Quran ayələrinə baxdığımız zaman mömin üçün boş vaxt anlayışının olmadığını görürük. Bu, möminin hər gün vaxtlı-vaxtında yerinə yetirməli olduğu ibadətlərə az vaxt ayırması, qalan vaxtını isə öz istək və həvəslərinə uyğun boş işlərə sərf etməsi mənasını vermir. Allah iman gətirənlərin üzərinə bütün həyatları boyu həm öz nəfsləri ilə, həm də inkar edənlərin əxlaqına qarşı fikir mübarizəsi aparmaq vəzifəsi qoyub.
Buna görə də, möminin yerinə yetirməli olduğu bir çox hazırlıq və saysız-hesabsız vəzifələr var. Onun bu səmimi və ixlaslı səylərinin həddi-hüdudu, fasiləsi yoxdur. Bu səbəbdən, yerinə yetirilən iş, tamamlanan vəzifə, başa çatdırılan hazırlıq işlərinə ara vermək üçün səbəb deyil, əksinə, yeni fəaliyyətə başlamağın bir nişanəsidir. Ayədə bu hal belə bildirilir:
«(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!» (İnşirah surəsi, 7).
Ayənin hökmünə görə, mömin insan Allah yolunda bir işi görüb başa çatdırdığı zaman dərhal başqa bir iş üçün çalışmağa başlayacaq. Mömin insanın həyatı boyunca davam etdirəcəyi bu davranışın istisnası isə Quranda Allah'ın bildirdiyi kimi, dinə xidmət etməyə güc toplamaq üçün lazımi qədər dincəlməsi və ya Allah'ın ona verdiyi nemətlərdən şükür etmək, şövq və həyəcanını artırmaq üçün dini qanunlar çərçivəsində istifadə etməsidir.
Mömin insanın Quran əxlaqının təbliğinə yönələn fikir mübarizəsini dayanmadan aparması ilə cahil insanların həyat mübarizəsi adı verdiyi çətinlik, sıxıntı, bədbəxtlik və ümidsizlik içindəki cəhdləri arasında zərrə qədər də olsa oxşarlıq yoxdur. İnkar edənlərin sıxıntı, yorğunluq və əzabları onların axirətdə qarşılaşacaqları sonsuz əzabın dünyadakı çox kiçik bir başlanğıcıdır. Halbuki Allahı hər şeydən üstün tutan, Onu böyük coşqu və bağlılıqla sevən möminin Allah yolunda çalışması onun üçün hələ cənnətə daxil olmadan bu dünyada əldə etdiyi və cənnətdəkilərə bənzər böyük bir mənəvi zövqdür. Eyni zamanda, bu fəaliyyət Allah'ın diləməsi ilə, axirətdə onun qarşısına çox böyük və sonsuz mükafat kimi çıxacaq.