Dron pilotsuz uçan aparat texnologiyası olmasına baxmayaraq, adı ölümlə birlikdə çəkilir. Bunun səbəbi dronların hərbi sahədə istifadəsinin artması və bomba daşıma xüsusiyyətinə malik olmasıdır.
Halbuki əslində, dronlar texnologiyanın, yardım fəaliyyətlərinin, səhiyyə sektorundakı nailiyyətlərin mühüm hissəsidir. Xüsusilə, yaşadığımız bu dövrdə Allah elm adamlarına bu qədər inkişaf etmiş texnologiya ilham edərək bütün bəşəriyyətin xeyri üçün təqdim edir. Bu mühüm texnologiya qan tökmək üçün deyil, yardımlaşmaq üçün istifadə edilməlidir. Dronların bu istiqamətdə istifadəsi dövlətlərə iqtisadi mənada da mühüm töhfə ola bilər. Məsələn, ötən günlərdə Beynəlxalq Pilotsuz Uçan Aparat Sistemləri Dərnəyi (AUVS) dron sistemlərindən dinc məqsədlər üçün istifadə ediləcəyi təqdirdə üç ildə ABŞ-da 70 mindən çox insanın işlə təmin olunacağını və iqtisadiyyata 13,6 milyard dollar gəlir gətirəcəyini bildirdi. [i]
Dronların dinc məqsədlər üçün istifadə edildiyi bir çox layihə yavaş-yavaş həyata keçir. Bunlardan biri Afrikanın kiçik ölkələrindən biri olan Ruandadır.
Ruanda əhalisinin əksəriyyəti kəndlərdə yaşayan ölkədir. Tropik iqlimin hökm sürdüyü bu ölkədə insanlara səhiyyə ocaqları vasitəsi ilə xidmət göstərilir. Lakin bu səhiyyə ocaqlarında qan nümunələrini saxlamaq olmur. Qan və ya başqa tibbi ləvazimatları hər hansı bir nəqliyyat vasitəsindən istifadə edərək təmin etmək 4-6 saat vaxt alır. Bu isə, şübhəsiz, ölümə səbəb ola bilən uzun müddətdir. Xüsusilə, doğuş zamanı anaların tez-tez qanaxma riski ilə qarşı-qarşıya qaldığını nəzərə alsaq, operativ müdaxilənin vacibliyi daha yaxşı başa düşülər. Kaliforniyanın robot texnikası şirkəti “Zipline” Ruandada dronlardan istifadə edərək ehtiyac olan yerlərə qan və peyvəndləri çatdıra bilir. Qazanc məqsədi güdməyən bu şirkətin hədəfi hər birinin sahəsi 75 km olan dron stansiyalarını bütün ölkədə yaymaqdır. Malavidə (Afrika) HİV pozitiv valideynlərdən doğulmuş körpələrdən alınan qan nümunələri dronlarla daşınır. Dominikan Respublikasında da kiçik paylama şəbəkəsi mövcuddur. [ii]
ABŞ-ın Harvard və Massaçusets Texnologiya İnstitutu mobil telefonlarla səhiyyə işçiləri tərəfindən idarə edilən “Dron sistemi” üzərində işləyir. Bu layihə çərçivəsində tibbi ləvazimat daşınması ilə yanaşı təhlükəli bölgələrdə köməksiz vəziyyətdə qalan insanları tapmaq da mümkün olacaq. [iii]
Dronların dinc məqsədlər üçün istifadəsinə nümunə olan digər bir ölkə isə Cənubi Afrika Respublikasıdır. Cənubi Afrika filləri və kərgədanları hədəfə alan brakonyerlərlə mübarizə aparmaq üçün dronlardan istifadə edir. Dronlar qalxdıqları yerdən 33 km uzaqda da müşahidə apara bilirlər. [iv] Dronlardan eyni məqsədlər üçün istifadə edilən digər bir ölkə isə Birləşmiş Ərəb Əmirlikləridir. Ölkənin milli parkı “Wadi Wurayah” uçuş məsafəsi 40 km olan dronlarla müşahidə edilir. [v]
Dronlar tropik fırtınalar və ya qasırğaların əmələ gəlməsi haqqında məlumat vermə xüsusiyyətinə də malikdirlər. Bu barədə NASA 30 saat uçuş edə bilən “Hawk” dronlarından faydalanır. [vi] NASA ATTREX adlı layihədə dron istifadə edərək yüksək atmosferdəki rütubəti, kimyəvi tərkiblər, radiasiya və qaz səviyyələri haqqında hesablamalar aparmağı və müxtəlif meteoroloji şəraiti araşdırmağı qarşısına məqsəd qoyur. [vii]
Fransanın Orlean şəhərindəki bir firma balaca dronlarla daşıdıqları penopolistirolla kiçik ev tikmək üzərində çalışır. Bu layihədə dronların pult əvəzinə süni zəkadan istifadə edərək avtonom işləmələri hədəflənir. [viii]
Beynəlxalq Pilotsuz Uçan Aparat Sistemləri Dərnəyi (AUVS) 2013-cü ilin mart ayındakı hesabatında drondan istifadə nəticəsində kənd təsərrüfatında gübrədən daha aşağı xərclərlə daha effektiv şəkildə istifadə edilə biləcəyini bildirir. [ix]
Dronların ən perspektivli sahələrindən biri də yük nəqliyyatıdır. “Amazon” şirkəti bunun patentini artıq alıb. Layihənin hədəfi dronlar vasitəsilə saytdan sifariş edilən məhsulların çatdırılmasıdır. Amazon 2017-ci ildə bunu təcrübədən keçirib və hər hansı bir problem baş verdiyi təqdirdə prosedur qaydalarını belə müəyyən edib. [x]
Dronlarla açıq dənizi müşahidə etmək də mümkündür. Süni zəkadan istifadə edən və müəyyən bir bölgəyə nəzarət edən dronlar miqrant marşrutunu, yaxud da neft sızıntılarına nəzarət edərək bir çox fəlakəti əvvəlcədən xəbər verə bilir. Belə bir müşahidə ilə meşə yanğınları zamanı yanğınlar geniş ərazini əhatə etmədən xəbər almaq olar.
Sürətlə inkişaf edən texnologiya sayəsində dronlar həyatı asanlaşdıra bilər. Xüsusilə, uçuş məsafələri və daşıya bildikləri yük tutumu artdıqca daha da faydalı olacaqlar. Ağıllı proqram təminatı ilə heç kimin nəzarətinə ehtiyac olmadan öz işlərini görmələri böyük asanlıqdır.
Ancaq bunun həyata keçməsi üçün həll edilməsi vacib olan bəzi problemlər var. Əvvəlcə, dronların istifadəsi üçün lazımi hüquqi aktlar tamamlanmalıdır. Hazırda dron istifadəsi ilə bağlı böyük çatışmazlıqlar var. Kamera ilə müşahidə imkanı verən və hər kəsin ala biləcəyi qədər əlverişli qiymətə olan dronlar şəxsi həyatın məxfiliyini təhdid edir. Digər bir məsələ isə dronlardan istifadənin artması nəticəsində gündəmə gələcək marşrut problemidir. Təyyarələr üçün əvvəlcədən havada müəyyən olunmuş istiqamətlərin oxşarları dronlar üçün də lazımdır. Əks təqdirdə, yolda gedərkən və ya kafedə oturarkən başınıza dron düşə bilər.
Bir az vaxt tələb olunsa da, dronlar rahat və sülh dolu yeni bir dünyanın müjdəçisi ola bilərlər. Gəzdirdikləri bombalarla qorxunun qaynağı olmaqdansa, gətirdikləri yardımlar və bəşəriyyətə töhfələri bir çox insan üçün ümid işığı ola bilər. Bu da ancaq müharibə yox, sülh tərəfdarlarının səslərini daha güclü şəkildə çatdırmaları ilə mümkün olacaqdır.
[i] Theras A. Gordon Wood, Drones At Home: 10 Peaceful Uses For Unmanned Fliers, 22 aprel 2013, https://blog.urthecast.com/updates/drones-at-home-10-peaceful-uses-for-unmanned-fliers/
[ii] Zoe Flood, From killing machines to agents of hope: the future of drones in Africa, the Guardian 27 iyun 2016, https://www.theguardian.com/world/2016/jul/27/africas-drone-rwanda-zipline-kenya-kruger
[iii] Theras A. Gordon Wood, Drones At Home: 10 Peaceful Uses For Unmanned Fliers, 22 aprel 2013, https://blog.urthecast.com/updates/drones-at-home-10-peaceful-uses-for-unmanned-fliers/
[iv] Zoe Flood, From killing machines to agents of hope: the future of drones in Africa, the Guardian 27 iyul 2016, https://www.theguardian.com/world/2016/jul/27/africas-drone-rwanda-zipline-kenya-kruger
[v] Faisal Abbas, Drones for Good: UAE Honors Peaceful-Purpose Innovators, Huffington Post, https://www.huffingtonpost.com/faisal-abbas/drones-for-good-uae-honor_b_6640152.html
[vi] Theras A. Gordon Wood, Drones At Home: 10 Peaceful Uses For Unmanned Fliers, 22 aprel 2013, https://blog.urthecast.com/updates/drones-at-home-10-peaceful-uses-for-unmanned-fliers/
[vii] Rachel Feldman, NASA's Climate Drones Research at 65,000 Feet, Popular Mechanics 14 yanvar 2013, http://www.popularmechanics.com/science/environment/a8630/nasas-climate-drones-fly-to-65000-feet-14978045/
[viii] Frac Centre, Flight Assembled Architecture/Architectures volantes,
http://www.frac-centre.fr/expositions/l-historique-des-expositions/rub/gramazio-kohler-raffaello-andrea/gramazio-amp-kohler-raffaello-andrea-179.html
[ix] AUVSI, The Economic Impact of Unmanned Aircraft Systems Integratıon in The United States, mart 2013, http://higherlogicdownload.s3.amazonaws.com/AUVSI/958c920a-7f9b-4ad2-9807-f9a4e95d1ef1/UploadedImages/New_Economic%20Report%202013%20Full.pdf
[x] David Grossman, Amazon Patents Drone Self-Destruction System, Popular Mechanics 2 dekabr 2017, http://www.popularmechanics.com/flight/drones/a14000375/amazon-patents-drone-self-destruction-system/
Adnan Oktarın “Daily News”də (Cənubi Afrika) yayımlanan məqaləsi
http://www.harunyahya.org/tr/Eser-Tipi/270159/Dronelar%C4%B1n-Bar%C4%B1%C5%9F%C3%A7%C4%B1l-Ama%C3%A7larla-Kullan%C4%B1ld%C4%B1%C4%9F%C4%B1-Yeni-bir-D%C3%BCnya