Dünyada yaşadığımız bu həyat insanlardan kimin yaxşı, kimin pis olduğunun müəyyən edilməsi üçün uca Allah`ın yaratdığı sınaq müddətidir. Bu müddət ərzində insanlar bir çox səhvlər edə bilərlər. İman gətirən insanların tək məqsədi bütün bu günahlardan, qüsurlardan, əskikliklərdən tezliklə təmizlənərək Allah`ın rizasını qazanmaq və cənnətə layiq bir əxlaqa sahib olmaqdır.
İman gətirən səmimi və vicdanlı insan bütün pis əməllərdən və əskikliklərdən xilas olmağı ürəkdən arzulayır, Allah`ın qoyduğu qadağalardan uzaq olmağa çalışır, özünü Allah`ın rəhmətindən məhrum edə biləcək çirkin əməllərdən qaçır. Səhv bir hərəkət etdikdə öz səhvini anlayaraq dərhal Allah`dan bağışlanma diləyir, tövbə edərək Ona yönəlir. Məhz buna görə mömin məsumdur, saf və təmizdir və möminin məsumiyyəti üzündən oxunur.
Qəlbən iman gətirən möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də daxilən və zahirən bir olması, ürəyindəkiləri qarşısındakı insana olduğu kimi hiss etdirməsi, bacardığı qədər səmimi olmasıdır. Səmimilik insanın düşüncələrini və əsl şəxsiyyətini gizlətmədən, özünü olduğundan fərqli göstərmədən, açıq şəkildə ifadə etməsidir. Səmimiyyət heç vaxt təqlid edilə bilən bir xüsusiyyət deyil. Səmimi insanın bütün davranışları təbii və içindən gəldiyi kimidir və bu təbiilik də insanlar üzərində çox dərin və xoş təsir yaradır. Səmimi insanın baxışları, danışığı, üslubu, mimikası olduqca təbii və təsiredicidir.
Hər şeyin əsası səmimilikdir, içindən gəldiyi kimi davranmaq və olduqca gözəl xasiyyətli olmaqdır. Hal-hazırda dünyada materialist, təbiilikdən tamamilə uzaq süni bir quruluş hökm sürür. İnsanlar özlərini öz əlləri ilə məhv edir, sevgilərini öldürürlər.
Sevgi və səmimilik yox olduqdan sonra yerdə qalan ölü bədəndir. Yəni iylənmiş bir cəsəd qalar və artıq bu zaman insan üçün əzab dolu, ağrılı-acılı günlər və sürünmə başlayar. Gün ərzində işləyib pul qazanar, o pulla nahar edər, bir az televizora baxar, qeybət edər, dalaşar və yatar. Növbəti gün yenidən işə gedər, yenə yemək yeyər, yenə bir az qeybət edər və dava-dalaş. Qısacası, səmimiyyətsiz insan əzab dolu həyat yaşayar.
İnsan dünyadakı ən asan şeyi düşünsə, ən çox zövq verən, ən asan və insanı rahata qovuşduracaq bir şeyin yalnız səmimilik olduğunu görər. Ən asan, ən zövqlü, insanı rahatladan, Allah`a bağlılığını artıran gücün adı SƏMİMİLİKDİR. Ancaq səmimi olduqları zaman insanlar adətən maddi cəhətdən çox şey itirirlər, buna qarşı da məntiqdən istifadə edirlər. Məsələn, insan doğrunu dərk edir, ancaq məntiqini işə salır. Məntiq insana çox şey qazandıracaq kimi görünür, lakin məntiqdən istifadə edənlər adətən sürünürlər. Həmişə alçaldılaraq əzab-əziyyət içində yaşayırlar. Qısacası, məntiqdən istifadə edən insanlar həmişə həyat mübarizəsi içində, sürünərək yaşayırlar.
Məntiqlə insanlar çox şey qazanacaqlarını düşünürlər. Allah orada gizli bir tələ qurmuşdur. Səmimimiliyə də Allah bir tələ qurmuşdur; səmimilik insana alov kimi görünər. Halbuki, insan onun içinə girdiyi zaman səmimiliyin tərtəmiz su olduğunu anlayar.
Məntiq də insana cənnət kimi görünər, içinə girdikdə isə insan cəhənnəmə girdiyini dərk edər. Yəni, məntiq Allah’ın qurduğu bir tələdir. Ümumiyyətlə, səmimiyyət belə çətinliklərlə əhatələnmiş kimi görünər. Yəni insan səmimi olarsa, çox şey itirəcəyini düşünər. Həqiqətən də itirər, ancaq itirdikcə də qazanar. Məsələn, insan bir kasıb görər və ona çoxlu pul verər. Allah qat-qat artığını nəsib edər və insan sağlamlıq, səhhət olaraq qarşılığını görər. Ancaq digəri məntiqini işə salar, kasıblara pul verməz, ancaq o pulu sağlamlığı getdiyi zaman xəstəxanada xərcləyər.
Din əxlaqını yaşamağın başlıca şərti səmimilik və təbii olmaqdır. Bir insanın İslam əxlaqını yaşaması və dolayısilə əsl xoşbəxtliyə və qurtuluşa qovuşması ancaq Allah`a, özünə və digər insanlara qarşı olduqca səmimi olmağı ilə mümkündür. Çünki iman ancaq səmimiyyət üzərində qurula bilər.
Axirətdəki sonsuz həyata qarşı dünyada keçirilən qısa müddət insanın özünü aldatmasına deyil, çox açıq şüur və diqqətlə Allah’a qulluq etməsinə səbəb olmalıdır. Bu da insanın hər an öz vicdanın səsini dinləməsi və Quran əxlaqına uyması ilə mümkündür. Səmimi şəkildə iman gətirən bir insan üçün başqa yol yoxdur. İnsanın dünyada yaşadığı müddət ərzində hər keçən saniyənin ölümə və hesab gününə bir az daha yaxınlaşdığını, hər bir əməlindən, ağlından keçən hər bir düşüncədən Allah`ın xəbərdar olduğunu və bütün bunlara görə cavab verəcəyini düşünməsi onun üçün ən gözəl və qazanclı bir yoldur.
Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (Sözə) tabe olun! (Zumər surəsi, 54-55)
Bir çox insan səmimiliyin bu gücündən və təsirindən xəbərsizdir. Ona görə də ancaq səmimiyyətlə qazana biləcəkləri bu xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Bəzi insanlar da ətrafdakılara özlərini göstərmək üçün süni davranırlar. Qarşısında olan insanların ən çox hansı rəftardan və ya düşüncə tərzindən təsirlənəcəklərini düşünürlərsə, daxilən istəmədikləri və ya elə düşünmədikləri halda, qarşı tərəfin xoşuna gəlmək üçün süni davranmağa çalışırlar. Hər insanın bir-birindən çox fərqli xüsusiyyətlərə sahib olması səbəbi ilə hər kəsin yanında fərqli bir şəxsiyyətə bürünməyə, fərqli davranmağa və fərqli düşüncələri müdafiə etməyə çalışırlar. Halbuki, bu səmimiyyətsiz yanaşma onları riyakar olmağa gətirib çıxarır. Digər tərəfdən, içdən gəlməyən bu süni davranışlar insanın öz xüsusiyyətlərini əks etdirmədiyi üçün qarşı tərəfdə gözlədikləri təsiri yaratmır.
Hətta əksinə iticilik, soyuqluq və uzaqlaşma yaradır. Bu insanın əsl şəxsiyyətini gizlətdiyini və hər davranışının süni olduğunu bilmək, qarşısındakı insanda narahatlıq və inamsızlıq hissinin yaranmasına səbəb olur. İman gətirən bir insanda isə belə əxlaqi xüsusiyyətlərə rast gəlmək mümkün deyil. Möminlər yalnız Allah`ın rizasını axtarar, Quranda bildirilən üstün əxlaq xüsusiyyətlərini özlərində əks etdirər və bu xüsusiyyətləri üzlərinə təmiz, inam bəxş edən bir görünüş verər.
Süni davranış Quran əxlaqından kənar bir həyat tərzində ortaya çıxar. Bu da insanları Allah`ın deyil, insanların rizasını axtaran və dolayısilə qeybdə olan bir yaşama sürükləyər. Uca Rəbbimiz Allah Ona şirk qoşulmasını bağışlamayacağını Quranda belə bildirmişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)
Allah Quranda özlərini insanların rizasını və məmnuniyyətini qazanmağa həsr etmiş insanların vəziyyətini belə bildirmişdir:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)