Yola düşdükləri gecənin tarixdə iz qoyacağını ağıllarına belə gətirmirdilər. Onların tək məqsədi dinlərini azad yaşamaq, uşaqlarına istədikləri adı vermək, ata-babalarından öyrəndikləri adət-ənənələri nəvələrinə çatdırmaq idi. Lakin uzun illər xidmət etdikləri və vətən kimi seçib yaşadıqları bu torpaqlar artıq onları qəbul etmirdi.
Həmin gecəki köçlə dünyanın hər tərəfinə səpələndilər. İki yüz min insanın bir qismi Şimali Afrikaya, Məğribə doğru üz tutdu. Bəziləri Portuqaliyaya, bəziləri isə Hollandiya və İngiltərəyə, hətta Skandinaviyaya köç etdilər. Lakin umduqları azadlığı əldə edə bilmədilər. Portuqaliyaya gedənlər 5 il sonra daha böyük əzablara mübtəla oldular. Şimali Afrikaya üz tutanların əksəriyyəti isə çöllərdə vəhşi heyvanların hücumları, çətin iqlim şəraiti nəticəsində can verdi. Bu xəbəri eşitdikləri vaxt daha gözəl həyata qovuşacaqlarını güman etmişdilər. Onlara qucaq açan, dillərinə, dinlərinə, adət-ənənələrinə heç bir müdaxilə etmədən ölkəsində yaşamaq hüququ bəxş edən bir dövlət vardı. Ancaq uzaq idi. Özbaşına hərəkət etsəydilər aqibətləri Afrikaya köç edənlərlə eyni ola bilərdi. Ancaq belə olmadı, limanda gəmilər onları gözləyirdi. Kamal Rəisin başçılıq etdiyi Osmanlı donanmasına aid gəmilər zülmdən qaçan bu insanları da götürərək türk torpaqlarına doğru yelkən açdı.
Bir tərəfdə pullarını, mallarını əllərindən alaraq ölkəsindən qovan Araqon kralı II Ferdinand, digər tərəfdə isə bu biçarə insanlara qucaq açan Sultan II Bəyazid vardı. Sultan II Bəyazid fərman verərək Osmanlı torpaqlarına köçən yəhudilərin rahat yaşaması üçün tədbirlər gördü.
Yəhudi immiqrantlar başda İstanbul, Ədirnə və Selamik olmaqla İzmir, Manisa, Bursa, Gelibolu, Amasya, Patros, Korfu, Larissa və Monastırda yerləşdirildilər. Bununla yəhudilər türk tarixində özlərinə məxsus yer tutdular.
Osmanlı dövləti bu səmimi və bacarıqlı insanları mehribanlıqla qarşıladı, hakimiyyətin ən yüksək vəzifələrini onlara tapşırdı. Padşahlar yəhudilərə o qədər güvənirdilər ki, canlarını belə onlara təslim edirdilər. Moşe Hamon adlı yəhudi II Bəyazidin və Yavuz Sultan Səlimin şəxsi həkimi idi. Nəvəsi Moşe Hamon isə dövrünün ən qüdrətli hökmdarı Qanuni Sultan Süleymanın şəxsi həkimi olmuşdur.
Yəhudilər də onlara etimad edən, canlarını, mühüm vəzifələri tapşıran Osmanlı padşahlarına tarix boyu sədaqətlərini göstərmiş və xarici siyasətlərində də daima ölkə maraqlarını güdən fəaliyyət nümayiş etdirmişlər.
Don Jozef Nasi, Salomon Ben Naton Eskenazi, Salomon Aben Yaeş, Ester Kira, David Passi, Şlomo Alkabes, Jozef Ben Efraim Koro, Yaakov Berav kimi yəhudilər İstanbulda ilk mətbəəni qurmaqla Osmanlı tarixinə adlarını yazdırdılar.
Tarix boyu müsəlman dövləti olan Osmanlı imperiyasındakı yəhudilər Avropa dövlətlərindəki yəhudilərlə sülh, əmin-amanlıq və dostluq içində yaşamışlar. Eyni zamanda türk torpaqlarında yaşayan yəhudilər Osmanlı imperiyasının maraqlarını qoruyub saxlamışlar.
Osmanlının tənəzzülü və Türkiyə Cümhuriyyətinin qurulması türklərin yəhudilərə münasibətini dəyişmədi. Müasir Türkiyənin memarı Mustafa Kamal Atatürk nasist Almaniyasının məşhur yəhudi alimlərinin Türkiyəyə gəlmələrinə və elmi fəaliyyətlərini türk universitetlərində davam etdirmələrinə izin vermişdi.
İkinci Dünya Müharibəsi dövründə Paris səfiri Behiç Erkin, Paris baş konsulu Cevdet Dülger, Paris konsul müavini Namik Kamal Yolqa, Marsilya konsulu Necdet Kent kimi türk diplomatlar yəhudilər üçün mühüm şəxsiyyətlər olmuşlar. Bu insanlar nasist işğalı altında olan ölkələrdə türk əsilli yəhudiləri faşizm qəddarlığından xilas edə bilmişlər. Təkcə türk əsillilərlə kifayətlənməmiş, fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyini pozaraq başqa millətlərdən olan yəhudiləri də faşizm zülmündən xilas etməyə müvəffəq olmuşlar. 1990-cı il 26 iyun tarixində Qüdsdəki Soyqırım (Holocaust) institutu və muzeyi Yad Vashem tərəfindən təşkil edilən təntənəli mərasimdə türk diplomat Selahattin Ülkümen “Beynəlxalq Dürüst” (Righteous Gentile = Hassid Umot ha-Olam) ünvanı ilə təltif edilmişdir.
Hazırda Türkiyə torpaqlarında yaşayan yəhudilərin sayı keçmişə nəzərən çox azdır. Ancaq türk millətinin bu dəyərli insanlara sevgisi və hörməti əsla azalmamışdır.
Bu gün Türkiyə-İsrail münasibətləri sürətlə inkişaf edir və hər iki dövlət aralarındakı kiçik problemlərin həlli üçün ciddi səy göstərirlər. Xatırladaq ki, tarix boyu Türkiyə və İsrail dövlətləri dostluq, həmrəylik münasibətlərinə ən gözəl nümunə olmuşlar. Eyni zamanda Türkiyə və İsrail bölgənin iki güclü dövləti və real müttəfiqidir. Türkiyə hökuməti İsrail xalqına qarşı səhv addım atmaz. Türklərlə yəhudilərin dostluğu, 1492-ci ildə olduğu kimi, çətin gün dostluğudur və kənar müdaxilələr bu dostluğu zədələyə bilməz.
Adnan Oktarın YNet News'da yayımlanan məqaləsi: