Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı?
ucgen

Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı?

1313

Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı? Bu sual film ssenarisinin mövzusu kimi görünsə də, tariximiz haqqında bəzi həqiqətləri xatırlamaq üçün mühüm vasitə ola bilər.

 

Sualın cavabını tapmaq üçün əvvəlcə Atatürkün liderliyini etdiyi Türkiyədə nələrin baş verdiyi bilmək lazımdır. Əgər Atatürkün vasitəsilə ölkəmizdə edilənləri yaxşı bilsək, onun yoxluğunda hansı mənzərə ilə qarşılaşacağımızı təxmin etmək daha asan olar.

 

Mustafa Kamal Atatürk Türkiyənin dünyada ən çox bilinən və ən çox tanınan liderlərindəndir. Vəfatından yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də milyonlarla vətəndaşımız onu böyük hörmət və məhəbbətlə yad edir. Bununla yanaşı onun etdiklərini tənqid edən, hətta düşmənçilik bəsləyən şəxslər də mövcuddur. Maraqlı olan cəhət budur ki, bu şəxslər tənqidlərini Atatürkün qurduğu nizam daxilində, onun rəhbərliyində əldə edilən imkanlardan istifadə edərək edirlər. Bu şəxslərin dediklərinə bir az qulaq asdıqda, Atatürkdən əvvəllki dövrdə çox yaxşı səviyyədə olan sosial, siyasi və iqtisadi şərtlərin onun dövründə pisləşdiyinə işarə edən izahların şahidi olarsınız. Halbuki həqiqət bu izahların tam əksidir.

 

Osmanlı dövləti 1911-ci il Trablusqarp müharibəsinin başlaması ilə birlikdə 12 il boyunca müxtəlif cəbhələrdə müharibənin vurduğu ağır tənəzzülü yaşamışdır. Tənzimat dövründə dövləti müasirləşdirmə cəhdləri olsa da, bu səylər yetərsiz qalmış, gedən ağır döyüşlər nəticəsində ölkə iqtisadi, sosial, mədəni və inzibati cəhətdən böyük böhranlar yaşamışdır. Respublika qurulduqda Anadolu xalqı həm yoxsul, həm də təhsilsiz idi.

 

Respublikaının qurulması ilə birlikdə Atatürkün liderliyində köklü islahatlar başlamış, imperiyanın demək olar ki, 100 ildə həll edə bilmədiyi bir çox problem 15 ildə həll edilmiş və ya yaxşılaşdırılmışdır.

 

Təhsil sahəsində böyük nailiyyətlər

 

Respublika elan ediləndə oxuma-yazma bilənlərin nisbəti 6-10% idi. 1923-1924-cü tədris ilində 341.941 olan ümumi tələbə sayında cinsiyyətlər arasında böyük fərq var idi (Kişi: 273.107, Qadın: 62.954). Qız tələbələr 18% təşkil edirdi. Həmin dövr əhalinin yarıdan çoxunun qadın olduğu nəzərə alınarsa, xalqın qız uşaqlarını oxutmaqda çox istəksiz olduğu görünür. Respublika dövründə qız uşaqlarının təhsilinə böyük önəm verilərək başlanğıcdan etibarən böyük nailiyyət əldə edilmişdir. Eyni artım müəllim sayında da olmuşdur. 1938-1939-cu illərdə həm məktəb, həm də müəllim sayında 75%-lik bir artım olmuşdur.

 

Bununla yanaşı tələbə sayı 100%-i ötmüşdür. Oxuma-yazma bilənlərin nisbəti 1939-cu ildə 24,5%-ə çatmışdır. Ali təhsildə 1938-1939-cu illərdə təhsil işçisi sayındakı artım 150%, tələbə sayındakı artım isə təqribən 250% olmuşdur. Respublika dövründə təhsil sahəsində ən mühüm hadisə qız uşaqlarının təhsilinə xüsusi önəm verilməsidir. Qız tələbə sayı bütövlükdə 18%-dən 44,4%-ə yüksəlmişdir. 1923-1940-cı illər arasında qadın müəllimələrin sayı respublikadan əvvəllki dövrlə müqayisədə təqribən üç dəfə artmışdır.

 

Atatürk yeni Türkiyə Respublikasının təhsil siyasətinin mərkəzində yer alıb. Atatürk Osmanlıdakı Türk və İslam millətlərinin elm, mədəniyyət, incəsənət və texnologiya sahəsindəki geridə qalmışlığı və demək olar ki, hamısının imperialist güclərin müstəmləkəsi halına gəlməsindəki ən mühüm amilin təhsil və təhsildəki çatışmazlıqdan irəli gəldiyinin fərqinə varmışdır.

 

Kənd təsərrüfatı sahələrində və kənd təsərrüfatı gəlirlərindəki artımlar

 

Kənd təsərrüfatında da təhsildə olduğu kimi, böyük nailiyyətlər əldə edilmişdir. Osmanlıda əhalinin əsas dolanışıq mənbəyinin kənd təsərrüfatı olduğu nəzərə alınsa, Atatürkün liderliyində aqrar inkişafın nə qədər vacib olduğu daha yaxşı başa düşüləcək (1927-ci ildəki siyahıyaalmada ölkə əhalisinin 67,7%-nin ferma qurduğu müəyyən edilmişdir).

 

Torpağın münbitliyi baxımından isə respublikanın ilk illərində torpaqların təxminən 5%-i əkinə yararlı idi. 1934-cü ildə bu nisbət 17,9%-ə çıxmışdır. Əkinə yararlı torpaqlar iki dəfə artmış, ölkəyə gələn mühacir və miqrantların bunlardan istifadə etməsi təmin edilmişdir.

 

Kənd təsərrüfatı sahəsində ən mühüm məqamlardan biri də Osmanlı dövründə kəndlilərdən istehsal etdikləri kənd təsərrüfatı məhsulları üçün 10% nisbətində alınan aşar vergisinin ləğv edilməsi olmuşdur.

 

Milliləşdirilən və genişlənən nəqliyyat şəbəkəsi

 

Osmanlı dövründə nəqliyyat üçün dəmir yollarına üstünlük verilmiş, ancaq bunun üçün lazımi vəsait tapılmadığı üçün dəmir yolu nəqliyyatının yaradılması və istismarı tamamilə əcnəbilərin əlində olmuşdur.

 

Dəmir yolu ilə nəqliyyata böyük önəm verən respublika hökumətləri xətt uzunluğu və sayını artırmaqla yanaşı milliləşdirmə fəaliyyəti həyata keçirmişdir. Osmanlı dövləti zamanı  1923-cü ildə dəmir yolu nəqliyyatında xətt uzunluğu 3.756 km idisə, 1938-ci ilə gəldikdə bu uzunluq 7.148 km olmuşdur. On iki illik müharibə dövrünün dağıntılarına baxmayaraq, on beş ildə ortaya qoyulan 100%-lik artım diqqətəlayiq irəliləyişə işarədir. 2.500 km uzunluğunda (1923) avtomobil yolları, 1938-ci ildə 21.575 km uzunluğa çatmışdır.

 

 Artan və güclənən ölkə iqtisadiyyatı

 

Osmanlı dövründə yerli istehsal çox məhdud olduğu üçün xaricə ancaq kənd təsərrüfatı məhsulu və xammal ixrac edilir, hazır maddələr isə yalnız idxal yolu ilə təmin edilirdi. İxrac, idxal xərclərinin ancaq yarısını təmin edirdi. Bu çətinlik dövlətin yeni investisiyalar qoymasını qeyri-mümkün edirdi. Ölkəyə gəlir gətirə biləcək önəmli müəssisələrin xarici ölkələr tərəfindən istifadə edilməsi ümumi milli gəlirin yetərsiz olmasındakı başqa bir amil idi.

 

Bu səbəbdən Atatürk siyasi və hərbi uğurlar nə qədər böyük olursa-olsun, iqtisadi uğurlarla birləşməsə, əldə edilən qələbənin qısa müddətli olacağı düşüncəsi ilə iqtisadiyyatın möhkəmləndirilməsi və inkişaf etdirilməsini qarşısına məqsəd qoymuşdu. Bu hədəf sayəsində ümumi daxili məhsul 2 dəfə artmışdır. İxrac və idxal arasındakı fərq az qala qalxaraq tarazlanmış, hətta ixrac idxalı keçmişdir (1937-ci ildə təmin etmə nisbəti 120,6%).

 

İnzibati tənzimləmələr

 

Düşmən işğalından sonra Anadolu insanı fəlakətə məruz qalmışdır. Düşmən işğalından azad edilən yerlərdəki vəziyyəti araşdıran hökumət isə təcili olaraq ediləcəklərin hüquq, idarəçilik və səhiyyə müstəvisində həyata keçirmək üçün fəaliyyətə başladı. İlk addım həll yollarının ədliyyə, daxili və səhiyyə nazirlərindən ibarət bir məclis tərəfindən hökumətə təklif edilməsi oldu. Bir neçə gün sonra "Afyondan etibarən yandırılıb dağıdılmış kəndlərdəki xalqın yemək, toxum kimi əsas ehtiyacları ilə yanaşı digər ehtiyaclarının ödənilməsi üçün sosial yardım komissiyaları yaradıldı.

 

İqtisadi inkişafın təmin edilməsi və xalqın ehtiyaclarının aradan qaldırılması üçün hasilatın artırılması məqsədi qoyuldu. Ancaq müharibədən sonra ölkədəki işçi qüvvəsinin çox zəif olması istehsala mənfi təsir göstərən ən mühüm amillərdən biri idi. İş gücünü artırmaq üçün əkin və biçin vaxtlarında ağır cəzaya məhkum olanlardan başqa digər bütün məhkumlardan istifadə edilməyə başlandı. İstehsala ayrılacaq gücü bir an əvvəl artırmaq məcburiyyəti hökuməti hərbçilərdən də istifadə etməyə sövq etdi. İstehsal ehtiyacından asılı olaraq bu tətbiq sonrakı dövrlərdə də davam etdirilmişdir.

 

Sülh vaxtında əsgərlərə olduqları yerin təsərrüfat strukturları tərəfindən yeni təsərrüfat üsulları öyrədilirdi. Hərbi birliyin olduğu yerdə kənd təsərrüfatı müəssisəsi yoxdursa, Milli Müdafiə Nazirliyinin tələbi ilə İqtisadiyyat Nazirliyinə müvəqqəti olaraq fənn məmurları və kənd təsərrüfatı alətlərini təmin etmək tapşırılmışdır.

 

Dövlət idarəsində çalışan məmurların geri qazanılması istiqamətində tənzimləmə həyata keçirilmişdir. Milli mübarizə əleyhinə olmayan məmurların vəzifələrinə qayıtması və ailələrinin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün çalışılmışdır.

 

Səmimi dindar Atatürk

 

Yarım əsrdən çoxdur ki, bəzi ideoloji dairələr tərəfindən türk xalqına çox yanlış bir məntiq aşılanmağa çalışılıb. Buna fikrə görə, Türkiyə Respublikasının qurucusu Atatürk dinə qarşı materialist düşüncəni müdafiə edən bir insan idi. Bundan başqa, dindar olmaqla Atatürkçü olmaq sanki zidd anlayışlardır.

 

Ancaq bu yanlış təlqin dövrümüzdə təsirini itirib. Artıq hamı bilir ki, bu, özləri din əleyhinə olub, bunu haqsız yerə Atatürkə aid edərək yanlış fikir və düşüncələrini haqq qazandırmağa çalışan müəyyən dairələrin əl atdığı şüurlu yanlış məlumatlandırmadı. Atatürkün həyatı və düşüncələri araşdırılıb tədqiq edildikdə, materialist təbəqələrin irəli sürdükləri bu cür iddiaların tamamilə həqiqətdən uzaq olduğu ortaya çıxır.

 

İstər Atatürkü yaxından tanıyan şəxslərin verdikləri məlumatlar, istərsə də Atatürkün həyatından bəhs edən etibarlı mənbələr araşdırılarkən, Atatürkün materialist, din əleyhdarı olmaq bir yana qalsın, əksinə, sarsılmaz Allah inancına sahib, Qurani-kərimi özünə rəhbər tutmuş səmimi müsəlman olduğu məlum olur.

 

Atatürkün möhkəm İslam inancına sahib olduğu, müxtəlif çıxışlarında da açıq şəkildə özünü göstərir. Respublikamızın banisi ulu öndərimizin gördüyü işləri tədqiq etdikdə də, bunların dinimizin mahiyyətinə və Qurani-kərimdə təsvir edilənlərə uyğun olduğunu görürük.

 

Dəfələrlə həyatını təhlükəyə ataraq milyonlarla müsəlmanı düşmənin zülm və əsarətindən azad etməsi, Qurani-kərimin türkcə tərcüməsini və təfsirini etdirməsi, ən mötəbər hədis kitablarından Səhih-i Buxarini türkcəyə tərcümə etdirməsi, yanında daima Qurani-kərim gəzdirməsi, İmam Hatib məktəblərini və ilahiyyat fakültəsini açdırması, Balıkəsirdə minbərə çıxıb xütbə oxuması, məscidlərin kilsəyə çevrilməsinə mane olması, düşmən ordularına qarşı müsəlmanların tək cəbhə qurmasını təmin etməsi, onlara sahib çıxması, Atatürkün dininə, millətinə və tarixinə ürəkdən bağlı bir insan olduğunun ən bariz göstəricilərindəndir.

 

Atatürk olmasaydı, Anadoluda nələr olardı?

 

Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı sualının cavabı, əslində "Atatürk olmasaydı, Türkiyə kimi bir ölkə olardımı" sualında axtarmaq lazımdır.

 

"Əvvəla Atatürkün Qurtuluş Savaşında ilk addımı atmazdan əvvəl Osmanlının kağız üzərində bir dövlətcik halına çevrildiyini, Anadolunun dörd bir tərəfinin ixtilaf dövlətləri tərəfindən bölüşdürüldüyünü xatırlamaq lazımdır.

 

Belə bir vəziyyətdə Atatürk olmasaydı, Anadolu üzərində erməni, rum və kürd bölgələri (və ya dövlətləri) qurulacaq, digər bölgələr isə ingilis, fransız və yunan işğalına məruz qalacaq, onlar tərəfindən idarə ediləcəkdi. Osmanlı torpaqları və boğazlar üzərindəki əməlləri ilə tanınan kommunist Rusiya Anadolunu işğal hərəkatına qoşulan bir başqa ölkə olacaqdı. Bu vəziyyətdə Anadolunun bir hissəsi labüd olaraq Sovet Respublikası halına gələcəkdi.

 

Padşah işğal dövlətlərinə itaət etmək şərti ilə İstanbulda yaşayacaq, ancaq ya təsirsiz bir idarəçiliyi olacaq, ya da işğalçı qüvvələrin arzu etdikləri siyasəti yürütməyə məcbur olacaqdı.

 

Anadoluda yaşayan türk xalqı həmin dövrdəki müstəmləkələrə xas zülmlərə məruz qalacaqdı. Xalqımıza dinini yaşamaq, dilini danışmaq haqqı da çox görüləcəkdi.

 

Nəhayət xalqımız Frakiyadan (Avropadan), hətta Anadoludan sürgün ediləcək, Anadolu torpaqları üzərində sanki yeni Bizans qurulacaqdı. Anadoludakı müsəlmanlardan ibarət əhali, bəlkə də Yaxın Şərqdə, bəlkə də, Qafqazda sığınacaqları yeni yurdlar axtaracaqdılar. Anadoluda qalanlar Anadolunun bütün sərvətlərinin çıxarılmasında istifadə ediləcək, lakin əldə edilən gəlirlər işğalçı dövlətlərin olacaqdı. İstanbul və Dardanel boğazlarının statusu işğalçı dövlətlər tərəfindən müəyyən ediləcək, bütün limanlarımız və dəmir yollarımız yenə əcnəbilər tərəfindən idarə ediləcəkdi.

 

Anadolunun bir hissəsində türk dövləti və ya Osmanlı rəhbərliyi davam etmiş olsa belə, ortaya çıxacaq mənzərə heç də ürəkaçan olmazdı. Çünki Osmanlı dövlətinin son dövründə olduqca pis vəziyyətdəki kənd təsərrüfatı, sənaye və nəqliyyatla bağlı problemləri böyüyərək davam edəcəkdi. Bir tərəfdən köhnədən qalan böyük borclar, digər tərəfdən işğalçı dövlətlərin Anadoludakı təbii ehtiyatları ələ keçirməsi, kasıb xalqın tamamilə ac qalmasına yol açacaqdı.

 

Yeni məktəblər açılıb, yeni müəllimlər yetişdirilməyəcək və bu səbəbdən təhsil çökmə nöqtəsinə gələcəkdi. Bu vəziyyət yeni savadsız nəslin yetişməsinə yol açacaq, fanatizm, kommunizm və faşizm kimi ekstremistlər ölkə içində asanlıqla tərəfdar tapa biləcək, ölkədə siyasi qətllər və qiyamlar genişlənərək davam edəcəkdi. İşğalçı güclər təhlükəsizlik qüvvələrini ləğv etdiyindən anarxiya mühitini dayandırmaq mümkün olmayacaqdı.

 

Xəstəxanalarda səhiyyə xidmətləri üçün çox məhdud olan xidmətlər vəsait çatışmazlığından tamamilə dayanacaqdı. Osmanlıda meydana gələn səpmə yatalaq, vəba, vərəm, çiçək kimi xəstəliklər epidemiya halında cəmiyyət içində yayılacaq və Anadoludakı müsəlman türk əhali epidemiyalara görə məhv olacaqdı.

 

Baş vermə ehtimalı böyük olan bu hadisələrin baş verməməsinin yeganə səbəbi Atatürkdür. Atatürk türk millətinin yetişdirdiyi ən bənzərsiz siyasi düha, ən güclü dövlət xadimi və heç şübhəsiz ən böyük sərkərdədir. İstər anadan gəlmə sahib olduğu qabiliyyətlər, istərsə də həyatı boyu qazandığı xüsusiyyətlər baxımından çox yüksək və üstün keyfiyyətlərə malikdir. Onun üstün hərbi dühası, gələcəyi görmək, hər zaman məqsədəuyğun qərarlar qəbul etmək qabiliyyəti, cəsarət, polad kimi iradə, əzm, qətiyyət və güclü məsuliyyət anlayışı kimi xüsusiyyətlərdə özünü göstərir. Onun hərbi və siyasi dühası bütün dünya tərəfindən də mübahisəsiz qəbul olunmuşdur. Atatürk ömrünün uzun illərini müharibə meydanlarında keçirmiş, ancaq heç vaxt məğlubiyyət yaşamamış nadir komandirlərdən biridir. Bu səbəbdən türk milləti bəşəriyyət tarixində nadir ortaya çıxan bənzərsiz qəhrəmanlardan birinə sahib olma üstünlüyünə malikdir.

 

Atatürkün bizə miras olaraq qoyduğu Türkiyə Respublikası onun hərbi və siyasi dühasının bir nəticəsidir. Çox gözəl geyim tərzindən, dininə ürəkdən bağlı olmasına qədər xalqımıza nümunə olmuşdur. Bütün bu etdiklərinə baxmayaraq, xalqın arasına qarışmış Anadolu kəndlisi ilə eyni süfrədə oturub söhbət etmiş, məktəblərdəki dərslərdə iştirak etmişdir. Atatürk müasir və mədəni şəxsiyyətə sahib, eyni zamanda da milli mədəniyyətinə çox bağlı, sadə və səmimi dindar, özündən heç bir zaman güzəştə getməyən,  əsl Osmanlı centlmeni idi.

 

Atatürk bir çıxışında "Müasir respublika qurmaq demək, millətin insan kimi yaşamasını bilməsi, insan kimi yaşamağın nəyə bağlı olduğunu öyrənməsi deməkdir" [1] deyərək, respublikanın qurulması və mənfəəti üçün "insan kimi" yaşamağın əhəmiyyətinə diqqət çəkmişdi. Atatürk millətimizin insanlıq şərəfinə yaraşan şəkildə yaşaması üçün bu məsuliyyəti öz çiyinlərində hiss etmiş, ölkəni sahiblənmiş, artıq missiyasını başa vurduğuna inandığı bir imperiyanın üzərində yeni əsaslara söykənən bir dövlət qurmuşdur.

 

Bizə düşən isə Atatürkün prinsiplərini daim ayaqda tutmaq, millət olaraq bu mövzuda şüurlu olmaq və onun göstərdiyi gözəl əxlaqı nümunə götürməkdir. Bunun üçün ilk növbədə Atatürkün əxlaqını yaxından bilmək və ölkəmiz üçün etdiklərini öyrənməklə başlamalıyıq.

 


[1] (Gazinin N.A.V., Muhit Mec, Sene: 3, No: 32, 1931, s. 7-8)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr