Allah rizası üçün birləşərək hərəkət etmək möminlərin çətinliklər qarşısında uğur əldə etmələri üçün əhəmiyyətli bir imani sirrdir. Müsəlmanların tarix boyunca yaşadıqları hadisələrə baxdıqda çətinlik və sıxıntılarının öhdəsindən hər zaman bu yolla gəldiklərinin şahidi oluruq. Başda Allah`ın bütün insanlara örnək etdiyi hz. Muhəmməd (səv) və müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşamış, göstərdikləri həmrəylik və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına vəsilə olmuşdular.
Peyğəmbərimiz (səv) göndərildiyi müşrik cəmiyyəti o günə qədər yaşadıqları azğın inanclarını tərk etməyə və yalnız bir olan Allah`a qulluq etməyə çağırmışdır. O bu təbliğində çox böyük çətinliklərlə qarşılaşmışdır. İslam əxlaqının cəmiyyətdə yayılmasının öz mənfəətlərini zədələyəcəyini düşünən müşriklər peyğəmbərimizə və inananlara qarşı birləşmiş, əllərindəki bütün imkanlarından istifadə edərək böyük mübarizə aparmışdılar. Atalarının şərik qoşaraq yaşadıqları dinini dəyişdirməyi qəbul etməmiş, Peyğəmbərimizə (səv) tələlər qurmağa cəhd etmişdilər. Rəsulallahdan nəfslərinə uyğun ayələr gətirməsini istəmiş, onu öldürməyi, yaşadığı yerdən sürgün etməyi, ya da həbs etməyi düşünmüşdülər. Peyğəmbərimizin təbliğinin insanlar üzərindəki təsirinin qarşısı almaq üçün ona dəli, sehrbaz, ağıldan kəm, doğru danışmayan, şair olması barədə iftiralar atmışdılar. Peyğəmbərimiz inkarçıların sözlü və feili olaraq etdikləri bütün bu iftira və hücumlara qarşı çox üstün bir səbir və təvəkkül göstərmiş, onlara hər zaman Quran əxlaqı ilə cavab vermişdi. Allah`ın endirdiyində heç bir dəyişiklik etmədən, heç kimin düşüncəsinə fikir vermədən sadəcə Allah`dan qorxub çəkinərək hərəkət etmişdi. Göstərilən bütün təhdidlərə, təzyiqlərə, çətinliklərə baxmayaraq, dini təbliğ etməyə davam etmişdi. İnkarçılara qarşı apardığı mübarizə ilə yanaşı, müsəlmanların hər cür məsuliyyətini də birinci özü öhdəsinə götürmüşdü. Onları bir yandan təhlükələrdən qoruyarkən, digər tərəfdən də din əxlaqını təbliğ edərək ətrafındakı bütün insanlara dini öyrətmişdi.
Şübhəsiz ki, Rəsulallahın bu üstün əxlaqı bütün müsəlmanlar üçün əhəmiyyətli bir nümunədir. Peyğəmbərimizin (səv) ən çətin şərtlərdə olarkən belə hər şeydən əvvəl dinin mənfəətlərini, müsəlmanların rahatlığını və təhlükəsizliyini birinci tutması onun sahib olduğu üstün fədakarlıq anlayışının göstəricisidir. Müharibələrin ən qızğın vaxtlarında Allah`ın müsəlmanları aclıq, yoxluq, xəstəlik kimi sıxıntılarla sınadığı bir şəraitdə Peyğəmbərimiz (səv) müsəlmanlara qarşı çox böyük bağlılıq göstərmiş, onları mərhəmət və şəfqətlə qoruyub müdafiə etmişdir.
Səhabələr də hz. Muhəmmədin (səv) bu üstün fədakarlıq anlayışını özlərinə nümunə götürüb maddi, mənəvi hər mövzuda üstün bir əxlaq göstərmişdilər. Fədakarlıq ruhu ilə dəstəklənən bu birlikləri böyük bir güc əldə etmiş, Allah`ın rəhməti ilə inkar edənlərə və müşriklərə qarşı böyük qələbələr qazanmışdılar. Peyğəmbərimizin (səv) dövründə çox kiçik bir qrup olan müsəlmanların sayı getdikcə böyük sürətlə artmış, İslam dini bütün Ərəbistan yarımadasına yayılmışdı.
Peyğəmbərimiz (səv) hər şeydən əvvəl böyük fədakarlıqlar göstərmiş, iman gətirənlərin dünya və axirət mənfəətləri üçün öz nəfsinin istəklərindən əl çəkmişdilər. İslam əxlaqını yeni öyrənənlərin təlimi, şübhəsiz ki, çox vaxt böyük fədakarlıqlar tələb etmişdi. Quranın müxtəlif ayələrində istər bədəvi olaraq adlandırılan köçəri şəxslərin, istərsə də qəlbləri imana yeni isinən insanların cahil rəftarlarından bəhs edilir. Qurandakı bu ayələrdən bəziləri belədir:
"Bədəvilər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz qəlbən iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allah’a və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”" (Hucurat surəsi, 14)
"Bədəvilər kafirlik və münafiqlik baxımından daha betər, Allah’ın Öz Elçisinə nazil etdiyi qanunları bilməməyə daha meyillidirlər. Allah Biləndir, Müdrikdir." (Tövbə surəsi, 97)
"Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar ikiüzlülükdə inadkarlıq göstərir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə işgəncə verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar." (Tövbə surəsi, 101)
Peyğəmbərimiz (səv) ətrafındakı insanların cahil davranışlarına hər zaman ən gözəl şəkildə, Quran əxlaqı ilə qarşılıq vermişdir. Quranda Rəsulallahın bu üstün əxlaqı belə bildirilir:
"Həqiqətən də, sən böyük əxlaq sahibisən!"(Qələm surəsi, 4)
“Allah’ın Elçisi sizlərə – Allah’a və Axirət gününə ümidini bağlayanlara və Allah’ı çox zikr edənlərə gözəl nümunədir.”(Əhzab surəsi, 21)
Bir insanın ətrafındakı insanların bəzən cahilliklərindən, bəzən də hiyləli niyyət, pis əxlaq, ya da zalımlıqları səbəbindən göstərdikləri yanlış rəftarlara qarşı səbir göstərə bilməsi, bütün bunlara ən gözəl əxlaq ilə qarşılıq verə bilməsi böyük bir fədakarlıq nümunəsidir. Xüsusilə də, insanın haqlı olduğu, haqqının alındığı, haqsızlığa məruz qaldığı vəziyyətlərdə bu haqqından əl çəkə bilməsi böyük bir üstünlükdür. Bəzən cahillik içərisində yaşayan insanlar bu üstün əxlaqı təqdir etməyə, hətta şüurunda belə olmaya bilər. Lakin bu əxlaqı sadəcə Allah`ın razılığını qazana bilmək üçün yaşayan dərin iman sahibləri ən çətin vəziyyətlərdə belə nəfslərinə çətin gələn bağışlamaq, səbir göstərmək, yanlışlıqlara göz yummaq kimi gözəl əxlaq nümunələri göstərə bilirlər. Peyğəmbərimiz də ətrafındakı insanların pis niyyətli davranışlarına qarşı Allah rizası üçün fədakarlıq göstərmiş, daima onları doğru olana təşviq edib islahetmə yolunu seçmişdi. Allah Peyğəmbərimizin (səv) möminlərə qarşı olan bu sevgisini, fədakarlığını və gözəl əxlaqını ayələrdə belə bildirmişdir:
"Allah’ın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, Allah’dan onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allah’a təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir."(Ali-İmran surəsi, 159)
"Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir."(Tövbə surəsi, 128)
"İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir."(Maidə surəsi, 13)
Hz. Aişədən rəvayət edilən bir hədisdə Peyğəmbərimizin (səv) bu gözəl əxlaqı “...Rəsulallah başqalarını nəfsindən üstün tutardı” (1) sözləri ilə ifadə etmişdir. Hz Hüseyndən rəvayət edilən bir hədisdə isə aləmlərə bir rəhmət olaraq göndərilən Rəsulallahın fədakar əxlaqından belə bəhs edilir:
Atamdan Rəsulallahın oturuşunu soruşdum: “Allah`ın Rəsulu sadəcə zikir ilə oturardı. Müəyyən yerləri özü üçün seçmədiyi kimi insanları da belə etməkdən çəkindirərdi. Bir məclisə daxil olduqda harada məclis bitibsə (boş yer varsa) orada oturar və səhabəyə də belə davranmalarını əmr edərdi. Özü ilə oturan hər kəsə payını verərdi. Onunla oturan heç kim Rəsulallahın qatında ondan daha üstün olduğunu düşünməzdi. Kim Rəsulallah ilə oturarsa və ya bir ehtiyacını hz. Peyğəmbərdən almaq üçün Onun yanına gələrsə O, ona qarşı səbir edər, Peyğəmbərin yanından (söhbətdən) ayrılan o olardı. Kim hz. Peyğəmbərdən (səv) bir ehtiyacını istəyərsə, ya o ehtiyacını yerinə yetirər və ya xoş söz söyləyərək onu geri göndərərdi. Onun gülər üzü, gözəl əxlaqı o insanların zənginliyi idi.” (2)
Başqa bir hədisdə Rəbbimizin yüksək əxlaq bəxş etdiyi hz. Muhəmmədin (səv) bu üstün əxlaqından belə bəhs olunur:
Yezid ət-Teymi belə deyir: Huzeyfənin yanında idim. Bir nəfər Huzeyfəyə, “Əgər mən Peyğəmbərin zamanına çatsaydım, onunla birgə mübarizə aparar və böyük bir mətanət göstərərdim” dedi. Huzeyfə ona “Sənmi belə edəcəkdin? Allah`a and içirəm ki, Əhzab günü hz. Peyğəmbər ilə bərabər idim. Şiddətli külək vardı və inanılmaz soyuq idi. Hz. Peyğəmbər “Bir nəfər yoxdur ki, müşriklərdən bir xəbər gətirsin?” Sonra hz. Peyğəmbər xəbər gətirmək üçün məni göndərdi. Gedib Qüreyşin vəziyyətini öyrəndikdən sonra Rəsulallahın yanına çatdım. Düşmənin yanından qayıtdıqdan sonra yenə əvvəlki kimi titrəyirdim. Rəsulallaha xəbəri verdim. Rəsulallah əbasını mənə geyindirdi. Əba çiyinlərində idi və onunla namaz qılırdı. Səhərə kimi hz. Peyğəmbərin əbası altında yatdım.” (3)
Göstərdiyi bu mükəmməl əxlaq ilə bərabər Peyğəmbərimiz Quranın "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) ayəsində bildirildiyi şəkildə bütün həyatını, malını, canını Allah`a həsr etmişdir. İslam əxlaqının bütün insanlar arasında yayılması, rahatlıq, barış və sevgi əxlaqının hakim olması üçün maddi və mənəvi bütün imkanlarını ortaya qoymuşdu. Bu yolda hər cür çətinliyə böyük bir şövq və təslimiyyət ilə razı olmuşdu.
İslami qaynaqlara görə Peyğəmbərimiz (səv) 3 ilə qədər təbliğ fəaliyyətlərini gizli şəkildə aparmış, təbliğində olduqca ehtiyatlı davranmışdı. Bu dövrdə bir çox insan müsəlmanlığı qəbul etmiş və İslamiyyət gedikcə güclənmişdi. Üç ilin sonunda isə Allah`ın əmri ilə Peyğəmbərimiz (səv) peyğəmbərliyini və İslamiyyəti qüreyşli qəbilələrin hər birinə ayrı-ayrı, açıq şəkildə elan etmişdi.
Qüreyşli müşriklər isə əziyyət və düşmənçiliyə əl ataraq Peyğəmbərimizin (səv) dəvətinə qarşı çıxmışdılar. Ona qarşı inanılmaz mübarizə aparmış, əllərindəki bütün imkanlardan istifadə edərək bu mübarək insanı təsirsiz hala gətirməyə çalışmışdılar. Bunun üçün isə hər cür əziyyət və hətta sui-qəsd üsullarına əl atmışdılar. Başda Əbu Ləhəb və arvadı Ümmü Cəmil, Əbu Cəhil olmaqla Qüreyş qəbilələrinin yuxarı təbəqələri Rəsulallahın qarşısını ala bilmək üçün mübarizələr aparmışdılar.
Lakin İslamın yayılmasının qarşısını ala bilmək üçün etdikləri bütün cəhdlər nəticəsiz qalmışdı. Bu vəziyyət məkkəli müşrikləri və qövmün başçılarını olduqca narahat etmişdi. Peyğəmbərin (səv) əleyhinə yönəlmiş bütün səylərə baxmayaraq, müsəlmanların sayı gün keçdikcə artmış və İslam Məkkədən kənar qəbilələr tərəfindən də qəbul edilməyə başlamışdı. Hz. Ömər, Hz. Həmzə kimi qabaqcıl şəxslərin də müsəlmanların arasına qatılması və bu yolla İslamın getdikcə güclənməsi bu şəxsləri olduqca narahat etmişdi. Etdikləri işgəncələrlə, göstərdikləri şiddətli hadisələrlə heç kimi dinindən döndərə bilmədiklərini, İslamın yayılmasının qarşısını ala bilmədiklərini gördülər. Belə vəziyyətdə yeni bir üsul axtarmağa başlamış və müsəlmanları təzyiq və baykot üsulları ilə dayandırmağa çalışmışdılar. Birlikdə aldıqları baykot qərarlarına görə müsəlmanlarla və onları qoruyan qəbilələrlə heç bir ticarət əlaqəsi qurmayacaqdılar. Bu qərara görə onlara heç bir şey satılmayacaq və onların mallarından heç bir şey alınmayacaqdı.
Kəbə divarına yazılı şəkildə asılan bu qərarı qısa zaman içərisində bütün məkkəlilər həyata keçirməyə başladılar. Bu sərt baykot səbəbindən müsəlmanlar kütləvi şəkildə bir yerə köçərək birlikdə yaşamağa başlamışdılar. Müşriklər baykota məruz qalanların yığışdığı məhəlləyə demək olar ki, heç bir qida vəsaiti buraxmırdılar. Yalnız Həcc mövsümündə çölə çıxıb alış-veriş etmələrinə icazə verirdilər. Lakin bu vəziyyətdə də ətraflarında dolanaraq onlara bir şey almamalarından ötrü əllərindən gələn hər cür maneəni törədirdilər. Bəzən satıcıları müsəlmanlara mal satmamaları üçün təhdid edir, bəzən də satıcıların bütün mallarını alaraq müsəlmanların bir şey almaları üçün heç nə saxlamırdılar. Məkkəyə yemək gətirən karvanları şəhərin xaricində qarşılayıb müxtəlif vədlərlə onları müsəlmanlar əleyhinə qızışdırırdılar.
Bu dövrdə baykota məruz qalan müsəlmanlar kənardan çox şey ala bilmədikləri üçün qısa zamanda şiddətli bir aclıq və qıtlıqla qarşı-qarşıya qaldılar. Bu dövrdə Peyğəmbərimiz (səv) əmisi Əbu Talib və hz. Xədicə baykota məruz qalanların ehtiyaclarını ödəyə bilmək üçün bütün var-dövlətini xərclədilər. Düz üç il boyunca davam edən baykotla yaratdıqları sıxıntıya, aclığa və qıtlığa baxmayaraq, inkar edənlər yenə də İslamın yayılmasının qarşısını ala bilmədilər. Peyğəmbərimiz (səv) bu çətin şərtlər altında böyük fədakarlıqlarla təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirmişdi.
Üç ilin sonunda Qüreyşin başçıları baykotu müxtəlif səbəblərdən dolayı dayandırmalı oldular. Lakin müsəlmanlar əleyhində səy göstərməkdən əl çəkmədilər. Bu dövrdə Məkkənin sözü keçən adamlarından biri olan və müsəlmanlığı qəbul etməməsinə baxmayaraq, Peyğəmbərimizi (səv) ilk gündən etibarən qoruyub dəstəkləyən əmisi Əbu Talib və Peyğəmbərimizin (səv) xanımı hz. Xədicənin vəfatı qüreyşlilərin cəsarətinin daha da artıb hərəkətə keçmələrinə səbəb oldu. Əbu Talibin insanlar arasındakı mövqeyinə görə o vaxta kimi Peyğəmbərimiz (səv) əleyhinə fəaliyyət göstərməkdən çəkinən Qüreyşin öndə gələn şəxsləri bu vəziyyətin aradan qalxmasını fürsət olaraq gördülər. Peyğəmbərimizin (səv) təbliğini dayandırmaq və müsəlmanların dinlərini yaşaya bilmələrinin qarşısını almaq üçün hər cür zülm, təzyiq, işgəncə və əziyyətə əl atdılar.
İslamın təbliğinin onuncu ilində Peyğəmbərimiz (səv) getdikcə artan bu sözlü və fiziki təzyiqlər qarşısında Məkkədən kənardakı bir cəmiyyətə müraciət etməyə qərar vermişdi. Hz. Zeyd ibn Harisə ilə birlikdə Ərəbistanın əsas bölgələrindən biri olan Taifə gedərək oradakı Sakif qəbiləsini İslamı qəbul etməyə və onların Qüreyş müşriklərinə qarşı müsəlmanları qorumağa dəvət etmişdi. Taifdə qaldığı on gün ərzində qəbilənin adlı-sanlı adamlarına İslam dinindən bəhs etmişdi. Lakin Lat adlı böyük bir bütə sitayiş edən taiflilər arasında Peyğəmbərimizin (səv) təbliğini dinləyən olmamışdı. Rəsulallah şəhərin öndə gələn adamları ilə tək-tək danışmış, amma bu şəxslərin cahillik, təkəbbür və düşmən münasibəti içərisində olduğunu görmüşdü. Rəsulallah buradakı insanların hz. Zeyd ibn Harisə və özünə qarşı törətdikləri sözlü və feili qarşıdurmalara səbir etmişdi.
Peyğəmbərimiz (səv) hər zaman ölüm, işgəncə, aclıq və sürgün kimi təhdidlər altında yaşayan Məkkədəki müsəlmanları bu çətin vəziyyətlərdən xilas etmək üçün hər yolu sınamışdı. O dövrün çətin şərtləri altında rəvayətdə bildirildiyinə görə piyada Taifə getməsi və oradakı bütpərəst insanlara doğru yolu göstərə bilmək üçün əlindən gələn hər şeyi etməsi Rəsullallahın üstün əxlaqının təcəllilərindəndir. Necə ki, burada da rəvayətlərə görə bu cahil insanların müxtəlif əziyyətlərinə məruz qalmışdı. Ancaq Peyğəmbərimiz (səv) İslamın yayılması və müsəlmanların rahatlığa qovuşması üçün bütün bunlara səbir göstərmiş, fədakarlığı ilə bütün müsəlmanlara örnək olmuşdu.
Peyğəmbərimiz (səv) Məkkəyə geri qayıtdığı zaman qüreyşlilərin müsəlmanlara qarşı göstərdikləri təyziqin artdığı görüb İslamiyətin digər qəbilələrdə təbliğinə davam etmişdi. Həcc mövsümündə Məkkə ətrafında yerləşən ya da ilin müəyyən dövrlərində qurulan düşərgələri gəzməyə gələn Ərəb qəbilələriylə görüşmüş, onlara Quranı izah edərək İslama dəvət etmişdir. Peyğəmbərimiz (s.ə.v) bu dövrdə də bir çox çətinliklərlə qarşılaşmış, Allahın razılığı üçün bütün bunlara gözəl bir səbr və təvəkküllə qarşılıq vermişdi. Rəsulallahın İslama çağırdığı qəbilələr bəzən peyğəmbərimizə (s.ə.v) qarşı düşmən münasibəti göstərirdilər. Ancaq Rəsulallah bu çətin şərtlər altında da təbliğinə davam etmişdi. Peyğəmbərimiz (s.ə.v) təbliğ edərkən Əbu Ləhəb kimi müşriklərin onun əleyhinə qurduğu fəaliyyətlərə qarşı da mübarizə aparmaq məcburiyyətində qalırdı.
Həmin dövrdə Əbu Ləhəb də Məkkə ətrafına gələn qəbilələrlə görüşüb Peyğəmbərimiz (səv) haqqında iftira dolu sözlər söyləyərək onlara təsir etməyə, Rəsulallahın təbliğini dinləmələrinə mane olmağa çalışmışdı.
Hz. Muhəmmədin (səv) peyğəmbərliyinin 11-ci ilində Mədinədən gələn 6 nəfərlik karvan Peyğəmbərimizin (səv) təbliğinin vəsiləsi ilə müsəlman olmuşdular. Qəbilələri tərəfindən sevilən və sözü keçən bu insanlar Mədinəyə qayıtdıqda qohumlarını da İslama dəvət etmiş və qısa müddətdə İslam Mədinədə geniş yayılmışdır. Bu tarixdən iki il sonra Həcc mövsümündə yenidən karvan şəklində Məkkəyə Peyğəmbərimizlə (s.ə.v) görüşməyə gələn mədinəlilər Allah`ın Rəsuluna bağlılıq və itaətləri barədə söz vermişdilər. Mədinəlilərin Peyğəmbərimizə (səv) beyət etdiyini eşidən Məkkəli müşriklər isə müsəlmanlara olan təzyiqlərini daha da artıraraq, Məkkəni iman gətirənlər üçün yaşanılmaz hala gətirməyə çalışmışdılar. Bu dövrdə Allah’dan gələn vəhylə hz. Muhəmməd (səv) Məkkəli müsəlmanlara Mədinəyə hicrət edəcəklərini bildirmişdir. Məkkəli müşriklər müsəlmanları Mədinədəki möminlər ilə birləşərək böyük bir güc əldə edəcəklərinin narahatçılığı ilə müsəlmanların hicrət etmələrinə də mane olmağa çalışmışdı. Kimilərini həbs edərək işgəncə etmiş, kimilərinin də “yollarını kəsərək” onlara çətinlik yaratmaq istəmişdilər.
Peyğəmbərimiz (səv) Allah`ın əmri gələnə qədər hz. Əbu Bəkir və hz. Əli ilə birlikdə Məkkədə bir müddət də qaldı. Hz. Muhəmmədin (səv) Allah`ın İlahi müdafiəsi altında olduğundan qafil olan Əbu Cəhil, Əbu Ləhəb və öndə gedən inkarçılar bir neçə dəfə cəhd edib bacarmadıqlarını görsələr də, Peyğəmbərimizə (səv) qarşı yenidən feili hücum tətbiq etməyə qərar vermişdilər. Bu məqsədlə Qüreyşin hər qəbiləsindən güclü bir nəfər seçilmiş və bu insanlar ilə birlikdə hz. Muhəmmədə (səv) qarşı tələ qurulmasına qərar verilmişdi.
Beləcə, hər qəbilənin etiraza daxil olacağını və bu səbəbdən də Peyğəmbərimizin (səv) qəbiləsinin belə vəziyyətə qarşı çıxa bilməyəcəyini düşünmüşdülər. Allah Quranda Peyğəmbərə (səv) hazırlanan bu tələni belə bildirir:
"Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır." (Ənfal surəsi, 30)
Ancaq Rəsulallah ayədən də göründüyü kimi, bütə sitayiş edən müşriklərin bütün cəhdlərində olduğu kimi Allah`ın yardımı ilə bu tələdən də qorunmuşdu. Bu hadisənin ardından hz. Əbu Bəkir ilə birlikdə Mədinəyə doğru yola çıxan Peyğəmbərimizə (səv) qarşı yenidən tələ qurulmuşdu. Məkkənin başçıları Rəsulallahın ardınca onu tapa bilmək üçün silahlı insanlar göndərmişdilər. Allah`ın İlahi qoruması ilə Peyğəmbərimizə (səv) qarşı qurulan bu tələ də nəticəsiz qalmışdı. Allah hz. Muhəmmədin içində olduğu bu vəziyyəti Quranda belə bildirir:
"Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir." (Tövbə surəsi, 40)
Peyğəmbərin qarşısını ala bilmək üçün qurulan tələlər, əlbəttə ki, bununla bitmirdi. Əbu Ləhəb, Ümmü Cəmil və Əbu Cəhil kimi müşriklərin başçıları hər fürsətdə Peyğəmbərə (səv) çətinlik yaratmağa, ona əziyyət verməyə çalışmış və bir neçə dəfə öldürməyə cəhd etmişdilər. Allah`ın Rəsuluna və haqq dinə qarşı çirkin cəsarət göstərən bu insanlar haqqında Allah ayələrdə belə buyurur:
"Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.” (Məsəd surəsi, 1-5)
Peyğəmbərimiz (səv) bir yandan bütpərəst qövmün bu münasibətinə qarşı mübarizə apararkən, bir yandan da gözəl əxlaqı, qərarlılığı və təslimiyyəti ilə ətrafındakı bütün müsəlmanlara nümunə olmuşdu. Hədislərdə Rəsulallahın üstün əxlaqı və comərdliyi belə bildirilir:
Rəsul (səv) xeyir işlərində insanlar içərisində ən comərdi idi. Peyğəmbər (səv) xeyir istiqamətində əsən küləkdən belə daha comərd idi. (4)
Ondan bir şey istədikdə heç vaxt “yoxdur” deməzdi və ondan istənilən heç bir şeyi əsirgəməzdi. (5)
“Rəsulallah” (s.ə.v) insanların ən comərdi, ən cəsuru və şücaətlisi idi” (6)
Əbu Zərr mənə bunları dedi: “Ey qardaşımın oğlu! Mən hz. Peyğəmbərin yanına getmişdim. Əlimdən tutaraq mənə “Ey Əbu Zərr! Uhud dağı qədər qızıl və gümüşüm olsa, ölmədən əvvəl bir hissəsini belə saxlamadan Allah yolunda infaq etmək istəyərdim” buyurdular.” (7)
Digər bir hədisdə isə Peyğəmbərimizin (səv) hz. Aişəyə belə buyurduğu rəvayət edilir:
“Malı toplayıb xərcləməkdə xəsislik etmə ki, Allah ruzisini səndən kəsər. Əlindəkini infaq etmədən saxlama ki, Allah da səndən geri alar.” (8)
Bir başqa hədisdə isə Peyğəmbərimizin (səv) bu mövzudakı üstün əxlaqından belə bəhs olunur:
Aişəyə (r.a) dedim: “Rəsulallah (s.ə.v) ailə əfradının (üzvlərinin) içində necə idi?” Cavab verdi: “İnsanların ən yumşaq xasiyyətlisi, insanların ən comərdi idi. Gülər üzlü və təbəssüm sahibi idi...” (9)
Müsəlmanlara üstün əxlaqı ilə ən gözəl şəkildə nümunə olan Rəsulallah (səv) bir xütbəsindəki sözləri ilə möminləri comərdliyə belə təşviq etmişdi:
Bir xütbəsində Allah`a həmd səna etdikdən sonra: “Ey insanlar! Yaxşı bilin ki, Allah Təala sizlərə din olaraq İslamı seçmişdi. İslamınızı comərtlik və gözəl əxlaq ilə bəzəyin. Bilmənizi istəyirəm ki, comərdlik kökü cənnətdə, budaqları isə dünyada olan bir cənnət ağacıdır. İçərinizdə comərdlik edənlər o budaqlardan tutacaq və o budaqlar onu cənnətə aparacaq. Xəsisliyə gəlincə, o da kökü cəhənnəmdə, budaqları isə bu dünyada olan bir ağacdır ki, xəsislik edərək budaqlarından tutanı cəhənnəmə aparır.” deyərək sözlərini ifadə etdi. Daha sonra Peyğəmbər (səv) iki dəfə “Allah yolunda comərd olun” deyə buyurdu. (10)
Mənbələr
1- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 1, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/1, sf. 297 (Terğib, V/148; Beyhaki Hz. Aişe’den)
2- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 1, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/1, sf. 28
3- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Sentez Neşriyat, Cilt 1, Temel Eserler Serisi: 2/1, sf. 318 (Müslim)
4- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 3, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/3, sf. 129 (Sıfatu’-Safve, I/69 (Buhari ve Müslim, Cabir b. Abdillah’tan)
İbn-i Kesir, Peygamberimizin Şemaili Mu’cizeleri, Temel Neşriyat, sf. 84
5- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 3, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/3, sf. 129 (Heysemi, IX/13)
İbn-i Kesir, Peygamberimizin Şemaili Mu’cizeleri, Temel Neşriyat, sf. 84
6- İbn-i Kesir, Peygamberimizin Şemaili Mu’cizeleri, Temel Neşriyat, sf. 86
7- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 2, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/2, sf. 196 (Heysemi X/239 (Bezzar’dan. Ayrıca Taberani’nin de benzer şekilde rivayet ettiği kaydedilir)
8- İbn-i Kesir, Peygamberimizin Şemaili Mu’cizeleri, Temel Neşriyat, sf. 87
9- İbn-i Kesir, Peygamberimizin Şemaili Mu’cizeleri, Temel Neşriyat, sf. 89
10- Muhammed Yusuf Kandehlevi, Hayatü’s Sahabe, Hz. Muhammed ve Ashabının Yaşadığı İslami Hayat, Cilt 2, Sentez Neşriyat, Temel Eserler Serisi: 2/2, sf. 192 (Kenz III/310 (İbn Asakir, Enes’ten)