Elm adamlarının cırcırama ayağının quruluşu üzərində apardıqları tədqiqat ayağın elastiklik və möhkəmlik baxımından təbiətdəki ən dözümlü çoxtəbəqəli məmulat olduğunu göstərib.
İrlandiyanın Dublin şəhərindəki Triniti Kollecində mühəndis kimi çalışan Dr. Can Henninq Derksin rəhbərliyi altındakı elm adamları cırcıramanın ayağını bükərək çatlatmaq üçün nə qədər enerji lazım olduğunu müəyyən etmək məqsədilə tədqiq etmiş və tədqiqatı “The Journal of Experimental Biology” adlı elmi jurnalın internet səhifəsində dərc etdirmişlər. Ayağı bükməklə çatlatmaq üçün lazımi enerjinin 5.56 kilocoul/m-2 olduğunu müəyyən edən tədqiqatçılar bunun tökmə poladı qırmaq üçün lazım olan enerjidən daha çox olduğuna diqqət çəkiblər. Cırcırama ayağının insan sümüyündən daha möhkəm və sümük əsaslı buynuza bərabər möhkəmlikdə olduğunu deyən tədqiqatçılar bu nəticələrə əsasən cırcırama ayağının təbiətdəki ən möhkəm çoxtəbəqəli məmulat olduğunu qeyd ediblər. Elm adamları cırcıramaların yüksək toqquşma qüvvəsinə davamlı sıçrayışlar etmək üçün bu cür möhkəm ayaqlara ehtiyacları olduğunu ifadə ediblər.