Allah Quranda mal-mülk sevgisini insanları dünyaya bağlayan vasitələrdən biri olaraq göstərir. Şübhəsiz ki, mülk sahibi olmaq, pul qazanmaq, həmin pulla gözəl həyat yaşamaq hər insanın haqqıdır. Allah dünya nemətlərini qulları üçün yaratmışdır. Amma insanın Allah’a aid olan mülkiyyəti özününkü kimi sahiblənməsi, yığdıqca yığması başqa mövzudur. İnsanın böyük hərisliklə, Allah’ı düşünməyərək və ölümü unudaraq yaşaması, Allah’ın özünə bəxş etdiyi bu nemətləri məzlumları görməməzlikdən gələrək yalnız öz xeyri üçün xərcləməsi ona yoluxmuş mənəvi xəstəliyin təzahürüdür. Çünki bu vəziyyətdəki bir insan ölümün nə qədər yaxın olduğunu, həyatın faniliyini demək olar ki, heç düşünmür. Halbuki, insanın yaradılışının məqsədi Allah’ın razılığını qazanmaqdır. Lakin hərislik insanı elə hala gətirir ki, o, ən əsas məqsədini belə unudur. Maddiyyət sevgisi mənliyini örtür və hər şeydən xəbərsiz bir həyat yaşamasına səbəb olur. Allah Quran ayələrində bu həqiqəti bildirir:
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, belə ki, (bu) məzarı ziyarətinizə qədər (qəbrə gedənə qədər) davam etdi. ("Təkasur" surəsi, 1-2)
Bəzi insanlar zəngin olmaq üçün yalnızca bu yolda amansız bir mübarizə aparmalı olduqlarına inanırlar. Bu yolda əldə etdikləri uğurların və ya müvəffəqiyyətsizliklərin öz “əməklərinin nəticəsi” olduğunu zənn edirlər. Bu yanlış inancın səbəbi Allah’ın bütün varlıqların tək sahibi olduğunu bilməmələri və ya qəlbən inanmamalarıdır.
Yalnız insanların deyil, son zamanlar dünyada yaşanan iqtisadi böhranların əsas səbəbi də bu yanlış məntiqin nəticəsidir. Böyük sərmayələr yeni iş yerlərinə, yeni sərmayələrə, insanların rifah səviyyəsini yüksəldən işlərə köçürülmək əvəzinə, yenə eyni qaydada banklara köçürülür və ya xüsusi seyflərdə saxlanılır. Bu sərmayələr orada demək olar ki, “ilişib” qalır, istifadə edilmir, bu da böyük qeyri-sabitlik meydana gətirir. Bunun nəticəsində də dünyanın hər ölkəsində bir tərəfdə qazandığı pulunu yığan bir kütlə, digər tərəfdə isə küçələrdə yatıb-duran, yoxsulluqdan əziyyət çəkən geniş kütlələr meydana gəlir. Kapitalizmin dünyaya verdiyi bu zülm bütün dəhşətverici nəticələri ilə meydana gəlir.
Həyat standartları baxımından insanlar arasında yaranan böyük fərqliliklər Quran əxlaqına əsaslanan həyatın yaşanmamasının nəticəsidir.
Halbuki, dünyadakı bütün insanların rifah içində yaşamasına kifayət edən qaynaqlar mövcuddur. Quranda var-dövlət yığma hərisliyi adlandırılan bu təhlükəli, şeytani təfəkkür insanların sahib olduqları imkanlarını ədalətli şəkildə istifadə etmələrinə mane olur.
Güc-qüvvətin və mülkün Allah’dan gəldiyinə inanmayan, qazandıqlarını öz müvəffəqiyyəti zənn edən bir insan üçün pulunu xərcləmək sanki fəlakətə bənzəyir. Çünki o, pul yığanda onu sanki heç xərcləməyəcəkmiş kimi yığmışdır. Belə bir insan yeni bir fabrik açmaq, bu vasitə ilə daha çox insana pul qazandırmaq imkanı təmin etmək, ölkəsinin istehsal gücünü, sənayesini inkişaf etdirəcək yeni sərmayələr qoymaq, pulu hər kəsin faydası olacaq xeyirli işlərdə istifadə etmək əvəzinə “yastığının altında saxlamağa” üstünlük verir. Belə eqoist cəmiyyətlərdə kasıb olan daha kasıb, zəngin olan isə daha da zənginləşir.
Hal-hazırda dünyada təxminən 842 milyon yoxsul insan yaşayır. Beynəlxalq Valyuta Fondunun bildirdiyi məlumata görə 2014-cü ildə adam başına düşən ən çox daxili gəlirə sahib olan ölkə 105995 dollar ilə Lüksemburq olmuşdur. Hindistanda isə bu, yalnızca 1483 dollardır. Göründüyü kimi, ölkədən ölkəyə fərqlənən şəxsi gəlir payındakı bu balanssızlıqlar, əslində, Quran əxlaqının yaşanmamasının dəhşətli nəticələrindən yalnız biridir. İnsanlar pullarını bir yerə yığıb heç kəsə istifadə etmələri üçün vermədikləri müddətcə bu böyük zülm “çarx” dövr edəcək.
Bir çox insanın hərisliklə var-dövlət yığmasının səbəblərindən biri də şeytanın insana təlqini olan “kasıblıq qorxusu”dır. Allah’a tam güvənərək yaşamayan bəzi insanlar hər zaman gələcəkdə başlarına pis hadisə gəlməsindən, pulsuz qalmaqdan, tək başlarına yaşlanmaqdan, möhtac vəziyyətə düşməkdən, iflas etməkdən qorxurlar. Buna görə də həyatlarının demək olar ki, hər anı gələcəyə dair planlar qurmaqla keçir.
Lakin gələcəklərinə görə bu qədər narahat olan bir çox insan, varlığına heç bir şəkk-şübhə olmayan axirət günü üçün hazırlıq görmür. Hesab günü Allah’ın hüzurunda nə söyləyəcəkləri, özlərini o günə necə hazırlamaları lazım olduğunu demək olar ki, heç düşünmürlər.
Onların planları, əsasən, gələcəkdə başlarına gələ biləcək çətinliklərə qarşı "bir küncdə" pul yığmaq üzərində dayanır. Halbuki, bir insanın həyatı boyu qarşılaşacağı çətinlikləri də, asanlıqları da yaradan Allah’dır. Əgər Allah istəsə, insan nə qədər pul yığsa da, sərmayə qoysa da bunlar onu başına gələcəklərdən qorumaz. Çünki hər insan ancaq qədərində olanı yaşayır.
Əgər insan heç bir çətinliklə qarşılaşmırsa bu, onun öz gələcəyini öz əlləri ilə zəmanət altına aldığı üçün deyil, Allah ona lütf etdiyi üçündür. Eyni şəkildə, düşündüyü bütün tədbirləri həyata keçirməsinə baxmayaraq, çətinlik içərisində yaşayan insan da kifayət qədər tədbir görmədiyi üçün üçün deyil, Allah elə istədiyi üçün və bunda bilinməyən hikmətlər yaratdığı üçün o vəziyyət içərisində olur. İnsan ümidsizliyə qapılmamalıdır, "daha çox tədbir görsəydim, belə olmazdı" kimi cahilcə düşünməyinə də ehtiyac yoxdur, həm də bu düşüncələr Qurana uyğun deyil. O, eyni hadisə min dəfə başına gəlsə, yenə eyni mərhələlərdən keçəcək, yenə də eyni nəticə ilə qarşılaşacaq.
Bu vəziyyətdə insanın Allah’a təvəkkül etməsi, Allah’ın özünü qoruyacağından, etdiklərinə axirətdə ən gözəl qarşılıq verəcəyindən əmin olması ən ağıllı davranışdır. Bu da gələcəkdə qarşılaşacaqlarına qarşı mülk yığmaqla deyil, Allah’ın razılığına ümid edərək hər zaman halal yolla sərmayəsini istifadə etməklə mümkündür. Allah’ın adı ilə işə başlayan, mal-mülkünü və pulunu Allah yolunda, Allah’ın razılığı üçün xərcləyən bir insan hər zaman Allah’ın mühafizəsindədir. Hər işdə ona Allah’ın kömək edəcəyinin şüurundadır. O bilir ki, Allah zahirən mənfi kimi görünən nəticələri yaradırsa, onlar mütləq xeyir əlamətidir. Buna görə də səmimi bir müsəlmanın Allah’a güvənərək etdiyi hər işdə qeyri-adi bir bolluq və bərəkət meydana gəlir. İman gətirməyənlərin bir ömür boyu hərisliklə sahib olmaq istədikləri müvəffəqiyyət və var-dövlətə saleh müsəlmanlar hər zaman qovuşur.
Unudulmamalıdır ki, uca Allah hər şeyi ən qüsursuz və ən mükəmməl şəkildə yaratmışdır. Bunun rahatlığı içərisində yaşamaq yalnız qəlbən Allah’a güvənən müsəlmanlara aid bir xüsusiyyətdir.
Cənab Adnan Oktarın “Wadsam Afghan Business”də yayımlanan məqaləsi: