Yaşadığımız Ramazan ayı bütün İslam dünyasının sevinclə və həyəcanla gözlədiyi mübarək aydır. Çünki bu ayda insanları qaranlıqlardan nura, hökm və hikmət sahibi Rəbbimizin yoluna çıxaran Quran-i Kərim endirilmişdir. Bu mübarək ayda fərz qılınan oruc ibadəti müsəlmanlar üçün Uca Allah`ın sonsuz rəhmətini yad etdikləri şükür vasitəsidir. Müsəlmanlar üçün həm fiziki, həm də mənəvi mənada nemət, şəfa, rəhmət, bağışlanma, təmizlənmə və bərəkət ayıdır.
Bütün müsəlmanlar Rəbbimizin rizasını qazanmaq üçün oruc ibadətini yerinə yetirirlər. Orucun Uca Allah`ın rizasını qazanmaqla yanaşı, insan bədəninə də bir çox faydası var. Oruc bədən üzvlərinin istirahət vaxtıdır. Məsələn, oruc vaxtı həzmə ayrılan zaman azalır, mədə uzun müddət istirahət etdiyi üçün mədədəki epiteli toxuması tamamilə yenilənir və ilin qalan hissəsində mədə sağlam işləyir. Oruc, fasiləsiz işləyən qaraciyərin 6 saat və ya daha çox istirahət etməsinə imkan verir. İnsan yatarkən belə, aktiv olan qaraciyərin demək olar ki, normalda heç istirahət etməməsinə baxmayaraq, Allah orucla insanlara belə bir nemət yaradır. Qan faizi aşağı düşdüyü üçün insanın ürəyi və ürəyi qidalandıran əsas damarlarında yenilənmə olur. Oruc, hüceyrələri yenilədiyi üçün bədənimizi və zehnimizi daha sağlam edir və qocalmağı gecikdirir. Həmçinin kökəlmə, piylənmə, xolesterol, ürək və damar xəstəliklərindən orqanizmi qoruyur. Bədənin zərərli toksinlərdən təmizlənməsinə kömək edir. Oruc tutarkən yağ fermentləri hərəkətdə olur və insan bədəni daha tez və sürətli yağ əridir. 30 gün sonra da bu mərhəyə alışan bədən oruc tutulmasa belə, sürətli yağ ərimə prosesini uzun müddət davam etdirir. İnsan gün ərzində şüursuz şəkildə davamlı yemək yediyi üçün bədənin tarazlığı pozulur. Oruc tutan insan isə müəyyən saatlarda yemək yediyi üçün immunitet sisteminin lazımsız işləməsinə mane olur və immunitet sistemini yeniləyir. Bədən başqa metabolik fəaliyyətlərlə məşğul olmadığı üçün özünə nəzarət edir, xərçəng kimi zərərli hüceyrələriniyaranmasının başlanğıc mərhələsində təsbit edib, təsirsiz edir.
Bütün ibadətlər kimi oruc da müsəlmanların mənəvi gözəlliyini artırır. Bu ibadət inananların Allah’a olan səmimi imanlarına, sədaqətlərinə, səbirlərinə və səmimiliklərinə şahid olmalarına vəsilə olduğu üçün həmrəyliklərini qüvvətləndirir və bir-birlərinə qarşı olan sevgi və mərhəmət hissini daha da gücləndirir. Müsəlmanlar bu həmrəyliklə bir-birlərinə çətinlik yaradan hər şeyi yığışdırır, fərahlıq, rahatlıq və dinclik verən mühitlər yaratmağa çalışırlar. Digər mömin qardaşlarının da özləri kimi Uca Allah`ın rizasını axtaran aciz qullar olduqlarını bilirlər. Buna görə də ürəklərində möminlərə qarşı bəslədikləri qardaşlıq duyğuları və birlik anlayışları getdikcə güclənir.
Müsəlmanlar orucun fərz qılındığı vaxtlarda yemək və içməkdən uzaq olduqları kimi pis əxlaqdan, məsələn, yalandan, qeybətdən, pis sözdən, insanları incitməkdən, əsəbləşməkdən də uzaqlaşır və gözəl əxlaq göstərməyə çalışırlar. Aclığı və susuzluğu dərk edir, ac və kasıb insanların köməyə ehtiyacları olduqlarını xatırlayır, sahib olduqları imkanlarla möhtac insanlara kömək etməli olduğunu dərk edir, maddi vəziyyətlərindən asılı olmayaraq, infaq etməyə və çətin vəziyyətdə olan insanlara kömək etməyə çalışırlar. Nəfsləri ilə deyil, vicdanları ilə davrandıqları üçün Quran əxlaqına uyğun olaraq özlərini inkişaf etdirirlər.
Təqva sahibi, Rəbbimizdən şiddətlə qorxan müsəlman orucluq zamanı göstərdiyi rəftarı həyatının hər anında yaşayır. Həyatı boyu Quranın bütün hökmlərini yerinə yetirir, həyatının hər anında Allah`ın bəyənəcəyi əxlaqı yaşamağa çalışır. Bunun Allah`ın razı qaldığı davranış olduğunu unutmur. Bunun əksi isə, yəni yalnız Ramazan ayında ibadət edib, dua edib, Allah`ı zikr edib, mübarək aydan sonra Quran əxlaqından uzaqlaşmaq Allah`ın insanları məhrum etdiyi davranış formasıdır.