İnsan bir şeyi bütün səmimiyyəti ilə istəyərsə, mütləq çıxış yolu tapır. Amma natamam şəkildə istəyərsə, belə olduqda çıxış yolu qarşısında olsa belə onu görməz və ya görməməzliyə vurar. Bunun səbəbi isə bu insanın bütün səmimiyyəti ilə çıxış yolu axtarmamağıdır.
Bu, insanın özünü aldatma üsullarından biridir. İnsan özünü bəzən, əlindən gələn hər şeyi etdiyinə, hər bir yolu sınadığına, amma nədənsə istədiyi nəticəyə gəlmədiyinə” inandırır. Halbuki əslində daxilində bunun belə olmadığını bilir. Həqiqətdə əlindən gələn hər şeyi etməmişdir. Həqiqətən də istədiyi nəticəni almaq istəyirsə, əslində nə etmək lazım olduğunu da bilib, həyata keçirəcək imkanlarına sahibdir. Ancaq daha dərindən araşdırıldıqda onun bu istiqamətdə çalışmasını əngəlləyən səbəblə bu bilgini qulaqardına vurur.
Bəzən belə xarakterə sahib insanlar, bu məsələni həqiqətən də həll etmək istəyirlər. Amma daxillərində müxtəlif səbəblərdən qaynaqlanan kin və nifrət və ya haqlı olmaları, bu istiqamətdə lazımı qədər səy göstərmələrinə əngəl törədir. Özlərini haqlı görmələri mübarizə əzmini qırır. Onlar hər nə qədər də bu məsələni aydınlığa çıxartmaq istəsələr belə, hisslərinin əsiri olduqlarından lazımı dərəcədə səy göstərə bilmirlər.
Belə ki, bu insanlar “olsa olar, olmazsa da olmaz” məntiqinə uyğun hərəkət edənlərdir. Məlum olur ki, məsələnin nəticəsi bu insanlara o qədər də maraqlı deyildir. Güzəştə getmədən, nəfsinə qalib gəlmədən, əmək sərf etmədən, özünü çətinə salmadan bu nəticəyə gələcəksə, əlbəttə hamı kimi o da istəyir. Amma əslində o qədər də könüllü deyildir. Bu səbəbdən də əlindən gələni etmir. Əgər bir insan həqiqətən istəmiş olsa, daxilindəki nifrəti, kini və ya bu yolda hərəkət etməsinə maneə törədəcək hər cür hisslərə üstün gələcək dayanıqlılığı göstərə bilər və hər cür əngəli dəf edə bilər.
Bununla bərabər “həqiqətən çox istəyən insan və hər nə əngəl olsa da məqsədinə çatmaqda qərarlı olan” insan xarakteri də vardır. Bu tip insanlar istədiyi nəticəni əldə etməkdən ötrü istənilən fədakarlığı etməyə hazırdırlar. Bir sözlə, istəyi ilə bərabər vicdanının səsinə qulaq asaraq, ağlı ilə mühakimə apararaq hərəkət edərlər. Və bunun nəticəsində Allah, belə səmimiyyətlə, şövqlə və əzmlə istəyib, səy göstərdiyi üçün həmin şəxsə mütləq “çıxış yolu” göstərir. Çünki bu, Allahın Quranda bildirdiyi vəddir:
... Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər. Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2- 3)
Gündəlik həyatımızda çox vaxt bu tip xüsusiyyətlərə malik insanlarla rastlaşırıq. Məsələn, mahnı oxumaqdan xoşu gəlməyən insandan mahnı oxumağını istədikdə, daxildən gəlmədiyi üçün mahnını pis oxuyar. Ya da bir insandan ətrafı təmizləyib, səliqə səhmana salınmasını istədikdə, bu işi özü üçün yük hesab edirsə, həmin işi istəksiz edir. Eyni şəkildə iş yerində işləyən insan, xoşlamadığı, etmək istəmədiyi və ya çətin gördüyü vəzifəni, boynuna götürmək istəməz və boynuna götürsə belə işə çox istəksiz yanaşar. Özünə həqiqətən də xoşladığı və zövq aldığı işin məsuliyyəti verilərsə, belə olduqda işinə məsuliyyətlə yanaşar və ən gözəl şəkildə tapşırığı yerinə yetirməyə çalışar.
Məsələn, həmin şəxsə deyilsə ki, “Bu bölgədəki bütün restoranları, kababçıları gəz, hamısını menyularını sınaqdan keçir və ləzzətini yoxla” və ya “Bu bölgədəki bütün istirahət mərkəzlərini get, bir müddət qal və daha sonra onlar haqqında məlumat ver” kimi nəfsinin istədiyi kimi məsuliyyətlər verildiyini düşünək. Belə olduqda həmin şəxs özünə verilən bu tapşırıqları yerinə yetirməkdə, hər cür əngəli aşacaq şövqlə, həyəcanla və dözümlülüklə işini yerinə yetirməyə başlayır.
Heç bir əksikliyə yol vermədən, heç bir incəliyi gözdən qoymadan və əsas olan heç bir mövzunu unutmadan bu vəzifəsini mükəmməl şəkildə həyata keçirir. Amma həmin şəxsə “Get bu ərazidə ən kasıb, ən möhtac, ən çətin şərtlərdə yaşayan insanların ehtiyaclarını öyrən, yaşayış şəraitləri ilə yaxından tanış olmaq üçün bir müddət onlarla birlikdə yaşa” deyilsə, bu insan daxilindəki istəksizlikdən, şövqsüzlükdən əsla uzaqlaşa bilmir. Digər vəzifələr verildikdə əldə etdiyi şövq və həyəcanla müqayisədə, belə vəziyyətdə çox istəksiz və bacarıqsız görünüş nümayiş etdirir.
Bu tip hallarla demək olar ki, hər gün rastlaşırıq. Gündəlik həyata bu şəkildə təsir göstərən psixoloji faktorlar, insanların öz şəxsiyyətlərini formalaşmasında da meydana çıxır. Bir insanın pis xüsusiyyətlərini, şəxsiyyətində olan çatışmazlıqları, hərəkətlərindəki nizamsızlıq da, bu insanın daxilindəki “istəyə” bağlıdır. Bu istiqamətdə həqiqətən də ehtiyac hiss edirsə, daxilən əzab çəkirsə, çox zərər gördüyünə inanırsa və özünü dəyişdirməyə ürəkdən istəyirsə; Allahın izni ilə həmin şəxs bu istiqamətdə həqiqətən də nəticə əldə edir. Amma əksiklikləri həyatına mənfi təsir etmirsə və bu kimi xüsusiyyətlərin zərərsiz olduğuna inanırsa; belə olduqda nə qədər səy göstərirsə göstərsin, Allahın diləməsi xaricində qalıcı və nəzərə çarpacaq dərəcədə nəticə əldə etmir.
Nəticə etibarı ilə, əgər insan həqiqətən də özündə olan əksiklikləri hiss edirsə, o istiqamətdə Allahın izni ilə bu məsələni həll etmək üçün lazımı dərəcədə imkanlara malikdir. Allah Quranda bu həqiqəti insanlara belə bildirmişdir:
Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr. (Muzzəmmil surəsi, 19)