Yalançılıq insanı bütün xeyirlərdən uzaqlaşdırır
ucgen

Yalançılıq insanı bütün xeyirlərdən uzaqlaşdırır

2031
İnsanların əksəriyyəti əxlaqındakı qüsur və əskiklikləri qulaq ardına vuraraq özünü ideal xarakterli hesab edir. Düşünür ki, heç kimə pislik etməyibsə, bir insana zərəri toxunmayıbsa, deməli gözəl əxlaq yiyəsidir. Halbuki, bu insanların çoxu Allah`ın bəyənmədiyi, çəkinməyi əmr etdiyi bir çox pis xüsusiyyətlərə sahibdirlər. Bu xüsusiyyətlər geniş yayıldığı üçün bəzi cəmiyyətlərdə adi hal kimi qəbul edilir. Yalançılıq da bir çox insanın dırnaqarası yanaşdığı, başqalarından eşitdikdə əhəmiyyət vermədiyi, özü danışdıqda isə adi hal, “məsum” xilas yolu kimi qəbul etdiyi xüsusiyyətdir.
 
Dünyanın istənilən yerində insanların böyük qismi kiçik yaşlarından tez-tez yalan danışır. Özlərini cəmiyyətin nəzərində yüksəltmək, insanları güldürmək, mənfəət əldə etmək, özlərini qorumaq, böhtan atmaq, bəzən də təkəbbürdən yalana üz tuturlar. Böyük bir qismi isə adi səbəblərdən və ya vərdiş etdiyi üçün yalan danışırlar. Lakin yalançılığın pis əxlaqdan qaynaqlandığını, Allah`ın yalan danışmağı qadağan etdiyini və yalançıların axirətdə cəhənnəmlə cəzalandırılacağını heç düşünmürlər. 
 
Yalançı insan çox vaxt mənfəət əldə etmək məqsədi ilə ətrafındakıları aldadır.  
 
Yalan danışan insan hiyləgərlik etdiyini düşünür. Halbuki, minlərlə insanı aldatsa belə yalnız özünə ziyan vurur. Lakin bu reallığı görmür, ancaq yalanla əldə etdiyi müvəqqəti qazancı düşünür. Zahirən mənfəət əldə etdiyi düşünülə bilər. Məsələn, sağlam olduğu halda yalandan belinin ağrıdığını deyərək işi başqasına həvalə edə bilər.
 
Öz aləmində “ağıllı” davranaraq ətrafındakıları aldatmış və fiziki yorğunluqdan xilas olmuşdur. Həmin an bu, qazanc kimi görünə bilər. Ancaq insanın sonsuz həyatı üçün böyük zərərdir. Yalanla əldə etdiyi bu bir neçə dəqiqəlik “istirahət” axirəti üçün qazana biləcəyi savabı itirməyinə və sonsuz əzaba yaxınlaşmasına səbəb ola bilər. Lakin ağılsız olduğu üçün bunu düşünmür. Yalançı insan həm dünyada, həm də axirətdə ziyana uğrayır. Allah bir ayəsində yalançılardan bəhs edərək buyurur:
 

“Onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allah`ın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” (Fatır surəsi, 43)

 
Ağıl və imandan yoxsul olan yalançı insan heç bir şeyə gücü çatmayan, Allah`ın qulu olan aciz varlıqları, yəni insanları aldatmaqla özünü xilas etdiyini güman edir. Halbuki, aldatdığı insanlar nə ona bir zərər, nə də fayda verməyə qadirdir. Bu həqiqətdən xəbərdar olan bütün möminlər ağıllarından keçən hər şeyin, danışdıqları hər sözün, hətta yalnız özlərinin bildiyini, gizlədikləri hər şeydən Allah`ın xəbərdar olduğunu və hər an bu həqiqəti düşünərək yaşamalıdırlar. Çünki Allah hər şeyi görən və biləndir.
 

Yalançı insanlar qurduqları tələyə özləri düşür

 
Yalançı insanların itirdikləri:
 
Ətrafındakı insanların etibarını itirirlər:
 
Əvvəl-axır yalanları üzə çıxdığı  üçün yalançı insan ətrafındakıların etibarını və hörmətini itirir. Düz danışdıqda belə sözləri şübhə ilə qarşılanır. Yalançı insana heç bir şey əmanət edilmir, heç kim onlarla ticarətə girişmir. Ətrafında səmimi dostları olmur. Hər kəs onunla münasibətlərində tədbirli davranır. İmam Qəzali yalanı böyük günahların anası adlandırmışdır:
 

“İnsanın adı yalançı olarsa sözünə etibar olmaz, gözdən düşər, dəyərsiz olar. Yalanın iyrənc üzünü bilmək istəsən başqalarının yalanının iyrəncliyinə bax, nəfsinin ondan nə qədər nifrət etdiyini gör, yalanın sahibini nə qədər dəyərsiz, yalanlarının isə nə qədər çirkin olduğuna diqqət yetir...” (Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10-cu cild, səh.6)

 
Özünə qarşı hörmət və etibarını itirir:
 
Əxlaqsızlıq etdiyini bildiyi üçün yalançı insanın özünə qarşı da hörmət və sevgisi olmur. Özü öz gözündə dəyərsizləşir. Ətrafındakıların ona yanaşmasından ciddi narahat olur və kompleksli xarakterə bürünür. Bu xüsusiyyətini hiyləgər və “özünə əmin” hərəkətlərlə ört-basdır etməyə çalışdıqca insanların gözündən daha da düşür.
 
Yalanları ifşa edildikcə daha da alçalır:
 
Hər dəfə yalan danışdığı üzə çıxdıqda özünü insanların gözündə yüksəltmək, təkəbbürünü qorumaq üçün xoşagəlməyən, pis əxlaq göstərir və bunu hamı hiss edir. Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi “Yalançı həmişə özünü alçaltmaq üçün yalan danışır.”  (Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 14-cü cild, səh. 548)
 
İmam Rəbbani isə yalançıların vəziyyətini belə izah edir:
 
“İsra surəsinin 84-cü ayəsində “Hər kəs öz xasiyyətinə görə iş görər” deyilir. Yəni işi və sözü insanın şəxsiyyətinin güzgüsüdür. Alçaqların sözlərinə, yaxşı və ya pis, cavab verməmək daha yaxşıdır. Yalanın sonu yoxdur. Onların bir-birinə uyğun gəlməyən sözləri özlərini biabır edir... (İmam-ı Rabbani, Müjdeci Mektuplar, Hakikat Yayıncılık, Onbirinci Baskı, İstanbul 1994, səh. 262)
 
Həmişə vicdan əzabı çəkirlər:
 
Yalan danışmaq insanın vicdanını narahat edir. Yalan danışan insan daima narahatlıq və həyəcan keçirir, Uca Allah`ın bəyənmədiyi bir şeyi etdiyi üçün daima daxili narahatlıq yaşayır.
 
Yalançıların ağılsızlığı yalanlarının nəticələrini düşünməməklərindən də aydın olur. Belə ki:
 
1.     Yalan danışaraq Allah`ın onun üçün, əxlaqının sınanması üçün yaratdığı imtahanda müvəffəqiyyətsiz olur;
 
2.     Böyük ehtimalla savab qazanmaq fürsətini əldən verir;
 
3.     Arzuladığı və qoruyub saxlamağa çalışdığı vəzifə, şan-şöhrət, etibar kimi xüsusiyyətləri zədələnir;
 
4.     Ən əhəmiyyətlisi, sonsuz axirət həyatını təhlükəyə atır.
 
Halbuki, insan alçalmaq naminə də olsa düz danışırsa vəzifə və şan-şöhrət düşkünü olmadığını nümayiş etdirir. Üstəlik, xətasını qəbul etdiyi və aciz bir varlıq olduğunu dərk etdiyi üçün də ona şəfqət duyular və dürüstlüyü ilə ətrafındakıların etibarını qazanar. Eyni zamanda Allah`dan qorxduğu və vicdanının səsini dinlədiyi üçün şeytanı məğlub edəcək, vicdan əzabından və narahatlıqdan da xilas olacaq.  
 
Əlbəttə, ən böyük qazancı da Allah`ın rizasına və sonsuz xoşbəxtlik yurdu cənnətə yaxınlaşmaq olacaqdır.
 
Yalançılıqda təkid edənlər ən böyük ziyanla axirətdə qarşılaşacaqlar:
 
Dünyadakı kiçik mənfəətləri güdən, müvəqqəti zövq üçün Allah`ın qoyduğu sərhədləri aşan, yalan danışan və bunu əhəmiyyətsiz hesab edən, haram iş tutan insanlar axirətdə əməllərinin qarşılığı olaraq cəhənnəm əzabı ilə cəzalandırılmaqdan qorxub çəkinməlidirlər. İnsan günahları ilə heç kimə deyil, yalnız özünə ziyan verir.
 
Yalançı hər yalanı öz əleyhinə deyir. Allah Quranda bu barədə bizi belə xəbərdar edir:
 

“Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir.” (Nisa surəsi, 111)

 

“Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki, yalnız özlərini aldadır və (bunu) anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.” (Bəqərə surəsi, 9-10)

 

“Kim yaxşı iş görsə, (xeyri) özünə, kim də pislik etsə, (zərəri) özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir.” (Fussilət surəsi, 46)

 

Yalanı dərəcələrə bölmək böyük qəflətdir

 
Bəzi insanlar axirəti düşünmədikləri, bəziləri də zərərsiz hesab etdikləri üçün asanlıqla yalan danışırlar. Tez-tez rast gəldiyimiz və cəmiyyətlərdə geniş şəkildə yayılmış “şirin yalan” ifadəsi də buna misaldır. Guya “şirin yalanlar” heç kimə zərər verməyən, məsum, insanı çətin vəziyyətlərdən xilas edən kiçik yalanlardır. Bir çoxları belə yalanları danışmaqda qəbahət görmürlər. Ancaq istənilən vəziyyətdə yalan səmimiyyətsizlik, ikiüzlülük və saxtakarlıqdır. Yalan danışan insan qarşısındakını aldadır, səmimiyyətsizlik edir və bununla ona qarşı hörmətsizlik edir. Yalanı şirin, böyük, kiçik kimi dərəcələrə bölmək, “bu yalandan zərər gəlməz”, “kiçik yalandan heç nə olmaz” kimi ifadələr istənilən cəhətdən yanlışdır.
 
Yalan Allah`ın sevmədiyi və qadağan etdiyi davranışdır. Peyğəmbərimiz (s.ə.v) də bunu tez-tez dilə gətirmişdir:
 

“Yalanın hər növü günahdır...”  Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, Akçağ Yayınları, 14-cü cild, səh. 552; Tirmizi, Birr 26, (1940) 

“Ey insanlar, pərvanənin özünü oda atması kimi sizi də yalana sürükləyən nədir?” (Sahih-i Buhari, Üçdal Neşriyat, 3-cü cild, səh. 81)

“Yalan söz böyük günahlardandır.” (Kütüb-i Sitte Muhtasarı Tercüme ve Şerhi, 10-cu cild, səh. 6-7)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr