2013-cü ilin noyabr ayı… Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Avropa İttifaqı Əməkdaşlıq Anlaşmasını imzalamaqdan imtina etdi. Çox keçmədən küçələrdə aktivlik artdı. Çünki müxaliflər üçün Avropa İttifaqını rədd etmək Ukraynanın gələcəyinə, müstəqilliyinə qarşı çevriliş idi. Yanukoviç qarşıdurmaları susdura bilmədi və ölkədən qaçdı.
Ukrayna böhranı bu şəkildə ortaya çıxdı. Nəticədə Krım Rusiyaya ilhaq edildi. 6 min insanın öldüyü Ukraynanın şərq bölgələrində münaqişələr Minskdə imzalanan atəşkəs anlaşmasına baxmayaraq, davam edir və ikinci Soyuq müharibənin kölgəsi bölgəni yavaş-yavaş əhatə etməyə başlayır.
BMT öz hesabatında Şərqi Ukraynada 6 mindən çox insanın öldürülməsindən əlavə, zorla qaçırılma, işgəncəyə məruz qalma, itkin düşürülmə kimi hadisələr baş verdiyini açıqladı. Ölkədəki qarşıdurmalar 1 milyondan çox insanı evlərindən didərgin saldı.
ABŞ-Avropa İttifaqı cəbhəsi ilə Rusiyanın son günlərində get-gedə artan qarşılıqlı güc nümayişləri və strategiya oyunları «2-ci Soyuq müharibə dövrünə qədəm qoyulur?», «Yeni Berlin divarı Ukraynadan keçəcək?» kimi sualları istər-istəməz gətirir.
Ötən günlərdə Amerika ordusu içində 750 tankın da olduğu ağır texnika və hərbi sursatı Rusiya sərhədindəki Latviyaya göndərdi. General John R. O'Connor NATO ittifaqı çərçivəsində Baltikyanı ölkələrin əsgərlərinə təlim keçəcəklərini bildirdi. Bölgəyə göndərilən ABŞ əsgərləri Litva əsgərləri ilə hərbi təlim keçərkən əlavə olaraq 3 min ABŞ əsgərinin Baltikyanı ökələrinə doğru yola çıxdığı bildirildi. Yaxın dövrdə ABŞ və NATO ölkələrinin Ukraynada 4 fərqli təlim, Polşa və Baltikyanı ölkələrdə isə ikitərəfli və çox tərəfli təlimlər planlaşdırdığı açıqlandı.
Bunun nəticəsində Rusiya da eyni zamanda Krım, Cənubi Osetiya, Abxaziya ilə Ermənistanda yerləşən hərbi bazalardakı 8 min əsgərin iştirakı ilə 19 fərqli sahədə nəhəng təlim başlatdı. Rusiya Mərkəzi Hərbi Birliyində olan xüsusi komandolar da Sverdlovsk bölgəsində 5 gün davam edən təlimə başladı.
Rusiyanın Uzaq Şərq bölgəsi Amurda isə logistika vahidlərinin başlatdığı terror əleyhinə təlimə 600-dən çox əsgər və 300-ə yaxın xüsusi zirehli texnika cəlb olundu.
Qara dənizdə raket daşıyan rus amfibiyası Bora gəmisi, İvanovets raket kateri və R-109 gəmilər, düşmən gəmisi simulyasiyasına həqiqi raketlərlə cavab atəşi açdı. Su-24 hərbi təyyarələri də təlimdə iştirak etdi. Eyni anda NATO hərbi gəmilərinin Qara dənizdəki təlimi bölgədə gərginliyin artmasına səbəb oldu. NATO komandiri hər iki tərəfin də beynəlxalq qaydalara əməl etdiyini açıqladı. Təlimlərin adi hal olduğunu vurğulayaraq gərginliyi azaltmağa çalışsa da hər iki tərəfin də mesajı açıqdır: “Bölgə nəzarətimizdədir”.
Təlimlər davam edərkən Moskva rəhbərliyindən gələn bir açıqlama gərginliyin miqyasını ortaya qoydu. Putin Qərblə Rusiya arasındakı Soyuq müharibəyə son qoyan ən önəmli sənəd olan «Avropada adi silahların məhdudlaşdırılması haqqında» (AASMM) müqaviləni ləğv etdiyini açıqladı. NATO bunun narahatlıq verici olduğunu bildirdi. Hər iki tərəfin də bir an əvvəl bərpaedici addımlar atması zəruridir. Rusiya ilə Qərb arasında Soyuq müharibə dövrünə bənzər gərginlik yenidən yaranmağa başlayır. Bloklar formalaşır, ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı cəbhə alma sürətini gündən-günə artırmağa davam edir.
Karnegi Mərkəzi mütəxəssisləri sanksiyalar məsələsində, "sanksiyalar ruslarda «onların ölkəsi ABŞ-ın daimi təzyiqi altındadır» fikrini gücləndirir. Bu da Rusiya vətənpərvərliyi və millətçiliyini artırır, həmçinin Amerikanı da düşmən olaraq göstərir" açıqlamasını verir. Belə ki, Putinin siyasətini dəstəkləyənlərin nisbəti hər ay 5-10 dərəcə artaraq 2014-cü ilin oktyabrında 88%-ə çatdı.
İstər ruslar, istərsə bir çox obyektiv tərəflər Moskvanın yeni bir Sovet İmperiyası qurma arzusunda olduğuna inanmır. Putin NATO-nun Açıq Qapı siyasətini Varşava Paktının dağılmasından sonra verilən sözlərin tutulmaması olaraq dəyərləndirir. Bu səbəbdən rus xalqı qərbli güclərin illər boyu Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr üzərindən apardığı mühasirə planına, tədricən izolyasiya və təkləmə siyasətinə qarşı Rusiyanın yaxın çevrəsini qoruma və təhlükəsizliyini təmin etmək üçün təbii və haqlı müdafiə refleksi göstərdiyini düşünür. Putin Minsk danışıqlarının ilk günündə Rusiyanın dövlət radiosuna verdiyi açıqlamada məqsədlərinin müharibə olmadığını, sadəcə olaraq Amerikanın tək lider olduğu dünya düzənini qəbul etməyəcəklərini bildirdi. Putinin, xüsusilə, rus xalqının müharibə deyil, əməkdaşlıq istədiyini izah edən bu sözləri diqqət çəkici idi: “… Biz heç kəslə müharibə aparmaq istəmirik. Sadəcə birgə əməkdaşlıq istəyirik. Rusiyada tək Allah’a inanan bütün fərqli məzhəplərdən qardaşlarımız deyir ki, ‘Allah’a yönəlsək, bütün vəsvəsələr, sıxıntılar yox olar. Allah ona yardım edənlərə yardım edər.’ Allah’a dua edib özümüz də cəhd edirik. Birlikdə ölkəmiz üçün səy göstərsək, hər şeyin öhdəsindən gələ bilərik”.
ABŞ-ın təzyiqi ilə qütbləşməyə sürüklənən Avropa İttifaqı ölkələri də Rusiya ilə gərginliyi uzatmağın öz iqtisadiyyatlarında böyük problemlərə gətirib çıxaracağının fərqindədirlər. Məsələn, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Rusiyada fəaliyyət göstərən 6 mindən çox şirkəti və son iyirmi ildə 20 milyard avrodan çox investisiyası var. Bu sanksiyalar digər Avropa ölkələrinə olduğu kimi Avropa İttifaqı iqtisadiyyatının əsas fiquru olan Almaniyaya da ciddi şəkildə təsir edir. Minsk danışıqlarında Rusiya və Ukrayna arasında atəşkəsi təmin etmək üçün Merkelin göstərdiyi səy təbii ki, boş yerə deyildi. Merkel bu böhrana görə, Avropa İttifaqı ölkələrində yaranan 21 milyard dollarlıq zərərin dayandırılmasının vacib olduğunun fərqindədi. Bu danşıqlarda Merkelin yanında Ollandın olması da əslində sürpriz deyildi. 2014-cü ilini sıfıra yaxın inkişafla bitirən Fransa hazırda Fransanın xəstə adamı mövqeyindədir. Fransız İqtisadi İşlər nazirinin dəyişdirilməsi də dünyanın 5-ci böyük iqtisadiyyatı Fransanın sıralamada bir addım geri düşməsinin qarşısını ala bilmədi. Hollandiyanın Rusiyaya qarşı sanksiyaların yumşaldılması istiqamətindəki tələbi də ən böyük neft şirkətlərinin Rusiya ərazisində fəaliyyət göstərməsindən irəli gəlir. Digər tərəfdən Avropa ölkələri 90% nisbətində Rusiya qazına bağlıdır. Avropanın sanksiyalarına qarşılıq olaraq Rusiya tərəfindən uzun müddətli qaz məhdudiyyətinə qarşı irəli sürəcək bir alternativləri də yoxdur.
Buna qarşılıq olaraq Rusiya ona embarqo tətbiq edən Qərbdən asılı olmadığını göstərmək üçün Asiya ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Çinlə imzaladığı, ümumi həcmi 400 milyard dollardan çox olduğu təxmin edilən 30 illik təbii qaz ixracı anlaşması Rusiyanın alternativ bazarlarındandır. Çindən əlavə Misir və Türkiyə ilə də yeni enerji layihələri üzərində danışıqlar davam edir.
Dolayısilə sanksiyalara qarşı əlindəki fürsətləri sonuna qədər istifadə etməkdə qərarlı olan Moskvanın, xüsusilə, Krım kimi əsas maddələrdə güzəşt etməyəcəyi təxmin edilir. Bu nöqtədə hər iki tərəfin də yol yaxın ikən qalıcı sülh və sabitliyin təmin edilməsi üçün lazımi addımlar atması şərtdir. Hər iki cəbhə arasındakı gərginlik nöqtəsi olan Ukraynanın statusunun müəyyən edilməsi böhranın həll edilməsində kilid rol oynayacaq. Nə Rusiya, nə də Qərbin nəzarətində olan, ancaq iki tərəfi də təcrid etməyən, keçid dövründə tampon bölgə vəzifəsi görən müstəqil Ukrayna tərəflərin ortaq fikrə gəlməsini mümkün edə bilər.
1945-ci ildə başlayıb 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatan «soyuq müharibə» hər iki tərəfə də fayda gətirmədi. Yenisinin də dünyaya dağıntı və fəlakətdən başqa bir şey gətirməsi mümkün deyil. Bu səbəbdən NATO və Rusiya dünya sülhü üçün sakitləşdirici, balanslaşdırılmış siyasət yürütməsi çox önəmlidir.
Adnan Oktarın «English Pravda və News Rescue»da nəşr olunan məqaləsi:
http://english.pravda.ru/opinion/columnists/06-04-2015/130196-global_powers_ukraine-0/
http://newsrescue.com/global-powers-show-their-force-in-ukraine/