11 sentyabr mühüm, amma bir o qədər də mənfi hadisələrlə dolu bir dövrün başlanğıcı idi. Bu günə qədər 11 sentyabrın terrorla mübarizə məsələsində dönüş nöqtəsi olduğu üzərində minlərlə təhlil yazısı hazırlanıb. Siyasi analitiklər "Terrorla mübarizə" konsepsiyasının radikalizmlə mübarizədə yeni dövr açdığını söylədilər, lakin əskik qalan bir cəhət vardı. Zorakılığın terrorun həlli olmayacağından heç bəhs edilmədi.
O gün yaşanan travma Amerika dövlətinin zorakılığa yönələrək terrorizmə cavab verməsinə səbəb oldu. Əfqanıstanın işğalı ilə başlayan bu dövr ABŞ-a trilyonlarla dollara başa gəldi və on minlərlə insan həyatını itirdi. "Terror əməliyyatı" adı altında aparılan şiddətli hücumlar nəticəsində İslam aləmində 5 milyona yaxın insan həyatını itirdi. Ölkələr bölündü, şəhərlər dağıdıldı. 11 sentyabr 2001-ci il tarixindən bu günə qədər keçən 15 il dünyaya ancaq qan və şiddət gətirdi.
Tökülən bu qədər qana və xərclənən milyonlarla dollara baxmayaraq, dünya 2001-ci ilə nisbətən daha təhlükəli yerdir. Dünyada daha çox terrorçu var və zorakılıq daha da geniş yayılıb. Terrorla mübarizə adı altında yox edilməyə çalışılan radikalizm isə daha geniş yayılıb. Üstəlik, son dövrdə müsəlman dünyasında ABŞ əleyhdarlığı da ən yüksək həddə çatıb. Hətta dünyada Amerika xülyasının sona çatmaqda olduğundan bəhs edilir.
ABŞ terrorla mübarizədə bütün texnoloji imkanlarını səfərbər etdi. Hərbi təyyarələr, tanklar, hərbi gəmilər, raketlər, ağır və yüngül silahların hər növü bu mübarizədə istifadə edildi. Beynəlxalq koalisiyalar yaradıldı. Dünyanın dörd bir yanından yüzminlərlə əsgər və ən müasir ordular bu müharibəyə dəstək verdilər. Lakin bütün bu hücumlara baxmayaraq, sabit hərbi uğurdan danışmaq hələ də mümkün deyil.
Terrorizmlə mübarizə təkcə meydanda əsgərlərlə də həyata keçirilmədi. Müharibədən başqa, siyasət, iqtisadiyyat və ya media üzərindən ölkələr təzyiq altına alındı. Sorosdan Huntigntona, Friedmandan Fukuyamaya qədər dünyanın ən çox qəbul edilən sosioloqları çıxış yolu tapmağa çalışdılar. Dünyanın ən təsirli düşüncə mərkəzləri, universitetlər, gizli servislər, Avropa İttifaqı və ABŞ-ın qurumları terroru sona çatdıracaq siyasətlər həyata keçirməyə çalışdılar. Ancaq bu da bir nəticə vermədi. Hətta yanlış siyasət nəticəsində müsəlmanların çoxu "radikal, dünyəvi, ənənəvi" təbəqələr kimi damğalandı.
Müsəlman ölkələr də oxşar şəkildə təsnif edilib embarqolar tətbiq olundu. Məzlum xalqlar təzyiq altına alındı. Bütün bu mənfi proseslər nəticəsində Qərb dünyası da 90-cı illərdə xəyal belə edilə bilməyəcək totalitar cəmiyyətlərə çevrildi. Məsələn, Fransada müsəlman olduğu üçün insanlara yemək verilmədi. ABŞ-ın prezidentliyə namizədi müsəlmanları ölkəyə almamaqdan bəhs etdi. Müsəlmanlar və qaçqınlar əleyhinə ifadələr nəticəsində İngiltərə Avropa İttifaqından çıxmaq haqqında qərar verdi. Hazırda bir çox Avropa İttifaqı ölkəsi ifrat millətçilik ilə başa çıxmağa çalışır.
Müsəlman dünyası da bu qarşılıqlı nifrət mühitinin təsiri altında qaldı. Qərb əleyhdarlığı hər keçən gün daha da artdı. Avropadakı müsəlman gənclərin bir çoxu İslam aləmini qorumaq adı altında evlərini, ailələrini qoyub radikal təşkilatlara qoşulmağa başladılar.
Yunanıstanda 17 noyabr, Almaniyada RAF, İspaniyada ETA, həmçinin Almaniyada neo-nasistlər, İtaliyada Qırmızı Briqadalar və daha bir çox təşkilat terror və şiddət tətbiq etməklər məqsədlərinə çatmağa çalışır. Heç bir günahı olmayan, müdafiəsiz insanları vəhşicəsinə qətlə yetirirlər. Türkiyənin cənub-şərqində də marksist və stalinist terror təşkilatı olan PKK 30 ildən çoxdur ki, terror hadisələri həyata keçirir və on minlərlə insanı şəhid edib. İnkişaf edən və dəyişən dünya şərtləri ilə birlikdə terrorizm də dəyişir, yüksək texnologiyaya bağlı olaraq əldə etdiyi yeni imkanlarla təsirini və gücünü hər keçən gün artırır.
Dünya bir müddətdir ki, sanki zorakılıq girdabına yuvarlanıb. Bu günə qədər tətbiq olunan bütün modellər nəticə vermədiyi kimi, əksinə, dünyanı geri dönüşü çox çətin yollara salıb. Qərb və Şərq cəmiyyətlərinin arasına nifrət toxumları əkilib. Ancaq artıq həm Qərb, həm də müsəlman dünyasında sağlam düşüncənin hakim olması və sülh çağırışlarının yüksəlməsi vaxtı gəlib.
Terrorun heç bir forması heç bir şərtdə qəbul edilə bilməz. Xüsusilə bir insanı öldürməyi bütün insanları öldürməyə bərabər sayan İslam dinini terrorizmlə əlaqələndirmək əsrimizin bəlkə də ən dəhşətli faciələrindəndir. Lakin terror nə küçələrdə etiraz aksiyaları keçirməklə, nə dövlət başçılarının qınamaları, nə də sadəcə "İslam sülh dinidir" - deyib keçməklə ortadan qalxmaz. İslamın sülh dini olduğu həqiqəti Qurandadır və bu həqiqət israrla, bütün dəlilləri ilə, maarifləndirmə ilə dünyaya elan etmək, İslam dünyasını xurafatlardan təmizləmək lazımdır. Bu məsələdə Qərbin dəstəyi, əlbəttə, vacibdir, lakin bunu əsl etməli olanlar müsəlmanlardır.
Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:
http://www.gulf-times.com/story/512437/Years-of-bloodshed-and-violence