Xoşbəxtliyin sirri
ucgen

Xoşbəxtliyin sirri

2399

Xoşbəxtlik anlayışı haqqında ən çox danışılan dövrlərdən birini yaşayırıq. Dünyanın harasında olursa-olsun, hər bir insan xoşbəxt olmaq istəyir. Halbuki böyük əksəriyyətin bitmək bilməyən dərdləri, çətinlikləri var. Hər kəs nələrdənsə şikayətçidir. Xoşbəxt olmayan insanlar artdıqca terapistlərin, psixoloqların da sayı artır. Xoşbəxtliyin sirrini açıqladığını iddia edən kitablar bütün dünyada ən çox satılanlar siyahısındadır.

 

Dövrümüzdə insanlar sıxıntılarından azacıq da olsa uzaqlaşmaq üçün dörd əllə texniki imkanlara sarılırlar. Musiqi, rəqs, idman, müxtəlif sənət sahələri, televiziya və kino ilə yanaşı, yeni əyləncə növləri, kompüter oyunları, internet, kütləvi informasiya vasitələri, konsertlər, festivallar, müsabiqələr xoşbəxtliyi axtaran kütlələri arxasınca sürükləyir. Hər biri insanların xoş vaxt keçirmələrini təmin etmək, onları əyləndirmək üçün daim yenilənir, inkişaf etdirilir, genişləndirilir.

 

Bütün bunlara baxmayaraq, insanlar xoşbəxt deyil. Üzləri solğun və yorğun, baxışları düşüncəli və qayğılıdır. Bəziləri maddi çatışmazlıqlar içərisində, bəziləri isə xəstəliyi, şəxsi və ya ailəvi problemləri ilə mübarizə aparır. Bəzilərinin borcu var, bəziləri istədiyi həyat şəraitini əldə edə bilmədiyi, bəziləri istədiyi paltarı, və ya yeməyi ala bilmədiyi üçün depressiyadadır. Bəziləri ay sonunu necə gətirəcəyini, bəziləri övladlarının gələcəyini necə təmin edəcəyini düşünür. Bəziləri qocaldığı üçün bədbin, bəziləri gənc olduğu halda, özünü ümidsiz hiss edir.

 

İntihar göstəricilərinə baxdıqda isə dünyanın içində olduğu narahatlıq verici vəziyyət daha da aydınlaşır. Dünya Səhiyyə Təşkilatının son hesabatına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində həyatını itirir. Digər bir ifadə ilə hər 40 saniyədə bir insan intihar edir. Təşkilat ruhi sağlamlıq pozuntularının getdikcə çoxaldığını bildirir. Təşkilatın digər bir təsbiti də odur ki, intiharlar gənc ölümlərində ikinci səbəbdir. Məsələn, hər il 40 min nəfərin intihar etdiyi ABŞ-da gənclər arasında intihar sıxlığının son illərdə nəzərə çarpacaq səviyyədə artdığı ifadə edilir.

 

Xoşbəxt ola bilməmək bəlası təkcə yeniyetmələri və gəncləri deyil, uşaqları da bürüyüb. Araşdırmalar hər iki uşaqdan birinin xoşbəxt olmadığını ortaya qoyur. Almaniya, İngiltərə, ABŞ bu təhlükəni hiss edən və tədris planlarına "xoşbəxtlik" dərsi əlavə edən ölkələr arasındadır.

 

Bəs bütün dünyanı əhatə edən bu bədbinlik qasırğasının mənbəyi nədir?

 

Bədbinliyin mənbəyi əsasən maddi səbəblərdə axtarılır. İqtisadi problemlər və itkilər, işsizlik, uğursuzluq, xəyal qırıqlıqları, təhqir, alçaltma, ailə daxili münaqişələr, ailədən, ya da yaxın ətrafdan birini itirmək, xəstəlik, tənhalıq kimi problemlər bədbəxtliyin əsas səbəbləri olaraq görülür. Halbuki insanı bədbinliyə və ümidsizliyə sürükləyən gerçək səbəb bunların heç biri deyil. Belə ki, heç bir iqtisadi çətinliyi olmayan və hər cür dünyəvi imkana malik olan bir çox insan bədbəxt olduqlarını dilə gətirir, içinə düşdükləri boşluqdan xilas olmaq üçün narkotik və ya alkoqol aludəçisi olur, bəziləri daha da irəli gedərək intiharlarla həyatlarına son qoyurlar.

 

Həqiqət budur ki, bədbinliyin yeganə səbəbi var, o da ruhdakı mənəvi boşluqdur. Tarix boyu xoşbəxt ola bilməyən insanların bütün sıxıntılarının ardında yalnız bu həqiqət var. Mənəviyyat xoşbəxtliyin yeganə şərtidir. İnsanların bir qismi isə maddiyyatla, ya da hədəf kimi müəyyən etdikləri ideallara çatmaqla xoşbəxtliyi əldə edəcəklərini zənn edirlər. Halbuki istədikləri qədər maddi imkan əldə etsələr də, mənəviyyatları güclü olmadığı təqdirdə ən kiçik bir çətinlik anında ümidsiz və bədbin ruh halına bürünüb yaşamaq  sevinclərini itirirlər.

 

Mənəviyyatın yolu isə bütün bu kainatı yaradan, canlı-cansız hər şeyi var edən və insanlara ən gözəl, ən doğru və ən rahat necə yaşaya biləcəyini ayələri ilə xəbər verən Allahın sonsuz ağlına təslim olmaqdan keçir. Belə ki, insanı xoşbəxt edəcək tək şey onu yaradan, hər an onu eşidən, görən, dua edəndə duasına qarşılıq verən Yaradıcısını çox sevmək, Onun təyin etdiyi qədərə qəlbən təslim olmuş şəkildə yaşamaqdır. Allahın yaratdığı dünyada Allahdan uzaq və xəbərsiz yaşamağın insana ancaq bədbəxtlik və fəlakət gətirəcəyi çox açıq bir həqiqətdir.

 

Ətrafımızdakı hər şeyin bir məqsədi var. Dənizlərin, göllərin, dənizlərin, göyün, ulduzların, dağların, ağacların, bitkilərin, ağacların, heyvanların, meyvələrin, tərəvəzlərin. Gözümüzlə gördüyümüz və görmədiyimiz hər şeyin yaradılmasında xeyir və hikmət var. Hamısında insanların bu dünyada rahat yaşaması üçün müxtəlif xüsusiyyətlər var. Allahın yaratdığı bu gözəlliklərə vicdanı ilə baxan insanın qəlbi şahid olduğu sonsuz sənət və ehtişam qarşısında eşqlə, məhəbbətlə və mənəvi duyğularla dolub daşar. Ətrafındakı hər şey kimi, qədərdə yaradılan hər bir hadisənin də Allah tərəfindən xeyir və hikmətlə yaradıldığını bilər. Dolayısilə heç bir şey onu bədbəxtliyə, pessimizmə və ümidsizliyə aparmaz. Bütün mal-mülkünü itirsə, dostu olan Allahın özünə başqa xeyirlər verəcəyini bilər, qocalsa, xəstələnsə, sağlamlığını itirsə, səbir edib, səbri qarşılığında da böyük savab qazanacağını ümid edər. Sevdiyi bir insanı itirsə, onun Allahın Dərgahına, axirətə getdiyini, Allahın sonsuz qorumasında olduğunu düşünər, kədərlənməz. Çox istədiyi bir şeyi əldə edə bilmirsə, Allaha daha çox, daha içdən dua edər. Bir sözlə, bu dünya həyatında onu bədbəxt edəcək heç bir şey yoxdur.

 

Bu dünyada xoşbəxtliyin yeganə sirri, bizə saysız-hesabsız gözəlliklər bəxş edən Rəbbimizə bütün mənliyimizlə yönəlməkdir. Allah insanlara saymaqla bitirə bilməyəcəkləri qədər çox nemət verdiyi halda, insanların Ona üz tutmamaları və Ona təşəkkür etməməsi, dünyaya bədbəxtliyi gətirən tək səbəbdir.

 

Bu səbəbdən xoşbəxt olmayan insanlar həll yolunu imanda axtarmalıdırlar. Allahın insana verdiyi gözlər, qulaqlar və qəlb ancaq yaradılış məqsədinə uyğun istifadə edildikdə rahatlığa çatır. Gözlər Allahın təcəllisi olduğunu unudaraq ətrafa baxsa, qulaqlar eşitdiyi səslərdə Allahı yada salmasa, ürəklər Allah eşqi ilə döyünməsə xoşbəxt ola bilməz. Xoşbəxtlik axtaranlar bilməlidirlər ki, onları xoşbəxt edəcək olan yalnız Allah və Onun sevgisidir.

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr