“Bizim vətənimiz vardı, torpağımız vardı, bunu heç unutmasınlar...”
2 yaşında sürgün edilən, 3 ölkə və 4 kənd dəyişdirən bir axısqa türk qardaşımız bu sözlərlə gənclərə öyüd-nəsihət verir. Onun çəkdiyi əzablar, yaşadığı aclıq və xəstəliklər, əslində, axısqa türklərinin 70 ilə 3 sürgün sığdıran əziyyətli həyatlarının bir xülasəsi kimidir.
Yüz minlərlə axısqa türkü üçün uşaq yaşlarından başlanan qaçqın həyatı hələ də bitmiş vəziyyətdə deyildir. Bugünkü Gürcüstan torpaqlarının yanındakı Axısqa Türkiyədən 15 kilometr uzaqlıqda, Ərdahan vilayətinin yaxınlığında olan bir türk yurdudur. Uzun illər boyunca Osmanlı idarəsində olan bölgə daha sonra Çar Rusiyasının idarəçiliyi altına düşür və problemlər başlayır.
“Almanlar buranı işğal edəcək, ona görə də sizi etibarlı bölgəyə aparacağıq” kimi yalanlarla yurdlarından çıxarılan 126 min axısqalı qardaş-bacılarımız üçün o andan etibarən sürgünlərin və zülmlərin ardı-arası kəsilmir.
40 min axısqa türkü 2-ci dünya müharibəsi zamanı Almaniyaya qarşı vuruşmaq üçün cəbhəyə göndərildi. Onların təxminən yarısı müharibədə həyatlarını itirdi, geri qayıdanların böyük bir qismi isə şikəst qaldı. Döyüşdən qayıtmağı bacaranlar nasistlərlə əməkdaşlıq etməklə günahlandırılıb Orta Asiyaya sürgün edildilər, həm də heyvan daşıma vaqonları içində…
Qafqazdakı ağır təbii şərtlər Stalinin imzaladığı qərarla başlayan bu sürgünü ölüm səyahətinə çevirdi və 17 min axısqa türkü şəhid oldu. Stalinin dövründə sürgünə göndərilən bir çox Şimali Qafqaz xalqları 1953-cü ildə Stalin öldükdən sonra öz yurdlarına qayıda bildilər, amma axısqa türklərinə bu haqq verilmədi.
Axısqa türkləri yerləşdirildikləri ölkələrdəki əmək düşərgələrində ən ağır işlərə təşviq edildi, şəhərlərdə yaşamaları, bir yerdən başqa yerə keçmələri qadağan edildi. Onlar ən əsas insan hüquqlarından belə məhrum edildilər.
Bütün bu zülmün səbəbi isə Sovet İttifaqı dağılandan sonra aşkar olunan gizli sənədlərlə aydın oldu. Sürgünün əsl məqsədi “Qara dəniz və ətrafındakı türklərin təmizlənməsi” kimi sənədlərdə bildirilirdi.
Hazırda isə 9 ölkədə 425 min axısqa türkü qaçqın statusunda yaşayır, bəzi qaynaqlar bu rəqəmin 630 minə çatdığını bildirirlər.
Axısqa türkləri ölkələrinə qayıtmaq üçün hər yola əl ataraq mübarizə aparır, ictimai təzyiq yaratmağa çalışırlar. Sovet İttifaqının dağılmasından sonra Gürcüstana geri qayıtma ehtimalları təkrar gündəmə gəlmişdi, hətta Avropa Şurası Gürcüstanın üzvlüyünü qəbul etmək üçün Axısqa türklərinin yurdlarına qayıtmasını şərt olaraq qarşıya qoymuşdu. Buna görə Gürcüstan müraciət edənlərin 10 %-inin yurdlarına qayıtmağına icazə verdi. Ancaq ora üzv olduqdan sonra verilən sözlər unuduldu. Sənədlərdə çatışmazlıqlar kimi bəhanələrlə müraciət haqqı verilmədi və ya etibarsız hesab edildi.
Bölgənin çox əhəmiyyətli xüsusiyyətləri vardır. Bu da Axısqa türklərinə nəyə görə qayıtmaq icazəsi verilmədiyinə dair yeni şübhələr oyadır. Məsələn, Axısqanın yerləşdiyi bölgə Bakı-Tbilisi-Ceyhan boru xəttinin üzərindədir. Bu baxımdan bölgə ətraf ölkələr üçün böyük əhəmiyyət daşıyır.
Geri qayıtma ilə bağlı həll edilməli olan bir çox məsələ var. Axısqa türklərinin yurdunda hazırda əksəriyyəti ermənilərdən olan əhali yaşayır və türklərin qayıtması 2-ci bir Qarabağ məsələsi meydana gətirə bilər.
70-ci il münasibətilə Axısqa türkləri haqqında bir çox ölkədə simpoziumlar, ictimai və mədəni tədbirlər keçirildi. Türkiyədə də ötən il vətənlərini ilk dəfə görən axısqalıların səfəri və yaşadıqları çətinliklər barədə sənədli film hazırlandı. Bunların hamısına gərək var və təbii ki, bu, belə problemləri gündəmdə saxlamaq və dünya ictimaiyyətini xəbərdar etmək baxımından mühümdür. Amma qəti həll yolu üçün işlər görmək lazımdır. Əsas olan tək bir ölkənin və ya tək bir bölgənin qurtuluşu üçün deyil, bütün ümmətin qurtuluşu, dincliyi üçün çalışmaqdır.
Axısqalılara ən böyük dəstək olan ölkələrdən biri hər nə qədər yetərli olmasa da, əlbəttə ki, Türkiyədir. Türkiyə nə qədər güclü zülmkarlar olursa-olsun, hansı qütbdə olursa olsun, heç bir fərq qoymadan məzlumları qorumağa davam edir və edəcək də.
Türkiyə din, dil və ya etnik baxımdan heç bir ayrı-seçkilik etmədən məzlumlara qarşılıqsız kömək əlini uzadır. Harada bir məzlum varsa, bilirlər ki, Türkiyə onların haqqını müdafiə edəcək və əlindən gələn hər cür maddi-mənəvi köməyi edəcək. Ancaq əlbəttə ki, dünyadakı bütün zülmü təkcə Türkiyə yox edə bilməz. Bunun üçün əvvəlcə inananlar birləşməli, güclərini birləşdirməlidirlər. Dünyada hazırda yaşanan sistemin əvəzinə sevgi, dostluq, sülh üzərində qurulan bir sistemi hakim etmək lazımdır. Yardımlaşmağın gözəlliyini, fədakarlığın əhəmiyyətini, eqoizmdən çəkinməyin zəruriliyini yaşamaq və yaşatmaq lazımdır.