Dünya nöqsan və qüsurlarla doludur
Hər insan gün ərzində sutkanın ən azı dörddə bir hissəsini yatmağa məcburdur. Bəs yuxunun alternativi varmı? “Mən yatmaq istəmirəm”, -deyən insanın halı necə olar?
“Şüursuz” keçən 15 il
İnsan günün 18 saatını şüurlu, minimum qalan 6 saatını isə yuxuda şüuru tamamilə qapalı vəziyyətdə keçirir. Bu cəhətdən baxdıqda qarşımıza belə bir rəqəm çıxır: orta hesabla 60 illik insan ömrünün ən az dörddə biri, yəni 15 ili “şüursuz” keçir.
Yatmayan insanın acizlikləri
İki gün yatmayan insanın gözlərinə qan yığılır, dərisi korlanır, rəngi solur. Bu müddət bir az da uzansa, şüuru da gedə bilər. İnsan istəsə də, istəməsə də, günün sonunda mütləq gözləri yumulur, diqqəti dağılır və yuxuya dalır. Bu labüddür, ən güclüdən ən zəifə, ən gözəldən ən çirkinə, ən varlıdan ən kasıba qədər hamı üçün dəyişməz qanundur.
Yuxu zamanı baş verənlər
Yuxudan əvvəl bədən sanki ölürmüş kimi hissiyyatını itirir, heç nəyə reaksiya vermir. Qısa müddət əvvəl eşidən qulaqlar fiziki baxımdan sağlam olmasına baxmayaraq, eşitmir, funksiyalarını yerinə yetirmirlər. Bədən bütün fəaliyyətlərini minimum səviyyəyə endirir, diqqət azalır, hərəkətlər ləngiyir. Ölüm ruhun bədəndən ayrılması olduğuna görə, bu da bir növ ölümdür. Çünki insanın bədəni çarpayıda yatır, ancaq o anda ruhu başqa məkanda, fərqli hadisələr baş verdiyini görür. Ölüm də insanda eyni təsir əmələ gətirir: onu dünyadakı bədənindən ayırır və yeni bədənlə yeni dünyaya aparır.
Yuxu ilə ölüm arasındakı bu bənzərlik Quranda da vurğulanır. Bir ayədə “Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin… (Ənam surəsi, 60)” buyurulur. Ölüm ilə yuxunun bir-birinə bənzər olduğunu xəbər verən başqa ayə isə belədir:
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır. (Zumər surəsi, 42)
Nəticə
İnsanlar həyatlarının dörddə bir hissəsini hissiyyatsız keçirirlər, lakin bunun üzərində çox düşünmürlər. Yuxuya dalmaqla dünyada onlar üçün əhəmiyyətli olan hər şeyi qoyub gedirlər. Halbuki insan yuxuya getdikdə gün ərzində qazandığı pul, keçdiyi vacib imtahan, aldığı gözəl hədiyyə artıq onun üçün heç nə ifadə etmir. Bu, bir növ dünya ilə əlaqənin qalmaması deməkdir.
İnsanın dünyada keçirdiyi zamanla bağlı hesablamalar çox düşündürücüdür. 60 illik ömrün ən az 15-20 ilini yuxuda keçirir. Qalan 40-45 illik müddətin ilk 5-10 ili uşaqlıqdan qaynaqlanan şüursuzluq dövrüdür. Yəni 60 il yaşayan insan, əslində, həyatının yarısını “şüursuz” keçirir. Ömrünün qalan hissəsini isə yemək hazırlayaraq, yeyərək, bədənini və ətrafını təmizləyərək, yolda bir yerə getməyə çalışaraq keçirir. Nəticədə, məlum olur ki, təbii ehtiyaclarına sərf etdiyi vaxtı da çıxsaq, bu qədər ömürdən ancaq 3-5 illik vaxtı qalır. Bu qədər qısa zamanın əbədi həyatla müqayisədə nə dəyəri var?