Hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbər Əfəndimiz (s.ə.s)-ın təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təslim olduğunu düşünməlidir.
  Peyğəmbərimiz (s.ə.s)-ın çox gözəl bir əxlaqa sahib olduğunu Allah Quranda bildirir və belə buyurur:
 
 " Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən! Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən! (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər, Hansınızın divanə olduğunu! Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!" (Qələm Surəsi, 1-7) 
 
   Allah bu ayədə  Peyğəmbərimiz (s.ə.s) üçün sonu olmayan  bir mükafat olduğunu bildirmişdir. Bu, Hz. Məhəmməd (s.ə.s)-in həmişə gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən bir məlumatdır.
   Peyğəmbərimiz (s.ə.s)-in də "İmanın kamili, gözəl əxlaqladır." sözləri ilə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Buna görə də  gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir. İnsan həyatı boyu gözəl əxlaqı könüldən yaşaya bilməsi üçün Allaha təslim olması və təvəkküllü olması şərtdir.
       Təvəkkül imanın ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Quranda Peyğəmbərimiz (s.ə.s)-lə əlaqədar olaraq izah edilən hadisələrdə Onun təvəkkülü və Allaha təslimiyyəti  görülməkdədir.
    Məsələn Peyğəmbərimiz (s.ə.s)-in, Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Allah bir ayədə belə bildirməkdədir:
 
 " (Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!." (Tövbə Surəsi, 40) 
 
Peyğəmbərimiz (s.ə.s) hansı şərtlərdə olursa olsun, həmişə Allaha təslim olub, Onun yaratdığı hər şeydə bir xeyr və gözəllik olduğunu bilib. Quranda Peyğəmbərimiz (s.ə.s)-ə, xalqına söyləməli olduğu bu sözlər də nümunə təvəkkülün bir göstəricisidir:
 
 " Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər. De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 50-51) 
 
Peyğəmbərimiz (s.ə.s), təvəkkülü ilə bütün Müsəlmanlara nümunə olmuş və insanın Allahdan gələcək bir şeyi dəyişdirməyə qətiyyən gücü çatmayacağını belə xatırlatmışdır:
 
 "Bir nəfsə təqdir edilmiş şey mütləq olar."
 
 "... Bir şey istədiyində Allahdan istə. Kömək tələb edəcəksənsə Allahdan kömək dilə. Çünki qullar, Allahın yazmadığı bir məsələ barədə sənə faydalı olmaq üçün bir araya gəlsələr, bunu bacara bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir araya gəlsələr, bunu da bacara bilməzlər."
 
  Peyğəmbərimiz (s.ə.s)-in sünnəsinə tabe olan hər möminin də, müsibət kimi görünən hadisələri onun kimi təvəkküllü qarşılaması, hər şeydə bir xeyr və gözəllik olduğuna iman etməsi lazımdır. Bunu da unutmamaq lazımdır ki, Allahın ən mömin qullarından biri olan Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s), çox böyük çətinliklərlə və şiddətli hadisələrlə sınanıb.
  Hər şeydən əvvəl təbliğat apardığı xalqda hər cür çətinliyi yaratmağa hazır olan insanlar var: İkiüzlü davranaraq Peyğəmbərimiz (s.ə.s)-ə tələ qurmağa çalışanlar, atalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, Peyğəmbərimiz (s.ə.s)-dən nəfslərinə uyğun ayə gətirməsini istəyənlər, onu öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər və başqaları  davamlı olaraq Peyğəmbərimiz (s.ə.s)-ə çətinlik törətməyə çalışıblar.
 
  Peyğəmbərimiz (s.ə.s) inkarçıların bu rəftarlarına qarşı həmişə səbr etmiş, çox böyük qətiyyətlə Allahın dinini təbliğ etmiş və Müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin əsasını Allaha olan güclü imanı, təvəkkülü və təslimiyyəti təşkil edir. Peyğəmbərimiz (s.ə.s), mağarada olduğu kimi hər vəziyyətdə Allahın onunla  birlikdə olduğunu bilmiş, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman etmişdir. Peyğəmbərimiz (s.ə.s)-in bu hədisi Onun hər şeydə xeyr görən təvəkkülünə bir nümunədir:  
 
"Mömin adamın vəziyyəti nə qədər çaşdırıcıdır. Çünki hər işi onun üçün bir xeyrdir. Bu vəziyyət, yalnız möminə xastır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükr edər, bu isə xeyrdir; bir zərər gəlsə səbr edər, bu da xeyrdir."
 
 Peyğəmbər Əfəndimiz bu inancı ilə hadisələr qarşısında əlindən gələni etmiş  ancaq nəticənin Allaha aid olduğunu hər vaxt bilərək, Ona güvənmişdir. Allah, Onun bu gözəl təvəkkülü qarşısında Peyğəmbər Əfəndimizi həmişə güclü və müvəffəqiyyətli etmişdir.
 
 "(Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər! " (Nisa Surəsi, 81)
 
 Peyğəmbərimiz (s.ə.s)-ə  başqa bir çətin vəziyyətdə söyləməsi bildirilən sözlər də Onun, Allaha olan təvəkkül və təslimiyyətini göstərməkdədir:
 
 "(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!." (Ali İmran Surəsi, 20) 
 
Peyğəmbərimiz (s.ə.s) bir sözündə isə təvəkkül edənlərin görəcəkləri qarşılığı belə bir misalla açıqlayib: "Siz Allaha haqqı ilə təvəkkül etsəniz quşlar kimi ruzi verilərdiniz. Onlar aç gedər, tox dönərlər."  
 
Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimiz (s.ə.s)-in sözləri və rəftarıdır. Bu görə də, hər hansı bir çətinliklə, nəfsinin xoşlanmadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbər Əfəndimiz (s.ə.s) -in təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təslim olduğunu düşünməlidir.