Peyğəmbərimiz (s.ə.v) hədislərdə Dəccalın tələlərinin böyüklüyünə diqqət çəkmiş və bizi bu tələlərə qarşı xəbərdar etmişdir. Həqiqətən də, Dəccaliyyətin fitnəsi səmimi iman edənlər istisna olmaqla, hardasa bütün insanları əhatə edə biləcək böyüklükdədir. Bu gün dünyada yaşanan əxlaqi pozulma və xaos mühiti haqda ətraflı düşünmək bu fitnənin ölçüsünün daha yaxşı qavranmasına imkan verəcək. Hansı ölkədən, hansı millətdən, hansı irqdən olmasına baxmayaraq insanlar bu pozulmağa və fitnəyə şəxsən şahidlik edirlər.
Ancaq, burda unudulmamalı çox vacib bir mövzu vardır. Quranda bir çox ayədə iman etməyənlərin qurduqları bütün tələlərin həqiqi sahibinin Allah olduğu bildirilir. Allah insanları sınamaq, saleh olanları ortaya çıxarmaq, onları təlimləndirmək, inkar edənlərin də küfrünü göstərmək üçün, daha bir çox hikmətə uyğun olaraq şeytanın da fəaliyyətlərini və beləliklə də Dəccaliyyəti də qədərdə yaratmışdır. Ancaq Dəccaliyyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Demək, inkar edənlərin tələləri, Allahın izni ilə, heç bir zaman qələbə çalmayacaq tələlərdir. Bir ayədə bu sirr belə ifadə edilir:
“(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.” (İbrahim surəsi, 46)
Tarix boyunca inkar edən və insanları inkara çəkmək istəyənlər müxtəlif tələlər qurmuşdular. Ancaq, qurulan bütün tələlər Allahın qanununa uyğun olaraq pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın dəyişilməz qanunudur. Bir ayədə belə bildirilir:
“…Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” (Fatir surəsi, 42-43)
Eyni aqibət Dəccalın qurduğu tələlər və birbaşa Dəccalın fikir sistemi üçün də keçərlidir. Bu sistem də insanları Allahın yolundan azdırmaq üçün qurulmuş xüsusi bir tələdir. Qurulan tələlər nə qədər böyük olsa da, hazırlanan planlar nə qədər əhatəli və təsirli olsa da, hamısı Allahın idarəsi altındadır. Dəccal da, onun qurduğu tələlər də yalnız Allahın diləməsi ilə vardır. "Allah diləmədikcə siz diləyə bilməzsiniz" (İnsan Surəsi, 30) ayəsində də buyurulduğu kimi, Allah diləmədikcə heç kim bir şey diləyə bilməyəcəyi kimi, nə bir tələ qurmağa, nə də bu tələni həyata keçirməyə gücü çata bilər.