Bir insana “Sənə düşmənçilik edən biri var. Sənə zərər vermək üçün hər şey edir. Hər cür hiylə, yalan, oyun və saxtakarlıqda mahirdir. Sənə zərər verənə qədər izini buraxmayacaq”, - deyilsə, reaksiyası necə olar? Sadəcə “Oldu”, - deyərək mövzu ilə maraqlanmadan və düşmənə qarşı heç bir tədbir almadan yaşaması mümkündürmü?
Əlbəttə ki, bu sualın cavabı xeyrdir. Hər hansı bir insan belə bir xəbərdarlıq alsa, bu mövzuya diqqət yetirər. Düşmənindən gələn zərərə qarşı tədbir görmədən və təhlükəni aradan qaldırmadan bu mövzunu heç vaxt unutmaz.
Ancaq insana böyük düşmənçilik bəsləyən, insanlardan daha təhlükəli bir düşməni vardır. Bu düşmən şeytandır. O, insanın dünyadakı ən böyük və ən qərarlı düşmənidir. İnsanlardan olan yüzlərlə düşmənlə belə müqayisə edilməyəcək qədər təhlükəli bir varlıqdır. Elə isə insanın hər hansı bir düşməninə qarşı tədbir aldığı halda, şeytanın düşmənçiliyinə qarşı laqeydlik göstərməsi, əlbəttə ki, böyük səhvdir.
Çünki şeytanın insan üçün hədəflədiyi bir son vardır. Bu son insanın sonsuz cəhənnəmə girməsidir. Şeytan bu nəticəni əldə edənə qədər insanın izini buraxmayacaq. Bu, Allahın Quranda bildirdiyi adətullahdır:
Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o, sizinlə açıq-açığına düşməndir. (Bəqərə surəsi, 168)
Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatir surəsi, 6)
Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 119)
Allah Quranda insana şeytanı özünə düşmən etməsini bildirmişdir. İnsan da Allahın bu əmrinə tabe olaraq şeytanı zərərsizləşdirməyi özü üçün vacib hədəfə çevirməlidir.
Şeytan insanın ən böyük düşmənidir. Ancaq Allah şeytanın şərindən qorunmağı insan üçün asanlaşdırmışdır. Bunun üçün Quranda insana bir çox yol göstərilmişdir. Onlardan bir qismi belədir:
Şübhəsiz ki, məxfi danışma iman gətirənləri məyus edib kədərləndirmək üçün olan şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər! (Mücadilə surəsi, 10)
Şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76)
Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir. (Nəhl surəsi, 100)
Əslində, mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. (İbrahim surəsi, 22)
Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nəhl surəsi, 99)
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. (Fussilət surəsi, 36)
İnsan bu sirləri bilməklə, Allahın iznilə, ən böyük düşməni olan şeytanı sürətlə və qəti şəkildə zərərsizləşdirə bilər. Əgər o, Allahdan başqa heç bir güc olmadığını, şeytanın və insanların da gücsüz olduğunu unutmadan yaşasa və Allaha heç nəyi şərik qoşmasa, şeytan ona heç bir zərər verə bilməz.
İnsan hər şəraitdə Allaha təvəkkül etsə, Allahın hər şeyi qədərdə xeyir və hikmətlə yaratdığını və insanların ancaq Allahın istədiyi şəkildə hərəkət etdiklərini unutmasa, şeytan ona təsir edə bilməz.
Şeytandan vəsvəsə gələndə insan Allaha sığınıb Quran ayələri ilə düşünsə, Allahın iznilə, o vəsvəsə ortadan qalxar və şeytan o insana heç cür təsir edə bilməz.
İnsan şeytanın heç bir gücü olmayan, yalnız Allahın əmrini yerinə yetirən çox aciz bir varlıq olduğunu unutmasa, şeytanı müstəqil bir güc olaraq görməsə və Allaha tabe olsa, şeytan o insan üzərində bütün gücünü itirər.
İnsan şeytanın hiylələrini, həqiqətləri ört-basdır etməsini, dediyi yalanları, oynadığı oyunları, verdiyi vəsvəsələri Quran ayələri ilə dəyərləndirərsə bunların çox zəif tələlər olduğunu dərhal görər və şeytan ona yenə də təsir edə bilməz.
İnsan şeytana qarşı imani şüurla hərəkət etdiyi zaman, Allahın iznilə, həyatının sonuna qədər şeytanın onun əleyhinə etdiyi bütün cəhdləri nəticəsiz qalar.
İnsanın şeytana olan baxışı başqa cür olmamalıdır. Mömin əsla şeytanı güclü görməməli, onu zərərsizləşdirməyi çətin zənn etməməlidir. Allahın şeytanı ancaq inkar edənləri azdırmaq üçün yaratdığını, Allahı sevən, Allahın bəyəndiyi əxlaqı göstərən əsl möminlər üzərində isə şeytanın heç bir gücünün olmadığını əsla unutmamalıdır.