Allah Tövratda yəhudilərə bütün sevgilərini Ona yönəltdikləri və yalnız Ondan qorxduqları zaman vədini yerinə yetirəcəyini bildirmişdir
“...Siz və övladlarınız Allah`ınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız, Allah`ınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq. Sizi səpələdiyi bütün xalqların arasından yenidən toplayacaq. Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allah`ınız Rəbb sizi oradan yığıb geri qaytaracaq. Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allah`ınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq. Allah`ınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allah`ınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız. Allah`ınız Rəbb bütün lənətləri sizə nifrət və zülm edən düşmənlərinizin üzərinə tökəcək. Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz. Onda Allah`ınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq. Bir şərtlə: Allah`ınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allah`ınız Rəbbə tərəf dönün.” (Qanunun təkrarı 30:2-10)
Allah`ın əmrlərinə itaət edəcəkləri təqdirdə yəhudilərə vəd olunan nemətlərin bir hissəsi
“...Allah`ınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq. Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız... Torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq. Səbət və xəmir təknələriniz bərəkətli olacaq. Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq... Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allah`ınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz... Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq... Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz...” (Qanunun təkrarı 28:2-14)
Allah sevgisini və qorxusunu unutduqları və Onun əmrlərinə tabe olmaqdan boyun qaçırdıqları zaman yəhudilərə vəd olunan əzablardan bir hissə
“Amma Allah`ınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək. Şəhərdə və çöldə lənət qazanacaqsınız... Rəbdən üz döndərib pislik etdiyinizə görə O, əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət tezliklə sizə ziyan vurub həlak edəcək... Bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.... Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq... Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz... Daima iztirab çəkəcək və əziləcəksiniz... Zəmiyə çox toxum səpib, az yığacaqsınız... Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək... Çünki Allah`ınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz... Ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qalacaqsınız... Allah`ınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız, Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək... Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allah`ınız Rəbbin sözünə qulaq asmadınız... Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək... Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək. Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq...” (Qanunun təkrarı 28:15-68)