Kommunist romantizmin qaranlıq tərəfi
ucgen

Kommunist romantizmin qaranlıq tərəfi

1003
Kommunizm "məntiqli" bir ideologiya formalaşmışdır. İdeologiyanın baniləri, yəni Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmiş, bunu sosial elmlərə tətbiq edərək "tarixin qanunları"nı müəyyən etdiklərini düşünmüşlər. Marks tarixi müxtəlif mərhələlərə ayırmış, o dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalizm mərhələ”sinin yaşandığını, bunun ardınca fəhlə inqilabının olacağını və sosializmin başlayacağını irəli sürmüşdür. Marks bu inqilabın özbaşına, yəni işçilərin öz təşəbbüsü ilə reallaşacağını və İngiltərə kimi sənayeləşmiş bir sıra ölkələrdə baş verəcəyini fərz etmişdi.
 
Ancaq Marksın fərziyyələri doğru çıxmadı. Fərziyyənin yanlışlığı onun ölümündən sonrakı 30-40 il içərisində aşkar şəkildə görüldü. İngiltərədə və ya başqa sənayeləşmiş ölkədə hər hansı bir inqilab olmadı, əksinə, işçilərin ictimai və iqtisadi həyat şəraiti daha da inkişaf etdi.
 
Kommunizmin "məntiqli" iddiasının etibarsızlığı
 
Burada Marksın nəzəriyyəsinin tarixdəki bir çox yanılma kimi yanlış nəzəriyyə olaraq qiymətləndirilməsi və bir kənara atılması lazım idi. Amma elə olmadı. Özlərini "marksistlər" adlandıran bir qrup şəxs Marksın reallaşmayan fərziyyələrini zorla da olsa, reallaşdırmağa səy göstərdilər. Marksın "öz-özlüyündən olacaq" dediyi inqilab heç bir şəkildə baş tutmadığına görə bunu silah gücü ilə edə bilən təşkilatlar qurmağa və "inqilabçılıq" etməyə qərar verdilər. Marksın fikirlərini dirçəldən və onun baş tutmayan fərziyyələrini bəhanələr gətirərək açıqlamağa çalışan ən qabaqcıl marksizm tərəfdarı Lenin idi.
 
Lenin inqilabın İngiltərə kimi inkişaf etmiş ölkələrdə baş verməyəcəyini, bunun yerinə Rusiya kimi sənayeləşməmiş ölkələri sınaqdan keçirməli olduqlarını, kommunizmin burada müvəffəqiyyət əldə edəcəyini, sonra da bütün dünyaya yayılacağını irəli sürdü. Bu xəyalını reallaşdırmaq üçün Rusiya daxilində və xaricində uzun illər inqilaba hazırlıq aparmış, I Dünya müharibəsinin qarışıqlığı içində axtardığı fürsəti tapmış və iqtidara gəlmişdir. 
 
Amma Leninin fərziyyələri də eynilə Marks kimi boşa çıxmışdır. Nə qurduğu sistem müvəffəqiyyət qazanmış, nə də kommunizm zənn etdiyi kimi dünyaya yayılmışdır. Sovet işğalı və təzyiqi ilə kommunistləşmiş ölkələrdə də kommunist rejimlər dağılmışdır. Kommunizm 20-ci əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi kimi qəbul edilir. 
 
Marksizm kimi materializm də puç olmuşdur
 
Marksizmin əsassız olması yalnız ehtimalların və əsasını qoyduğu sistemlərin çökməsi ilə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin çökməsi ilə də sübut edilmişdir. Marksizmin əsası olan materialist fəlsəfənin bütün təməl fərziyyələri 20-ci əsrdəki elmi dəlillərlə təkzib olunmuşdur. Məsələn;
 
1. Materializm kainatın sonsuzdan bəri mövcud olduğunu, başqa sözlə, maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki 20-ci əsrdə qəbul edilən Böyük partlayış (“Big Bang”) nəzəriyyəsi maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə kainatın bundan 10-15 milyard il əvvəl yoxdan yaradıldığını, heç bir şey mövcud deyilkən birdən-birə kiçik bir hərəkətin meydana çıxdığını irəli sürmüşdür. Yəni Biq Bənqin göstərdiyi həqiqət budur ki, heç bir şey mövcud deyilkən birdən-birə hərəkət, hərəkətdən sonra isə maddə və zaman meydana gəlmişdir. Məhz bu, materialistlərin iddiaları tamamilə təkzib etmiş, maddənin, zamanın və hərəkətin tək Yaradıcısının Allah olduğu həqiqətini göstərmişdir. 
 
2. Materializm maddə və zamanın "mütləq" anlayışlar olduğunu, yəni həmişə mövcud  olan, dəyişməyən və sabit olduğunu müdafiə etmişdir. Halbuki Eynşteynin nisbilik nəzəriyyəsi maddə kimi zamanın da mütləq anlayış olmadığını, dəyişən qavrayış olduğunu göstərmişdir.
 
3. Materializm iddia edir ki, insan zehni yalnız maddi faktorlarla izah edilə bilər, bütün zehni funksiyalar yalnızca maddə ilə əlaqədardır. Halbuki beyinin xüsusiyyətlərinin kəşf edilməsi beyində bənzərsiz zehni funksiyaları aşkar edərək insan zehninin maddədən kənar bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.
 
4. Materializm canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi, təsadüflərlə meydana gəldiyini irəli sürmüşdür. Bu iddia da 20-ci əsrdəki elmi tapıntılarla öz əhəmiyyətini itirmişdir və aydın olmuşdur ki, canlılarda möhtəşəm "dizayn" var və bütün canlıları Allah yaratmışdır.
 
Əgər bir ideologiya məntiqli olduğunu iddia edirsə, ancaq iddiaları ağıl və elm qarşısında aciz qalırsa, həmçinin yaşanan konkret hadisələr o ideologiyanın bütün fərziyyələrini boşa çıxarırsa, o zaman bu ideologiyanın heç bir mənası olmaz. Bu ideologiyanı mənimsəmiş insanlar da bu idelogiyanın elmi dəlillərlə təkzib olunduğunu görüb ona inanmaqdan imtina etməlidirlər. Başqa sözlə, əgər kommunistlər kommunizmə romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam düşüncə ilə yanaşsaydılar, bu günə qədər ondan çoxdan uzaqlaşmış olardılar.
 
Marksistlərin kommunizmə kor-koranə bağlılıqları
 
Kommunizm romantizmə əsaslanaraq yaranmış bir ideologiya olduğuna görə onun tərəfdarları da məntiq və elmdən uzaq şəkildə bu sistemə bağlı qalmağa və bu sistemi gözüyumulu müdafiə etməyə davam edirlər. Marksistlər hələ başlanğıcda Marksın ən təməl fərziyyələrinin reallaşmadığını gördükdə bu ideologiyadan imtina etməli idilər. Amma belə olmadı. Dünyanın dörd tərəfində formalaşan "inqilabçılar" Marksın xəyallarını reallaşdırmaq üçün fəaliyyətə başladılar. İnqilablar vətəndaş müharibələri, partizan mübarizələri, terror hərəkatları təşkil etdilər. 
 
Sovet İttifaqı və bütün Şərq bloku dağıldı, Qırmızı Çin kapitalist iqtisadiyyatı mənimsədi. Amma hələ də kommunizmdən imtina etmədilər. Hələ də dünyanın bir çox yerində və Türkiyədə kommunist təşkilatlar öz fəaliyyətlərini davam etdirirlər. Həmin "inqilab"ın xəyal olduğunu bilmələrinə baxmayaraq, sırf kommunizmi ayaqda saxlamaq üçün qan tökməyə davam edirlər. Öz ətrafındakıları və özlərini diri-diri oda verərək yana-yana kommunist marşlar söyləyəcək qədər romantik (hisslərə bağlı), kor və məqsədsiz inadkarlıqla kommunizmə olan bağlılıqlarını qoruyub-saxlayırlar.
 
Bu vəziyyət kommunizmin məntiqli bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağıllı yanaşma ilə deyil, başqa səbəbə görə mənimsədiklərini göstərir. Bu “səbəbə” bir çox insan "fanatizm" və ya "sabitfikirlilik" deyir. Bunda bir yanlışlıq yoxdur. Amma bir az dərindən araşdırdıqda həmin fanatizmin arxasında romantizmin dayandığını görərik.
 
Başqa sözlə, kommunizm də öz gücünü romantizmdən alır. 
 
Kommunist romantizmin nümunələri
 
Kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik düşüncə ilə qəbul edirlər. Elmin aşkar etdiyi, amma mənafeləri ilə üst-üstə düşməyən nəticələri "burjua elmi" deyə gözübağlı şəkildə rədd edirlər. Hətta Stalin bu fikirləri sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" deyə süni ayrı-seçkilik yaratmışdır.
 
Digər tərəfdən, kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə və ya marşlarına nəzər yetirsək, onların, əslində, qatı romantik olduqlarını görərik. Bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik şəkildə bağlanmışlar. Bunların başında "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi xəyala bir növ ümidsiz eşqlə bağlanır. Bu inqilab haqqında şüurlu şəkildə düşünməz. İnqilab nəyə görə ediləcək? İnqilab olduqda bir çox günahsız insanın qanı axacaq, bütün cəmiyyət əzaba düçar olacaq. Buna nə ehtiyac var? İnqilab olmadan da kasıb insanların həyat səviyyəsi yüksələ bilməzmi? İnqilab olduqda iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili münaqişələrin qarşısı necə alınacaq, xarici təzyiqlər necə zərərsizləşdiriləcək? 
 
Bir kommunistin dünyagörüşü
 
Yuxarıdakı sualların bir kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Tək məqsədi inqilabdır. Əgər bu kimi suallara bir cavab verməli olsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri deyər, ancaq bu sualların cavabların düşünməyə yanaşmaz. Onu inqilab fikrinə ən çox bağlayan faktor isə bu mövzuda yazılan romantik şeirlər, marşlardır. Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə”dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunizm arasındakı əlaqə bir növ romantik eşq hekayəsi kimidir. Universitetlərdəki, kitab sərgilərindəki, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid köşkləri, kommunistlərin toplaşdığı barları, kafeləri araşdırdıqda bu romantizmin müxtəlif simvollarla yaşadılmağa çalışdığını görərik. Zəncirlərini qıran güclü proletariat afişaları, sıxılmış yumruq fiqurları, sosializm uğrunda döyüşməkdən və ölməkdən bəhs edən inqilab mahnıları kommunist romantizmin ən məşhur simvollarıdır. 
 
Kommunistlərin yaşadığı romantik ruh halını ilk baxışda bir çox insan anlamır, çünki bu romantizm bəzən paltarlara da əks olunur. Əyninə torpaq rəngli pencək geyinən, başına da diversiya papağı qoyan kommunist gənc özünü Latın Amerikasının kommunist partizan lideri Çe Gevaraya bənzədir. Otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla bir "Çe" afişası vardır. Pop ulduzlarını təqlid edib onlar kimi geyinən romantik məktəbli gənclərdən tək fərqi özünə seçdiyi ulduzun musiqiçi deyil, partizan olmasıdır.
 
Kommunist romantizmin başqa bir maraqlı nümunəsi özlərinə əzab çəkdirməkdən və digər insanların da onlara yazıq kimi baxmasından böyük zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq tətili"nə başlayaraq çox sadə bir məqsəd uğrunda özünü ölümə aparan bir kommunist bu hərəkətinin özünə verdiyi əzab və iztirabdan, bir tərəfdən də çəkdiyi əzaba görə digər insanların ona duyduğu yazıqlıq hissindən həzz alır. Digər tərəfdən, yoldaşları tərəfindən "mübarizə adamı" olaraq tanınmaqdan və təqdir edilməkdən zövq alır.
 
Kommunistlərin əzab çəkməkdən aldıqları romantik zövq bəzən kulminasiya nöqtəsinə çata bilər. Kommunistlər özlərini canlı-canlı yandırmaq, seçdikləri yoldaşlarını dəmir barmaqlıqlara bağlayaraq, üzərinə yandırıcı maddə töküb atəşə vermək, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc vəhşiliklər törədirlər. Bu ağlasığmaz zorakılığı həyata keçirənlərin eynilə nasist mitinqlərdəki kütlələr kimi bir növ "şüursuz" halda olmaları, tamamilə romantik və qarışıq psixoloji vəziyyətə düşmələri çəkilmiş şəkillərdən də aydın olur. 
 
Kommunistlər hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda, israrla ideologiyalarına bağlı qalaraq inadkarlıq edirlər. "Səhv də olsam, müvəffəqiyyət əldə etməsəm də, mən kommunistəm və sonuna qədər elə qalacağam" düşüncəsi ilə kor-koranə bağlılıq nümayiş etdirirlər. Əlbəttə, şüurlu insan bu cür davranmaz. 
 
Kommunizm şüurlu ideologiya və fəlsəfə adı ilə yaranmasına baxmayaraq, əslində ağıla və elmə zidd iddialarla doludur. Kommunizmin təxminən bir əsr yarım müddət ərzində hələ də israrla müdafiə olunmasının səbəbi kommunistlərin öz ideologiyalarına olan romantik bağlılıqlarıdır. 
PAYLAŞIN
logo
logo
logo
logo
logo