyə” dəyişməyə başlamış, “Yeni Türkiyə”nin də təməli atılmışdır. Yeni quruluşda PKK terror təşkilatı və dərin dövlət şəbəkələrinin nifrət və zorakılıq siyasətlərinə əsla yer verilməyəcək.
Nəticə
PKK Türkiyənin şərqinə demokratiyanın gəlməsi üçün deyil, bölgədə despot stalinist diktatura qurmaq üçün terrora əl atır. Bu şiddət ən çox da kürd qardaşlarımıza mənfi təsir göstərir. Təxminən 20 min kürd vətəndaşımız PKK terror təşkilatının daxili qarşıdurmaları, qorxu imperiyası qurmaq hədəfləri və müxalif səslərin susdurulması nəticəsində öldürülmüşdür. Bölgənin inkişafını təmin edəcək layihələrin qarşısı illərdir alınır, tikinti meydançaları PKK tərəfindən dağıdılır. Göründüyü kimi, buradakı hədəf kürd qardaşlarımızın rahatlığı, hüzuru üçün insan hüquqları və müstəqilliklərinin mövcud olduğu bir bölgə yaratmaq deyil, müstəqil kommunist Kürdüstan qurmaqdır. Dili, dini, inancı, mədəniyyəti və siyasi fikri fərqli olan bütün vətəndaşlarımız Türkiyənin hər nöqtəsində eyni və bərabər hüquqlara malikdir.
Dolayısilə Öcalan rəhbərliyindəki marksist-leninist terror hərəkatı olan PKK ilə bir başqa təşkilatı bənzətmək zəruridirsə, Peruda 60 min insanı öldürən Aydınlıq Yol, Kolumbiyada 220 min insanın ölümünə səbəb olan FARC kimi stalinist terror təşkilatlarına bənzətmək olar.
Bu qanunsuz təşkilatlar eynilə Türkiyədəki PKK kimi mafiyadır.
Nəticə etibarilə, separatçı terror təşkilatı PKK-nı və minlərlə qətliama imza atan başçılarını məcburi bənzətmələrlə məsum göstərməyə çalışmaq əbəsdir.
Sülhü istəyənlər əllərindəki silahı buraxmayan terror təşkilatı üzvlərini ədalət mühakiməsinə təslim olmalarını təmin etməli və beyinlərindəki silahı, yəni marksist-leninist-stalinist ideologiyanı aradan qaldıran maarifləndirməyə başlamalıdırlar.