Yaxın Şərqdə və müxtəlif Afrika ölkələrində davamlı baş verən müharibələr, münaqişələr və böhranlardan ən çox zərər çəkənlər qaçqınlardır. Suriya, İraq, Liviya, Yəmən və Əfqanıstandan, demək olar ki, bütün dünyaya səpələnən milyonlarla qaçqın var. Yüzlərlə ildir yaşadıqları ölkələri, doğma yerlərini tərk etmək məcburiyyətində qalan milyonlarla ərəb, müsəlman və ya xristian qaçqının faciəsi təxminən 15 ildir ki, dünyanın gündəmindədir. Həll edilməməsi problem olsa da, bu məzlum insanların yaşadıqlarının gündəmdə saxlanılması çox mühümdür. İkinci mühüm məsələ isə irqindən, dilindən və ya dinindən asılı olmayaraq, qaçqın probleminə olan yanaşmadır.
Yaxın Şərqdə bəzən müharibələr, bəzən də ayrı-seçkilik səbəbindən oxşar əzabı uzun müddətdir yaşayan başqa bir məzlum cəmiyyət də var. Lakin onlar nəinki gündəmdədir, bir neçə xəbər və araşdırmadan başqa, demək olar ki, heç adları da çəkilmir.
Bunlar Yaxın Şərqin unudulmuş və bilinməyən qaçqınları olan musəvilərdir.
II Dünya Müharibəsindən sonra ərəb ölkələrində yaşayan musəvilərin demək olar ki, hamısı vətənlərindən köçmək məcburiyyətində qaldılar. Maykl Qrinszpan tərəfindən bu faciənin qurbanlarının iştirakı ilə çəkilən "Unudulmuş qaçqınlar” (“The Forgotten Refugees") adlı sənədli filmdə mövzu ilə bağlı bir sıra maraqlı məlumatlar verilir:
-1945-ci ildə Fələstin mandatındakı torpaqlardan başqa Yaxın Şərqdə təqribən 1 MİLYON musəvi yaşayırdı. Çox qısa müddət ərzində onlardan yanlız BİR NEÇƏ MİNİ qaldı. Qahirə, Dəməşq və Bağdadın qədim musəvi məhəllələri bir vaxtlar çox canlı, həyat dolu olduqları halda, bu gün səssizdir.
- O dövrdə Misirdən qaça bilmiş Levana Zamir vəziyyəti belə ifadə etmişdir: "Bu gün Misirdə, bəlkə də, 20-30 nəfər yaşlı musəvilərdən başqasını tapa bilməzsiniz".
-1920-ci illərdə Yaxın Şərqin Nyu-Yorku sayılan Bağdadın əhalisinin 40%-i musəvi idi.
-1944-cü ildə Yəməndə 55.000, İraqda 150.000, Əlcəzairdə 140.000, Misirdə 80.000, Liviyada 38.000, Mərakeşdə 265.000, Tunisdə 105.000, İranda 100.000, Suriyada 27.000, Livanda da 5.666 musəvi yaşayırdı. Dövrümüzdə isə Mərakeş, Tunis və İrandakı bir neçə min musəvi, sadaladığımız digər ərəb ölkələrində isə onlarla musəvi var.
Musəvilər yüzlərlə ildir yaşadıqları bu torpaqlardan, ilk öncə, deportasiya edildilər. Daha sonra artan ictimai təzyiqlər, məhdudlaşdırıcı qanunlar, ayrı-seçkilik, zorakılıq, düşmənçilik və terror nəticəsində zaman keçdikcə ölkələrini tərk etməyə məcbur edildilər.
Bütün bu təzyiqlərə baxmayaraq, ata-babalarının yaşadığı torpaqlarda qalmağı seçən musəviləri həbs, edam, hücum və qətliamlarla dolu çətin günlər gözləyirdi. Artan ərəb millətçiliyi və İslam dünyasının bir çox yerində din adına hakim olan xurafat düşüncəsi musəvilərə qarşı kütləvi düşmənçiliyi qızışdırdı.
"Huffington Post" qəzetində Ron Prosor tərəfindən qələmə alınan “Orta Şərqin danışılmamış ən böyük hekayəsi" (“The Middle East’s Greatest Untold Story”) başlıqlı məqalədə bu düşmənçilikdən belə bəhs edilmişdir:
"Dövrün ərəb liderləri 1948-ci ildə İsrail dövlətinə qarşı müharibədə qalib gələ bilmədikdə öz ölkələrindəki musəvi cəmiyyətlərə qarşı terror, təxribat və sürgün siyasəti yeritməyə başladılar... Təşkilatları bombalandı, liderləri həbs edildi, əmlakları müsadirə edildi. Aralarında bir çox böyük sənətkar, musiqiçi və iş adamı da olmaqla İraqın 2.500 illik musəvi cəmiyyəti ölkəni tərk etdi. Oxşar mənzərələr region boyu - Misirdən Suriya, Liviya və Yəmənə qədər yaşandı... Yeni sərt qanunlar müsəvilərin ibadət etmək hüquqlarına mane oldu və xüsusi vəsiqə daşımağa məcbur edildilər. Milyardlarla dollarlıq mülkləri və əmlakları müsadirə edildi. Ərəb ölkələrində müsadirə edilən musəvi əraziləri 40 min kvadrat mil (red. 1 mil=1.60 km), yəni İsrail torpaqlarının təxminən 5 qatı idi".
Keçmiş səfir və tarixçi Maykl Oren də "Müharibənin altı günü " (“Six Days of War”) adlı kitabında oxşar musəvi düşmənçiliyindən bəhs etmişdir:
"Quldur dəstələri Misir, Yəmən, Livan, Tunis və Mərakeşdə musəvi məhəllələrinə hücum edib sinaqoqları yandırdılar. Tripolidəki bir qətliamda 18 musəvi öldü, 25-i yaralandı. Sağ qalanlar təcridxanalara aparıldı. Misirdəki 4 min musəvidən aralarında Qahirə və İskəndəriyyə baş keşişi olan 800 nəfər həbs edildi, əmlakları müsadirə edildi. Dəməşq və Bağdadın köhnə cəmiyyət üzvləri ev dustağı edildilər. Liderləri həbs edildi. Bəziləri sadəcə çiyin çantasını götürmüş 7 min musəvi deportasiya edildi". (Six Days of War, Michael Oren, 2002, pp. 306-307)
Bunlar bəhs edilən ölkələrdə baş vermiş minlərlə utancverici hadisədən yalnız bir neçəsidir.
Bu gün Yaxın Şərq və Şimali Afrika dedikdə ilk ağıla gələnlər ərəblər və müsəlmanlardır. Ancaq bu ərazilərin, əslində, musəvilərin də minlərlə illik ata-baba yurdu olduğunu, onların minlərlə illik mədəniyyətinin izlərinin, əsərlərinin olduğunu bugünkü nəsillərin əksəriyyətinin xəbəri yoxdur.
Məsələn, Mizrahim musəviləri təxminən 4000 ildir ki, bölgəni heç vaxt tərk etməmiş yerli xalq kimi Yaxın Şərq və Şimali Afrikada yaşayırlar. E.ə. 586-cı ildə babillilərin İsrail torpaqlarını ələ keçirməsi ilə qonşu ölkələrə sürgün edilən musəvilərin böyük hissəsi də bugünkü İraq, İran, Suriya, Misir, Yəmən kimi ölkələrdə məskunlaşaraq minlərlə il boyunca yaşamışlar.
Bu mənada musəvilər bölgəyə ərəblərdən də əsrlər əvvəl gəlib məskunlaşmışlar. Buna görə də bölgənin ən az ərəblər qədər yerli xalqı sayılan musəviləri əcdadlarının yaşadıqları bu torpaqlardan sürgün etməyin heç bir hüquqi, dini və vicdani tərəfi ola bilməz. Onlara əziyyət verməyin, alçaltmağın, öldürməyin, ibadətlərinə mane olmağın, sinaqoqlarını yandırmağın isə İslam, Quran və insanlıqla heç bir əlaqəsi yoxdur. Hətta bunlar Qurana tamamilə zidd və ayələrdə pislənən hərəkətlərdir.
Quranda musəvilərə yaxşılıq edilməsi və ədalətli davranılması əmr edilir (60/8). İçlərindən yaxşılıq edənlər üçün qorxu və kədər olmayacağı bildirilir (5/69). Əmanətlərini qoruyan, Allaha dərin hörmət bəsləyən imanlı, səmimi dindarlar bəyənilir (3/199). Yeməklərini yemək, qızları ilə evlənmək müsəlmanlara halal buyurulur. (5/5). İbadət yerləri Allah tərəfindən mühafizə edilir (22/40), inanc və ibadətlərində azadlıq verilir (29/46). Beləliklə, yuxarıda sadaladığımız zülm, düşmənçilik və azğınlıqları İslama aid etmək böyük zülm və böhtan olar.
Musəvi cəmiyyətindən nümunə verərək bəhs etdiyimiz bütün zülm və haqsızlıqlar Qurandan tamamilə uzaq xurafatçı təfəkkürün və Quranın lənətlədiyi irqçiliyin çirkin nəticələridir. Hər kim olursa olsun, insanların hüquq və azadlıqlarını əldə etmələri, zülm və haqsızlığa məruz qalmamaları üçün bu və digər azğınlıqların mənşəyi olan radikalizm və fanatizmə qarşı Quranla elmi mübarizə aparılmalıdır. Hansı din, dil və ya irqdən olmasından asılı olmayaraq, bütün məzlumların zülmünə mane olacaq bu ideoloji mübarizə Quranı rəhbər tutan səmimi müsəlmanların və əlbəttə ki, bütün inananların üzərinə düşən çox mühüm vəzifədir.
Adnan Oktarın “The Jakarta Post”da yayımlanan məqaləsi:
http://www.thejakartapost.com/news/2017/07/28/the-unspoken-mideast-refugees-jews.html