Təkəbbür insanın nəfsində olan və ömrü boyu nəzarət edəcəyi pisliklərdən biridir. İnsanı özünün belə düşünə bilməyəcəyi bir əxlaqa, həyat şəklinə və anormal məntiqə apara bilən çox təhlükəli hissdir. Təkəbbürü dərin şəkildə yaşayan şeytan insanı həyatının sonuna qədər bu cəhətdən aldatmağa çalışacaq. Bunu düşünəndə insanın təkəbbür hissinə qarşı nə qədər diqqətli olmasının vacibliyi daha yaxşı aydın olacaq.
Nəfsin insanı açıq-aşkar təkəbbürə sala biləcəyi bir çox mövzu var. Ancaq bununla yanaşı gizli şəkildə və hiyləgərcə bu hissi yaşada biləcəyi vəziyyətlər də var. Bəzən nəfs rəhmani və faydalı hərəkətləri gizlicə insanın təkəbbürünü qabardacaq şəkildə etdirə bilər. Bu mövzuların arasında insanlara yaxşılığı xatırlatmaq, faydalı tövsiyələr vermək, ya da tənqid etmək kimi davranışlar var.
Bunlar Quran əxlaqına uyğun olan rəftarlardır. İman gətirən birinin ətrafındakı insanlara fayda verən, onları daha yaxşı və daha gözəl edən, daha rahat və daha etibarlı yaşamalarına vəsilə olan maddi və ya mənəvi mövzularda fikirlərini bildirməsi çox gözəl davranışdır. Ancaq bəzən təkəbbürlü bir insan bu cür davranışlarla təkəbbürünü daha da irəlilədən və inkişaf etdirən zəmin tapa bilər. Daim başqalarının qüsurlarını təsbit edən, səhvlərini düzəldən, onlara ağıl verən, doğru yolu göstərən bir mövqedə olmaq bu şəxsin özünü həddindən artıq böyütməsinə səbəb ola bilər. Ona bunları bildirənin, insanların xeyrinə vəsilə olmasına səbəb olanın Allah olduğunu unutduğu zaman bu hərəkətləri ilə özünü ətrafındakılardan üstün görərək səhv fikrə düşə bilər.
Hətta bunun üçün çox vaxt ətraflarındakı insanları tənqid etmək, istiqamət vermək, ya da səhvlərini düzəltmələrinə də ehtiyac olmur. Bəzən adi gündəlik söhbətlərdə də dilə gətirdikləri fikirlər, tövsiyələr, ya da verilən sadə təlimatlar belə bu insanların təkəbbürlərinin bəslənməsi üçün kifayətdir.
Bu vəziyyətdəki insanlar hansı təhlükə ilə üz-üzə olduqlarını dərk etməyə bilərlər. Çünki, əslində, ortada heç bir səhv yoxdur. Amma bu vəziyyətdə olmaq, insanları istiqamətləndirmək, ətrafına sözünü keçirmək, istədiklərini etdirmək daxilən insanın təkəbbürünün inkişaf etməsinə səbəb olar. İnsan nəfsində meydana gələn bu mənfi irəliləyişi ancaq təkəbbürü ilə qarşı-qarşıya gələn bir vəziyyət yarananda başa düşər.
Nəfsin insanı bu cür təhlükəyə yönləndirməsinə qarşı təkəbbürə qapılma riski olan bir insan çox diqqətli olmalıdır. Bu cür insan nə qədər məqbul sayılsa da, insanları yönləndirən, onlara ağıl verən, tənqid edən mövqedə olmaqdansa, yönləndirilən, tabe olan, başqalarının ağlından istifadə edib hərəkət edən bir mövqedə olmağı üstün tutmalıdır. Təkəbbürünü tam boğduğundan əmin olanadək bu əxlaqın özünə fayda verəcəyini unutmamalıdır. Xüsusilə də hər iki tərəfin, demək olar ki, eyni fikirləri bildirdiyi və ya hər iki tərəfin də eyni nisbətdə haqlı olduğu vəziyyətdə belə insan öz haqqından keçib qarşı tərəfin fikrini və ya haqlılığını qəbul etməlidir. Bu, belə insanda təvazökarlığın inkişaf etməsinə vəsilə olacaq, özünü başqalarından daha üstün görmə istəyi və iddiası get-gedə azalıb ortadan qalxacaq və həmin şəxsin məzlumluğunu, acizliyini bilən bir insan olmasına imkan yaradacaq.
Təkəbbürə qapılma riski başqalarına nisbətən daha çox olan bir insanın nəfsinə qarşı bu cür tədbirlər alıb bunları tətbiq etməsi isə ancaq insanın Allah qorxusu və Allah'a olan təslimiyyəti və tabeçiliyi ilə mümkündür. Allah'ın bəyənmədiyi bir əxlaqı yaşamaqdan çəkinmək arzusu insanın nəfsini istədiyi kimi idarə və tərbiyə etməsinə səbəb olar.
Çünki iman gətirən bir insan təkəbbürün sadəcə gündəlik həyatdakı hərəkətlərinə, ya da insanlarla olan münasibətlərinə təsir edən inanc əksikliyi olmadığını bilir. Təkəbbür şeytanı yoldan çıxaran, onun (Allah'ı tənzih edirik) Allah'a qarşı baş qaldırmasına səbəb olan və əbədi cəhənnəm oduna aparan bir təhlükədir. Təkəbbür şeytan kimi insanları da günaha, cəhənnəmə aparan, çox diqqət və həssaslıqla qorunmalı olduğumuz nəfsin pis bir xüsusiyyətidir. Allah Quranda bu təhlükəni insanlara bu cür bilidirmişdir:
Ona: “Allah'dan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 206)
Buna görə də, bu həqiqəti bilən imanlı bir insan nəfsinə çətin gəlsə də təkəbbürdən qorunmaq üçün əlindən gələni edər, bunları tətbiq edən zaman sıxıntı çəkməz. Allah'a tabe olmuş, hər an həyatını Rəbbimizə nə qədər möhtac olduğunun şüuru ilə yaşayan, Allah'a və müsəlmanlara tam təslim olan, onu xeyirə səsləyən insanlara tabe olmaqdan, gözəl sözə tabe olmaqdan sıxılıb çəkinməyən, qüruruna qapılıb insanlar üzərində hökmranlıq qurmağa çalışmayan, məzlum, təvazökar, gözəl əxlaqlı qullarını Rəbbimizin sevdiyini unutmaz. Eyni şəkildə, Allah'ın Quranda “özünü öyənləri və lovğalıq edənləri sevmədiyini” bildirdiyini bilir. Allah'dan qorxaraq həyatının sonuna qədər Allahın bəyəndiyi əxlaqı yaşamaq üçün səmimiyyətlə iradə göstərər.
Allah Quranda qullarına bu mövzuda hansı əxlaqı göstərəcəklərini xəbər vermişdir:
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi, 15)