Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O, təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allah`ın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)
Məgər Allah`ın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah`ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)
Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)
Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)
Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allah`ın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). (Əhzab surəsi, 45-46)
Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)
Ey kitab əhli! Artıq sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah`dan bir nur və açıq-aydın bir kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız! Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “(Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq”, – deyəcəklər. (Onlara) deyiləcəkdir: “Geriyə qayıdıb işıq axtarın!” Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 12-13)
Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Əhzab surəsi, 43)
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)
Allah`a və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə onlar cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)
Ey iman gətirənlər! Allah`dan qorxun və Onun elçisinə iman gətirin! Onda O, sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir. (Hədid surəsi, 28)
Ey iman gətirənlər! Allah`a səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8)
Muhəmməd Allah`ın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah`dan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu, cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Bu,) kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (Fəth surəsi, 29)